SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) tabeliyində fəaliyyət göstərən “Mədəngeofizika” İstehsalat Bölümünün (İB) mütəxəssisləri tərəfindən Azərbaycanın quru və dəniz ərazilərində qazmada olan quyularda kompleks mədən-geofiziki tədqiqat işləri və qazmaya geoloji-texnoloji nəzarət, eləcə də istismar quyularında perforasiya-atma və quyuların işlənməsinə nəzarət məqsədilə geofiziki tədqiqat işləri yerinə yetirilir.
Hazırda “Mədəngeofizika” İB-nin mütəxəssisləri tərəfindən Azərbaycanın quru və dəniz ərazilərində qazmada olan və istismar quyularında kompleks mədən-geofiziki tədqiqat işləri, qazmaya geoloji-texnoloji nəzarət, qazma vaxtı karotaj (M/LWD), quyuların istiqamətlənməsi, eləcə də istismar quyularında perforasiya-atma, quyuların texniki vəziyyətinə nəzarət və quyuların işlənməsinə nəzarət məqsədilə geofiziki tədqiqat işləri müvəffəqiyyətlə yerinə yetirilir.
Quyularda geofiziki tədqiqat işləri əsasən elektrik, radioaktiv, akustik karotajdan, inklinometriya, kavernometriya və termometriyadan, yataqların işlənməsinə geofiziki, quyuların qazılmasına geoloji və texnoloji nəzarətdən, perforasiya və s. işlərdən ibarətdir. GGİ-nin “Mədəngeofizika” İB “Azneft” İB-nin tabeliyindəki neft-qazçıxarma idarələri, “Kompleks Qazma İşləri” Tresti, eləcə də respublikamızda fəaliyyət göstərən “SOCAR-AQŞ”, “Neftechala” OC, “Gulf Drilling Supply FZE”, “AzGerNeft” MMC, “Shirvan” OC, “Surakhani Oil” OC, “Balakhani” OC və “Salyan OİL” OC kimi şirkət və təşkilatların sifarişlərini yerinə yetirir.
Bu işləri uğurla yerinə yetirmək məqsədilə alınan ilkin nəticələr mütəmadi olaraq sifarişçi təşkilatların nümayəndələri ilə birgə müzakirə edilir, alınmış nəticələr, eləcə də yeni texnika və texnologiyaların tətbiqinin nəticələri dəyərləndirilir.
Quyularda aparılan ölçü işləri əsasında neftli-qazlı intervalların seçilməsi zamanı mütəxəssislər tərəfindən verilən rəylərə diqqət bir qədər də artırılmış və bunun nəticəsində verilmiş rəylərin 98%-i sonrakı perforasiya və sınaq-yoxlama işləri nəticəsində təsdiqlənib ki, bu da çox böyük göstəricidir.
Yerinə yetirilən partlayış-atma işlərinin keyfiyyətini daha da artırmaq məqsədilə beynəlxalq standartlara cavab verən müasir perforator sistemləri alınıb və çoxsaylı quyularda uğurla tətbiq olunub. Bir il ərzində perforasiya işləri üzrə 685 quyuda 940 sifariş yerinə yetirilib.
“Mədəngeofizika” İB-nin mütəxəssisləri tərəfindən “Günəşli”, “Neft Daşları”, “Ümid”, “Bulla-dəniz”, “Eldaroyuğu”, “Qərbi Abşeron” və “Qaradağ” sahələrində qazılan quyularda kompleks qaz karotajı və qazmaya geoloji-geokimyəvi-texnoloji nəzarət işləri aparılıb. Bu zaman işlərin nəticələri birbaşa “onlayn” sistemində SOCAR-ın Baş ofisinə və sifarişçi təşkilatlara ötürülüb ki, bu da sifarişçi təşkilatlara qazma prosesini birbaşa izləməyə şərait yaratmış və quyularda baş vermiş geoloji-texnoloji mürəkkəbləşmələrə operativ müdaxilə etməyə imkan verib.
Bununla yanaşı, “Bahar”, “Qum-dəniz”, “Darvin küpəsi”, “Günəşli”, “Neft Daşları”, “Pirallahı”, “Bibiheybət”, “Buzovna-Maştağa”, “Qala”, “Qaradağ”, “Lökbatan”, “Puta”, “Kürovdağ” və “Quşxana” sahələri üzrə 49 quyuda yataqların işlənməsinə geofiziki üsullarla nəzarət məqsədilə impuls-neytron-neytron karotaj işləri aparılıb, əlavə neftli intervallar müəyyən edilib. İşlərin uğurla yerinə yetirilməsi nəticəsində nəzərəçarpacaq iqtisadi səmərə əldə edilib ki, bu da sifarişçi təşkilatları razı salıb.
Geofizika və Geologiya İdarəsi qazma quyularında geofiziki tədqiqat işlərini yerinə yetirmək üçün qazma vaxtı karotaj kimi ən müasir texnoloji yenilikləri tətbiq edir. GGİ bir il ərzində “Qaradağ” və “Neft Daşları” yataqlarında qazmada olan üç quyuda qazma vaxtı karotaj (M/LWD), quyuların əyilməsi, antikəsişmə və layihə dərinliyinə çatdırılması işlərini yerinə yetirib.
İdarə qazma boruları və qoruyucu kəmər içərisində inklinometr (Gyro) ölçülərini, yataqların işlənməsinə nəzarət məqsədilə qalıq neft-qazlılığın, qoruyucu kəmərlərdə zədə yerlərinin təyin edilməsi kimi vacib geoloji-texniki məsələlərin həll edilməsi üçün ən müasir quyu cihazlara və yerüstü avadanlıqlara malikdir. Geofizika və Geologiya İdarəsində maddi-texniki bazanın bu istiqamətdə gücləndirilməsi, çatışmayan avadanlıqların, proqram təminatlarının alınması və mütəxəssis hazırlığı sahəsində işlər davam etdirilir.
150 °C temperatur və 150 MPa təzyiqə malik quyu şəraitində 1500 mm-dək dəlmə dərinliyinə malik perforatorlarla perforasiya işləri yerinə yetirib. Belə ki, bu il ərzində “Bahar”, “Qum-dəniz”, “Pirallahı” və s. yataqlarda 11 quyuda nasos-kompressor boruları ilə endirilən mexaniki, hidravlik və hidromexaniki atıcı başlıqlı perforatorlar ilə müvəffəqiyyətlə dəlmə işləri aparılıb və quyular yüksək debitlə istismara verilib.
Qeyd edək ki, ötən ilin sentyabrından keçən dövr ərzində quyularda açıq lülədə 1200-dən çox, kəmər daxilində isə 980-dən yuxarı sifariş yerinə yetirilib. Karotaj işləri üzrə yerinə yetirilən sifarişlərin ümumi həcmi isə 424 quyu üzrə 2214 olub. Tədqiqat işləri əsasında 7238-ə qədər lay dəyərləndirilib. Bunlardan 2234 lay neftli-qazlı, 524 lay qalıq neftli-qazlı, 4547 lay sulu, 9 lay isə sulaşmış lay kimi, 91 lay isə ehtimal neftli-qazlı lay kimi qiymətləndirilib. İşlər müasir cihaz, avadanlıq və proqram təminatının köməyi ilə aparıldığından alınan nəticələr sifarişçi məmnuniyyəti qazanıb.
Orxan Vahidoglu, “Iki sahil”