10 yanvar 2025 01:58
135

Mirzoyanın ağappaq yalanları

Havadarlarının diktəsi ilə oturub-duran Ermənistan Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etmək əvəzinə müxtəlif beynəlxalq platformalarda, eləcə də bu və digər tədbirlərdə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə davam edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanat verib. O, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışıb.  Bəri başdan qeyd edək ki, Qərbi azərbaycanlıların qayıdışı beynəlxalq hüquqa tam uyğundur, bu, sadəcə ərazi deyil, insan haqları məsələsidir. Yəni, burada heç bir tarixi ərazi iddiasından söhbət getmir. Haylar da yaxşı bilirlər ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası dinc məramlıdır, heç bir halda təcavüzkar niyyətə söykənmir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın heç bir dövlətə, o cümlədən təcavüzkar ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur. Əksinə,  Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Hətta bu fakt həmin ölkənin konstitusiyasında da əksini tapıb. Şübhəsiz, milçəkdən fil düzəltməklə məşğul olan Mirzoyanın bu gedişi hər şeydən əvvəl təcavüzkar ölkənin Qərbi azərbaycanlıların beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdindən başqa bir şey deyil.

Ararat Mirzoyan utanıb-qızarmadan azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və sonuncu departasiya zamanı onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar da səsləndirib. Halbuki, soydaşlarımızın deportasiyalar zamanı zorakılıqlara, soyqırımlarına məruz qalmaları ilə bağlı kifayət qədər tutarlı faktlar var. Təkcə bir faktı xatırladaq, 1987-1991-ci illərdə Ermənistanda etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlı  qətlə yetirilib. Şübhəsiz, bu cinayətlərin kökündə Ermənistanın siyasi mühitində dərin kök salmış irqçilik dayanır. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı bunu bir daha sübut edir. Bu çıxışında Ter-Petrosyan azərbaycanlıların Ermənistandan və işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizlənməsini, daha doğrusu, erməni vəhşiliklərini  "tarixi nailiyyət" kimi təsvir edib.

Mirzoyanın “kompensasiya ödənilməsi” sayıqlamasına gəldikdə, Qərbi Azərbaycan İcmasının bu məsələ ilə bağlı açıqlamasında bildirildiyi kimi, kompensasiya hüquq pozuntusunun və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər yüz minlərlə insanın cəmi iki həftə ərzində öz evlərini qışın soyuğunda kütləvi şəkildə həqiqətən könüllü şəkildə tərk edibsə, onda onlara niyə “təzminat” təklif edilib? A.Mirzoyanın açıqlaması bir daha onu göstərir ki, haylar Azərbaycan xalqına nifrətdən əl çəkə bilmir və bu, onların “demokratiya”, “insan hüquqları” barədə yalandan səsləndirdikləri fikirlərlə tam ziddiyyət təşkil edir.

Bir məqamı da vurğulayaq, 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi, həmçinin 2023-cü ildə lokal xarakterli antiterror tədbiri Qarabağdan və Şərqi Zəngəzurdan haylar tərəfindən qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaradlb. Artıq Böyük Qayıdış Proqramı çərçivəsində 10 mindən çox insan doğma ocağına qayıdıb.  Təəssüf ki, Qərbi Azərbaycandan - Ermənistandan qaçqın düşmüş soydaşlarımızın qayıdış hüquqları hələ də təmin olunmayıb. Hayastan da onların doğma yurdlarına qayıdışına məhəl qoymur. Hətta  Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırsa da qarşı tərəf bundan imtina edib. Bu isə o deməkdir ki, Nikol Paşinyan da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına imkan verməməklə, öz sələflərinin, yəni faşist Qaregin Njdeyə sadiqliyi ilə seçilən Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın irqçi siyasətini davam etdirir. Halbuki, Paşinyan insan hüquqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşmalı və yurd-yuvalarından  qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir.

Paşinyan unutmasın ki, Qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpası rəsmi Bakının xarici siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, biz o yerlərə qayıdacağıq, lakin Qarabağdan fərqli olaraq Qərbi Azərbaycana tank və topla deyil, sülh yolu ilə qayıdacağıq. Dövlətimizin başçısı 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bir daha bu məsələyə toxunub və əminliklə bildirib: “Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.”

Qvami Məhəbbətoğlu, “İki sahil”