14 yanvar 2025 00:37
135

Azərbaycan təchizat coğrafiyası baxımından Avropada aparıcı ölkələrdən biridir

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, əgər Avropa İttifaqı ölkəmizdən  daha çox qaz istəyirsə, onda onlar da öz ev tapşırığını yerinə yetirməlidirlər

Enerji sektoru əməkdaşlıq əlaqələrinin inkişafında və coğrafiyasının genişləndirilməsində əsas amillərdən biridir. Azərbaycan etibarlı, əvəzolunmaz tərəfdaş kimi dünyanın diqqətindədir. Azərbaycanın enerji diplomatiyasının coğrafiyası daha da  genişlənir. Neft-qaz layihələrinin təşəbbüskarı kimi dünyanın tanınmış şirkətləri ilə əlaqə yaratmaqla tərəfdaşlığa böyük töhfə verən ölkəmizdə keçirilən enerji sammitləri, Neft-Qaz sərgiləri, Azərbaycanın dialoq mərkəzi kimi seçilməsi dünyanın enerji xəritəsində önəmli yeri olan ölkəmizə etimaddır. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərini dəstəkləyənlərin sayının artması Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının uğur salnaməsidir. «Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür» söyləyərək enerji layihələrinin reallaşmasında əsas tərəfdaşlardan olan Türkiyə və Gürcüstanla əməkdaşlığı regionda sabitliyin başlıca amili adlandıran Prezident İlham Əliyev əlavə olaraq vurğulayır ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı ixrac imkanlarımızın genişləndirilməsi qlobal əhəmiyyətli məsələdir. Rusiya ilə Ukrayna arasında  müharibə nəticəsində Avropa ölkələrində yaranan enerji böhranı Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatı daha da artırdı. XXI əsrin möcüzəsi adlandırılan Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın əməkdaşlığının qarşılıqlı etimad əsasında uğurla davam etməsi ölkəmizin enerji diplomatiyasının, şaxələndirmə siyasətinin təntənəsidir. Bəllidir ki, Azərbaycan təkcə neft - qaz hasil etmir. Eyni zamanda, elektrik enerjisi ixrac edən ölkə kimi maraq doğuran respublikamız yenilənən enerjiyə investisiya yatırmaqda da maraqlıdır. 2023-cü il BƏƏ-nin Masdar şirkətinin ölkəmizdə inşa etdiyi 230 meqavatlıq Günəş enerji stansiyasının istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının «Acwa Power» şirkətinin inşasını davam etdirdiyi 240 meqavatlıq külək enerjisi stansiyası ekoloji tərazlığın qorunmasına ən layiqli töhfədir.   Atılan bu addımlar ölkəmizin enerji diplomatiyasına əlavə dividendlər qazandırır.  Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqama  da diqqəti yönəldərək bildirir ki,  Zəngəzur dəhlizi açılacaq. Bu da yalnız yüklər  deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Hər bir məsələdə şaxələndirmə vacibdir. Tranzit ölkə olan Azərbaycan bu dəhlizdən istifadə etməklə yeni bazarlara ixracı artıracaq.

Azərbaycan qarşıya qoyulan hər bir hədəfə zamanında nail olmaq üçün səylər göstərir. 2014-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyi və  Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində cənab İlham Əliyev bu layihəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək onun da icrasının nəzərdə tutulan vaxtda başa çatacağını bildirdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin 31 dekabr tarixində isə TAP istifadəyə verildi. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır.

Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başladı. Hazırda təbii qazımızı 12 ölkəyə ixrac edirik.

Yanvarın 7-də dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə xüsusi diqət yönəltdi. Bildirdi ki, qaz ixrac etdiyimiz ölkələrdən  10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Gələn illərdə bu, mümkündür.

2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu» imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.

Ümumilikdə Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun. Əvvəldə də qeyd etdiyimiz kimi, Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri Azərbaycanı etibarlı və arzuolunan tərəfdaş kimi dəyərləndirir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq statistik rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik.

Reallıq budur ki, Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan, sözün əsl mənasında dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir: «Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.» Prezident İlham Əliyev çıxışlarında, həmçinin bildirir ki, əlbəttə, görüləcək işlər çoxdur.  TANAP genişlənməlidir, TAP genişlənməlidir. Digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Artıq yeni iştirakçılar, ideyalar, planlar var.

Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı həm Azərbaycanın iqtisadi imkanlarının, həm də beynəlxalq nüfuzunun təqdimatı oldu. Cənab İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, yekun nəticələr COP29-un uğur hekayəsi olduğunu təsdiqlədi. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin belə düşünmək olar ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq. Azərbaycan  4 il ərzində Qoşulmama Hərəkatına sədrlik etdi.  Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz daha bir il uzadıldı.

COP29 Azərbaycanın növbəti uğuru oldu. «Əlbəttə, COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi» söyləyən cənab İlham Əliyev bildirdi ki,  1 trilyon dollar civarında gözləntilər var idi. Ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda  onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu. Bundan başqa da mühüm təşəbbüslər oldu. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin sayı 14 idi. Azərbaycan  üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi.

Bu fakt  inkaredilməzdir ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz yaşıl enerji zonası elan edilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də əsas hədəflərdən biri təmiz ətraf mühit və «yaşıl artım» ölkəsidir. Bu hədəf özündə bu çağırışları ehtiva edir. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin olunmalıdır.

Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması, iqlim dəyişikliklərinə təsirin azaldılması da əsas çağırışlar sırasındadır.

Azərbaycanın hər bir uğurunun əsasında möhkəm təməl dayanır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığını şərtləndirən əsas amillədən biridir. Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməklə bugünümüz üçün möhkəm təməl yaratdı. Cənab İlham Əliyev neft-qaz sektorunun önəmini xüsusi vurğulamaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də uğurlu addımlar ataraq Azərbaycanı yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi dünyaya təqdim edir. Dövlət başçısı Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımızın uğurlu olacağına əminliyini ifadə edir.

Yerli televiziya kanallarına müsahibəsində «Azərbaycan İtaliya, Yunanıstan, Macarıstan və Türkiyə kimi bir çox Avropa ölkələrinə öz qaz təchizatını artırıb. Gələcəkdə Avropa üçün enerji daşıyıcılarının təmin edilməsində Azərbaycanın yardımı ilə bağlı mülahizələrinizi bizimlə bölüşə bilərsinizmi» sualına cavabında dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bəli, qaz ixracımız artır.  Hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür.

Cənab İlham Əliyev onu da vurğuladı ki, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri  Bakıya gəldi, Bəyannamə imzalandı. Bildirdik ki, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə qazımızı nəql etmək imkanlarını araşdırmağa başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı.

Bu mühüm məqam da diqqətə çatdırıldı ki,  2022-ci ildən bu günə qədər çox köklü dəyişiklik baş verdi. Çünki həmin vaxt qaz ixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanı əhatə edirdi. Sonra  Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiya əlavə edildi. Bütün bunlar kifayət qədər qısa müddət ərzində baş verdi. Bir sözlə, ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə onların həcmi 2.6 trilyon kubmetr təşkil edirdi. Lakin indi, yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq.

Azərbaycan böyük coğrafiyaya malik olan aparıcı ölkələrdən biridir. Təchizat coğrafiyası baxımından ölkəmiz Avropada, həmçinin aparıcı ölkələrdən biridir. Ölkəmiz öz öhdəliklərinə böyük məsuliyyət hissi ilə yanaşır. Azərbaycan böyük sərmayələr yatırır və qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışır. Cənab İlham Əliyev onu da bildirdi ki, biz elə bir vəziyyətlə üzləşirik ki, Avropa bankları ənənəvi yanacaq layihələrinin daha maliyyələşdirilmədiyini bəyan edirlər. Demək, bir tərəfdən, Avropa bizdən əlavə təchizatı xahiş edir, digər tərəfdən, bizi həmin vəsaitlərdən məhrum edir. Dövlətimizin başçısı bu çağırışı etdi ki, əgər Avropa İttifaqı ölkəmizdən  daha çox qaz istəyirsə, onda onlar da öz ev tapşırığını yerinə yetirməlidirlər. Biz öz tapşırığımızı, onlar isə öz çalışmasını icra etməlidirlər.

Dünyada geosiyasi vəziyyətin fərqli olduğu bir vaxtda istənilən ölkədən ünvanlanan müraciətlər Azərbaycana yeni tərəfdaşlar qazandırır. Azərbaycanın dünyada və regionda qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsinə xidmət edən enerji diplomatiyası ölkəmizin iqtisadi potensialını daha da gücləndirir. Avropa ölkələrinin enerji ilə təchizatında mühüm rola malik yaşıl enerji siyasəti Azərbaycanın enerji diplomatiyasının yeni səhifələrindən olsa da perspektivləri geniş və davamlıdır.

Yeganə Əliyeva, «İki sahil»