35 il əvvəl baş vermiş Qanlı Yanvar hadisəsi Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli idi.
Azərbaycan xalqı 1990-cı ilin yanvar ayında televiziya ekranlarında öz həmvətənlilərinin nə cür qəddarlığa məruz qalmasına dəhşətli şəkildə şahidlik etdi. Ümumilikdə respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilməsi ilə nəticələnən Qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrildi.
1990-cı ildə, yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
“Mülki və siyasi hüquqlar haqqında” qəbul edilmiş 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməli olmasına baxmayaraq, şəhər əhalisinə heç bir xəbərdarlıq edilməmiş və yalnız kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumat efirə verilmişdir.
Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Belə ki, xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların gerçək siması ortaya çıxdı. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Bu olduqca cəsarətli addım idi. Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bu faciəyə ilk siyasi-hüquqi qiyməti də Heydər Əliyev verdi. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul olundu.
Qanlı Yanvar hadisələrinin 35-ci ildönümündə arxada qalan tarixi unutmadan bugünkü Zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda təklənərək haqqı tapdanan, övladları şəhid edilən Azərbaycan bu gün təkcə regionun deyil, bütövlükdə beynəlxalq aləmin qüdrətli dövlətinə çevrilib. Azərbaycan dövlətinin qazandığı uğurlar, sahib olduğu nüfuz və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canlarını Vətən uğrunda mübarizədə qurban verən şəhidlərimizin ruhunu şad edir.
Əminik ki, bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Onların Azərbaycanın azadlığı və bütövlüyü uğurunda apardığı mübarizə nəticə verdi. 44 günlük Vətən müharibəsində parlaq qələbə əldə edən, 2023-cü il sentyabrın 20-də Xankəndiyə Azərbaycanın üçrəngli bayrağını sancan Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin suverenliyini tam bərpa etdi. Qazanılan bütün uğurlarımızın təməli 35 il öncə sovet tanklarının qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyuldu.