Uzun illərdən bəri ictimai dəstəyini xalqdan, cəmiyyətdən almaq əvəzinə Qərbdəki anti-Azərbaycan dairələrə, onların nəzarətində olan mərkəzlərə köləlik edən, erməni lobbisinə yaxınlığı ilə tanınan fondlardan yemlənən marginallar, başda AXCP sədri Əli Kərimli, “Milli Şura” adlı antimilli qurumun rəhbəri Cəmil Həsənli olmaqla ölkəmizi, milli maraqlarımızı hədəf almaq üçün yalan, böhtan, qaralama sürətini yenidən yığıblar.
Milli maraqlarımıza qənim kəsilən antimilli ünsürlərin əsas məqsədi Qərb dairələrindən aldıqları sifarişlər əsasında Azərbaycanın beynəlxalq aləmdəki imicinə kölgə salmaq, ölkəmizin inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırlması istiqamətində atılan addımları qaralamaq, populist çıxışları, boş vədləri ilə ictimai rəyi yanlış istiqamətə yönləndiməkdir. Ancaq mənəvi deqradasiyaya uğrayan, siyasi tükənmişlik sindromu ilə üz-üzə qalan, şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu pozucu, inkarçı zümrənin üzvləri unudurlar ki, ötən əsrin 90-cı illərindən fərqli olaraq bu gün cəmiyyəti boş vədlərlə, çılğın çağırışlarla, populizmlə siyasi avantüralara cəlb etmək mümkün deyil. Bu gün cəmiyyətimiz kifayət qədər yetkindir və bütün prosesləri təhlil edərək məntiqi nəticəyə gəlmək qabiliyyətindədir.
Radikal müxalifət düşərgəsinin nimdaş, könhə təfəkkürlü, yeniləşməyi bacarmayan “liderlər”indən olan AXCP sədri Əli Kərimlinin son zamanlar, xüsusilə həm COP-29 ərəfəsində, həm də Bakıda bu mötəbər tədbirin davam etdiyi günlərdə sosial şəbəkələrdəki antimilli çıxışlarının, ikrahdoğurucu monoloqlarının təhlili onun Azərbaycan əleyhdarlarından aldığı tapşırıqları yerinə yetirdiyinə şübhə yeri qoymur.
Milli mənlik şüurundan məhrum olan, mənsəbpərəst, psevdodemokrat Ə.Kərimli və onun qaragüruhçu dəstəsi əvvəllər olduğuğu kimi, bu gün də ölkəmizdə baş verən təbii fəlakət, fövqəladə hallar, qəzalar zamanı sosial şəbəkələrdə, necə deyərlər, meydan sulayaraq ağalarından aldıqları sifarişlər əsasında feyk xəbər və yorumlarla ictimai rəyi çaşdırmaqla, siyasi beyinyumaqla məşğul olaraq, “ya zəlzələdən, ya vəlvələdən fərqi yoxdur” prinsipi ilə ləbbeyk gedərək mənəviyyatsızcasına siyasi manipulyasiya ilə məşğul olurlar. Nəinki ictimaiyyətdə, hətta təmsil olunduğu dağıdıcı müxaliət düşərgəsində öz çirkin məqsədlərini həayata keçirmək üçün göbbelsvari böhtan, şantaj və “ağ yalanlar”dan çəkinməyən manipulyator kimi tanınan Ə.Kərimlinin bu günlərdə sosial şəbəkələrdə yayımladığı “Təyyarəmizin vurulmasının araşdırılmasına ABŞ, Aİ və Türkiyə müstəntiqlərini buraxmayan kimdir?” başlıqlı cəfəngiyyatı dediklərimizin əyani təsdiqdir. Həşəmətli “baş cəbhəçi” yazır: “Bizim situasiyada isə nəinki vurulmuş təyyarədə öldürülən insanların əksəriyyəti azərbaycanlılardır, üstəlik vurulan təyyarə də Azərbaycan dövlətinə məxsusdur. Ona görə də məhz Azərbaycan hakimiyyəti, şəxsən İlham Əliyev beynəlxalq istintaq komissiyasının yaradılmasına təkid etməli, digər tərəflərin razılığı olmayacağı təqdirdə isə Niderlandın etdiyi kimi, özü belə bir istintaq komissiyasını yaratmalıdır...”
Həqiqətən heyrətedicidir. Nə qədər savadsış, riyakar, anvantürist olmaq olar? Qara-qura niyyətlərini ağ yalanlarla ört-basdır etmək, riyakarlıq, populizm ustası olan Ə.Kərimli “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış təyyarə ilə bağlı ölkəmizin başçısının qətiyyətli mövqeyini, məsələ ilə əlaqədar həyata keçirdiyi tədbirləri, bu işin sonuna qədər gediləcəyi ilə bağlı verdiyi açıqlamaları çox yaxşı bilir.
Reallıq odur ki, Ə.Kərimli öz xislətinə sadiq qalaraq, özünü karlığa, korluğa qoyaraq üzləşdiyimiz bu faciədən, insanların iztirabından çirkin məqsədləri üçün istifadə etmək üçün min bir oyundan çıxır. Ancaq AXCP sədri unutmamalıdır ki, bütün bunlar heç bir nəticə verməyəcək. Dövlətimizin başçısının qətiyyəti, prinsipiallığı sayəsində həqiqət öz yerini tapacaq, günahkarlar heç bir halda ədalətdən yayına bilməyəcəklər. Dövlətimizin başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bütün bunları bir daha bəyan etdi. Ölkə başçısı bildirdi ki, baş verənlər bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Belə ki, mülki təyyarə üçün orada üçüşun təhlükəli olduğunu ifadə edən “xalça planını” öncədən tətbiq etməyiblər, radioelektron mübarizə vasitələri ilə təyyarəmizi idarəolunmaz hala salıblar. Təyyarəni yerdən vurublar.Vurulmuş zədəli təyyarəni yaxın limanlara yox, dənizüstü uçuş limanına yönəldiblər ki, dənizə düşsün.
Hadisənin ilkin səbəbi kimi “quş dəstəsi və oksigen balonu” versiyalarını şüurlu şəkildə ictimailəşdiriblər.
Prezidentimiz, həmçinin bildirib ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi və AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü: “Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır”.
Aydın oldumu, həşəmətli Ə.Kərimli “bəy”! Bəsirət gözlərini aç. Kar qulaqlarını aç, yaxşı-yaxşı eşit! Nədir məsələ? Yoxsa sərf eləmir? Aydındır ki, sən bütün bunları bilirsən, həm də çox-çox yaxşı bilirsən. Ancaq öz xəbis xislətinə sadiqlik nümayiş etdirərək həqiqətləri inkar edirsən. Çünki yenə də öz ampuluanda və fiaskoya gedən yoldasan. Siyasi səhnədə iflasa uğrayan Ə.Kərimli kimi avantüristlərdən bunlardan başqa nəsə gözləmək səhrada çiçək axtamaq kimi bir şeydir...
Zahid Rza, “İki sahil”