28 sentyabr 2017 18:58
689

Xəzərdəki neft layihələrində birgə əməkdaşlıq müzakirə olunub

SOCAR ilə İranın KEPCO şirkəti Xəzərdəki neft layihələrində  birgə əməkdaşlığı müzakirə ediblər

SOCAR ilə İran İslam Respublikasının Xəzər Kəşfiyyat və Hasilat şirkəti (KEPCO) (Khazar Exploration and Production Company – KEPCO) Xəzər dənizindəki neft layihələrində birgə əməkdaşlığı müzakirə ediblər.

AZƏRTAC “shana.ir” saytına istinadla xəbər verir ki, KEPCO-nun idarə heyətinin rəhbəri Mohsen Delavizin Bakıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşündə regionda enerji layihələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə M.Delaviz deyib ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin enerji sektorunda əməkdaşlıq üçün geniş imkanları var və bu, iki ölkə üçün iqtisadi tərəqqiyə səbəb ola bilər.

Onun sözlərinə görə, iki ölkə Xəzər dənizində neft layihələrində əməkdaşlıq etməyə hazırdır və iki şirkət arasında danışıqlar davam etdiriləcək.

Xatırladaq ki, 2014-cü ilin avqustunda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi mütəxəssislər qrupunun İrana səfəri çərçivəsində KEPCO ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədilə vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilib.