14 yanvar 2025 00:12
119

Qərbin regionla bağlı yeni strategiyası

Ermənistan məqsədyönlü şəkildə sülh prosesini pozur. Paşinyan və onun komanda üzvləri üzdə sülhdən danışsalar da realda yürütdükləri siyasətləri, addımları tamamilə sülhün əksinə olan bir mənzərə yaradır. Publika qarşısında sülh sazişinin imzalanmasına hazır olduqlarını bildirsələr də, əməldə bunun əksini həyata keçirirlər.

Təsadüfi deyil ki, bu il Azərbaycanın hərbi büdcəsi rekord həddə çataraq 8.4 milyard ABŞ dolları olaraq müəyyən edilib. Çünki Ermənistan və onu himayə edən bəzi güc mərkəzləri sülhü imitasiya edərək vaxt qazanmağa və beləliklə, yeni süni münaqişə ocağı yaratmağa çalışırlar. Nəzərə alsaq ki, rəsmi İrəvan maddi qarşılığını ödəmədən müasir hücum silahları ilə təmin edilir və fərqli platformalarda ondan “məzlum” obrazı yaradılmağa çalışılır, deməli, imperialist maraqların alətinə çevrilmiş Ermənistan, ümumiyyətlə, sülh anlayışının mahiyyətindən bixəbərdir. Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı səsləndirdiyi fikirlər bu istiqamətdə konkret və aydın təsəvvür formalaşdırır. Dövlət başçımız Azərbaycanın hərbi və təhlükəsizlik məsələlərinə verdiyi önəmi bir daha vurğulayaraq qeyd edib: “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar...”.

Bu gün Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına aparır. Göründüyü kimi, məğlub ölkə savaşa hazırlaşır. Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti, adını "sülh fondu" qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu" Ermənistanı yenidən revanşist fikirlərə salıb. Bir tərəfdən Fransa, digər tərəfdən Aİ-nin Ermənistanı silahlandırması bu qüvvələrin əslində Qafqazda yeni münaqişə ocağının yaranmasında maraqlı olduqlarını bir daha göstərir. Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb. Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması gələcəkdə regionda münaqişənin yenidən alovlanmasını şərtləndirə bilər.

Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın silahlandırılması faktlarını görür. Ölkəmizin yaratdığı yeni tarixi reallıqları qəbul etmək istəməyənlər vəziyyəti öz xeyirlərinə dəyişmək kimi çirkin və təhlükəli planları ilə regionu qarışdırıb bulanıq suda balıq tutmağa çalışırlar. Revanşizm meylləri, birinci növbədə, Ermənistanın özünə ciddi təhlükə yaradır, çünki bu siyasət ölkəni uzunmüddətli gərginliklərə və daxili münaqişələrə sürükləyir. Silahlanma yarışına daxil olmaq Ermənistanın iqtisadi resurslarını daha çox hərbi xərclərə yönəltməsinə səbəb olur və bu da ölkənin inkişafını əngəlləyir, vətəndaşların gündəlik həyatını çətinləşdirir. Revanşist siyasət, eyni zamanda, onsuz da zəif olan sosial vəziyyəti daha da ağırlaşdırır, çünki erməni xalqı iqtisadi və sosial tərəqqi arzulayır, amma müharibə təhlükəsi yalnız narazılıqları artırır. Həmin siyasət beynəlxalq aləmdə Ermənistanın təcrid olunmasına və mövcud müttəfiqlərinin dəstəyini itirməsinə yol açacaq, bu da ölkənin gələcəkdə daha da çətin vəziyyətə düşməsinə səbəb olacaq. Bu meyllər yalnız Ermənistanın daxilində deyil, həm də regiondakı digər dövlətlərin təhlükəsizlik maraqlarını da təhdid edir. Belə addımlar birmənalı şəkildə Cənubi Qafqazda mövcud olan təhlükəsizlik mühitinə ciddi təhlükə yaradır. Nəticə etibarilə, revanşizm siyasətinin davam etməsi Ermənistanın daxili və xarici arenada təhlükə altında olmasına gətirib çıxaracaq. 

Azərbaycanın prinsipial və ədalətli mövqeyi həm də beynəlxalq aləmdə bu məsələnin ciddiyyətini açıq şəkildə nümayiş etdirir. Dövlətimizin strateji hədəfləri sülhün bərqərar olması üçün hər cür diplomatik təşəbbüsləri dəstəkləməkdədir, bununla yanaşı, hərbi hazırlıq və mübarizə şəraitinə də hazırdır. Beləliklə, bu yanaşma, eyni zamanda, Azərbaycanın regionda ədalətli və davamlı sülhün təmin olunmasına yönündə həyata keçirdiyi ardıcıl siyasətin ifadəsidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”