12 yanvar 2025 12:08
86

Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı çox önəmli bir mesaj verdi. O qeyd etdi ki, həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir. Eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir.

Cənab İlham Əliyevin bu fikirlərində diqqət çəkən iki əsas məqam vardır. Birincisi sözügedən 3 iqtisadi rayonun vahid konsepsiya halında inkişaf etməsi, ikincisi isə həmin ərazilərin iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi nəzərindən vahid böyük məkana çevrilməsi.
3 iqtisadi rayonun vahid konsepsiya halında inkişaf etməsi ilə əlaqədar qeyd etmək lazımdır ki, respublikamızın bütün bölgələrində bərpa-quruculuq işləri gedir, Dövlət Proqramları, xüsusi layihələr icra olunur. Üç iqtisadi rayonun vahid konsepsiya ilə inkişafı dedikdə, bunların qarşılıqlı əlaqədə inkişafı nəzərdə tutulur. Zəngəzur dəhlizi açıldıqdan sonra bu regionlar həm ölkə iqtisadiyyatı üçün, həm region, həm də türk dünyası üçün əhəmiyyətli rol oynayacaqdır. 

Bu regionların xüsusi iqtisadi, sosial və siyasi əhəmiyyətini nəzərə alan ölkə başıçısı yalnız sözügedən regionlarda xüsusi idarəetmə növü – Səlahiyyətli və Xüsusi Nümayəndəlik İnstitutları yaradıb. Daha çevik və şəfaf idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə səlahiyyətli və xüsusi nümayəndələrin təyin olunması regionlarda Dövlət Proqramları, xüsusi iqtisadi və sosial yönümlü layihələr uğurla icra olunmasına səbəb olmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi və Qarabağ, Şərqi Zəngəzura aid rayonlarında fəaliyyət göstərən xüsusi nümayəndələr cənab prezidentin sosial-iqtisadi inkişaf strategiyasını regionlarda tətbiq edir. 

Prezident İlham Əliyevin təsdiq etdiyi 2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bölgənin hərtərəfli inkişafını hədəfləyir. Bu proqram infrastruktur, sənaye, kənd təsərrüfatı, turizm və sosial sahələrdə mühüm addımlar atılması üçün konkret addımların cəmidir. Bu Dövlət Proqramı ölkə tarixində əhatəsinə, nəzərdə tutulan büdcəsinə görə ən böyük dövlət proqramlarından biridir. Bu Dövlət Proqramının icrası nəzərdə tutulan böyük perspektivdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ birlikdə vahid konsepsiya əsasında inkişaf edəcəyinin anonsunu verdi. Bu hazırda icra olunan dövlət proqramından sonra bu 3 iqtisadi rayonu əhatə edən daha böyk perspektivlərin olacağına zəmin yaradır.

Üç regionun iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi nəzərindən vahid böyük məkana çevrilməsi istiqamətində əhəmiyyətli işlər icra olunur. Əvvəldən görülən işlərlə yanaşı təkcə 2024-cü ilin son ayında Prezident İlham Əliyev tərəfindən Muxtar Respublikanın bu yöndə inkişafına ciddi tövhə verəcək iki mühüm qərar oldu: Naxçıvan Muxtar Respublikasında yeni Sənaye Parkının yaradılması və Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının tikintisi. Hər iki qərar maliyyə yükünə, ölkə iqtisadiyyatına olan qatqısına görə xüsusi vurğulanmalıdır.

Naxçıvan Muxtar Respublikasında yeni yaradılması nəzərdə tutulan Sənaye Parkı bölgənin sənaye potensialının artırılmasını, yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi daşıyır. Sənaye parkları, həmçinin yerli istehsalın artırılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bu Sənaye Parkı xüsusilə kiçik və orta biznesin inkişafına tövhə verəcək, sosial rifahın yaxşılaşmasına  dəstək verəcək və bölgənin iqtisadiyyatının şaxələndirilməsini təmin edəcəkdir. Uzun illər blokada şəraitində qalmaq Naxçıvana təbii ki, müəyyən çətinliklər yaratmışdır. Amma eyni zamanda muxtar respublikanın İran və Türkiyə üzərindən beynəlxalq bazarlara çıxışı Sənaye Parkında yaradılacaq müəssisələri ciddi imkanlarla təmin edə bilər. Zəngəzur dəhlizi açıldıqdan sonra Muxtar Respublika Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ilə daha sürətli inteqrasiya edəcəkdir.
Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının birlikdə vahid konsepsiya əsasında inkişafı üçün Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının tikintisi ciddi tövhədir. Ehtimal olunan qiymətinə görə bu, muxtar respublikada icra olunan ən irihəcmli layihədir. İstilik Elektrik Stansiyasının iki əsas faydası olacaqdır. Birincisi, muxtar respublikanın enerji dayanıqlığı tam təmin olunacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaqdır. İkinci əsas məsələ isə ondan ibarətdir ki, muxtar respublikada alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq. Bu, muxtar respunlikanın enerji ixracını təmin etmək üçün birbaşa dəstəkdir. İxrac olunması nəzərdə tutulan enerjini çaylarda suların az olduğu, günəşli saatların olmadığı dövrdə enerjini təmin etməkdə əvəzolunmaz rol oynayacaqdır.
Naxçıvan, Qarabağ və Şərqi zəngəzuru birləşdirən ən ortaq cəhət hər üç iqtisadi rayonun “Yaşıl enerji” zonası olmasıdır. Şərqi Zəngəzurda Cəbrayıl enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsinə şərait yaradacaqdır. Naxçıvan "yaşıl enerji"nin istehsalı və istehlakı ilə bərabər ixracının da həm mənbəyi, həm də marşrutuna çevriləcək.
Belə ki, Muxtar Respublikada mövcud olan  enerji potensialının reallaşdırılması yönündə işlərə başlanılmışdır. Muxtar Respublikanın enerji sisteminin ölkənin əsas enerji sisteminə inteqrasiyası yönündə atılan addımlar enerji təminatının dayanıqlığının qorunması və ixrac hədəflərinin gerçəkləşdirilməsinin ilkin addımlarıdır. Günəş potensialı ilə fərqlənən  hər 3 regionun enerji potensilanın istifadəsi  ölkəmizə ciddi gəlirlər gətirəcək və  ölkəmizin neft-qaz ölkəsi ilə yanaşı enerji ixracında payını artıracaqdır.
Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ölkə üçün siyasi və iqtisadi strateji əhəmiyyətə malik regionlardan biridir. Ölkəmizin əsas hədəfləri içərisində Zəngəzur dəhlizinin açılması ilə muxtar respublikanın inkişafının tam təmin olumması da var. Bu nöqteyi-nəzərdən muxtar respublikanın özü-özünü maliyyələşdirən bölgəyə çevrilməsi yönündə işlər aparılır. 
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən muxtar respublikada iqtisadi və sosial islahatlar həyata keçirilir. Naxçıvandan yenidənqurma, təkmilləşdirmə və iri layihələrin icrası davam edir və bu yöndə planlar hazırlanır. 
Ölkənin mövcud iqtisadi, ictimai-siyasi həyatında əhəmiyyətli yerə malik olan səlahiyyətli və xüsusi nümayəndə təyin olunmuş regionlar nəzərdə tutulan iri layihələrin və Dövlət Proqramlarının icrasında yaxşı nəticələr əldə etmişdir. Belə ki, Muxtar Respublikada Səlahiyyətli Nümayəndəlik fəaliyyətə başlayan dövrün əvvəli ilə 2024-cü il arasında büdcə daxilolmalarında 72.6% yəni 97 milyon manat artım müşahidə olunmuşdur. Yəni Naxçıvan ölkə üçün əhəmiyyətli hədəfə doğru gedir. Mərkəzi büdcədən asıllığın azaldılması istiqamətində işlər aparılır. 
Bu iqtisadi yüksəlişlə yanaşı sosial və ictimai sahələrdə də planlar icra olunur, yeni layihələr hazırlanır. Cənab İlham Əliyevin dediyi kimi, Naxçıvan  və Ordubad şəhərlərinin Baş Planlarının hazırlanmasına da bu il başlanılır. Nəzərdə tutulur ki, ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin də Baş planlarının hazırlanması həyata keçiriləcəkdir.
Görülən işlər, verilən vədlər nəticəsiz qalmır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid inkişaf konsepsiyası ilə inkişaf edir. Bütün bunlar gələcək perspektivlərin və uğurların daha böyük olacağından xəbər verir.

Tural Murtuzəliyev,
İqtisad üzrə fəlsəfə doktoru,
Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Xidməti rəisinin müavini