28 sentyabr 2017 14:32
579

Dünya bazarlarında neftin qiymətinin artmasının səbəbi nədir?

Valyuta ehtiyatlarımızın artması üçün yeni şanslar yaranıb. Belə ki, neftin dünya bazarlarındakı qiyməti davamlı olaraq artır. Əgər 2015-ci ilin iyun və iyul aylarında neftin dünya birjalarındakı qiyməti 22 dollaradək enmişdisə, bu il sentyabrın 27-nə olan məlumata görə, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri 0,43 dollar və ya 0,73 faiz artaraq 59,45 dollar olub. Beləliklə, görünən odur ki, “Brent” markalı neftin qiyməti 2015-ci ilin iyul ayının ortalarından indiyədək 3 dəfəyədək artıb.

Təbii ki, dünya birjalarında neftin qiymətinin artmasında iqtisadi amillərlə bərabər, geosiyasi məqamlar da üstünlük təşkil edir. Xüsusilə Yaxın Şərqdə baş verən son hadisələr neftin qiymətinin artmasına zəmin yaradıb. Belə ki,   Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik haqqında keçirdiyi qeyri-qanuni referendum neftin kəskin bahalaşmasına gətirib çıxarıb. Ona görə ki, kürdlərin müstəqillik istədikləri ərazi vahidləri əslində İraq torpaqlarıdır və neftlə zəngindir. Görünür, İraq kürdlərini müstəqillik referendumuna sürükləyən bəzi qüvvələr, eyni zamanda, burada yaratmaq istədikləri marionet bir “dövlət”dən daha çox və daha ucuz neft almaq arzusundadırlar.

Lakin onlar hələ də dərk etmirlər ki, Türkiyə, İran və İraq kimi qədim tarixi olan böyük dövlətlər kürdlərin bu “müstəqilliyini” iqtisadi, siyasi, hətta hərbi cəhətdən qısa müddətdə ləğv edəcəklər. Digər tərəfdən, İsraildən başqa heç bir dövlət onların keçirdiyi referendumun nəticələrini tanımır. Hələlik hər üç  ölkə kürdlərdən 25 sentyabr səhvlərindən imtina etməyi tələb edirlər.

Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, kürd muxtariyyətinin rəhbəri Bərzani separatçı addımlarından imtina etməsə, Kərkük-Ceyhan boru kəmərini bağlayacaqlar. Bu da gündə təqribən 500-700 min barrel neftin bazara çıxarılması deməkdir. Məhz onun bu sözləri də dünya bazarında ciddi çaşqınlıq yaratmaqla neftin qiymətlərinin artmasına xeyli təsir edib.

Siyasi şərhçilərin mətbuatdakı açıqlamalarına görə, neftin qiymətinin artmasına səbəb olan digər məsələ iqlim dəyişikliyi və təbii fəlakətlərlə əlaqəlidir. Belə ki, son bir ayda ABŞ-da  bir neçə dağıdıcı qasırğa baş verib. Həmin təbii fəlakətlər nəticəsində Amerikada hasilat təqribən 12 faiz azalıb ki, bu da neft bazarlarında psixoloji gərginlik yaradıb. Həmin psixoloji amil neftin qiymətinin hər gün bir az yüksəlməsinə səbəb olub.

Neftin qiymətinin bahalaşmasında digər ciddi səbəb isə OPEK ölkələrinin energetika nazirləri ilə Rusiyanın energetika naziri arasındakı görüşlərdə neft hasilatı barədə qəbul edilən razılaşmadır. Razılaşmaya görə, OPEK ölkələri və Rusiya birlikdə neftin hasilatının azaldılması vaxtını təqribən daha bir il  uzadıblar.

Qeyd edək ki, əvvəlki qərara görə, hasilatın azaldılması 2018-ci ilin mart ayında bitirdisə, yeni qərara görə, bu, 2019-cu ilin yanvarına qədər davam edəcək. Məhz bu amil də neftin dünya bazarlarında bahalaşmasına müəyyən mənada psixoloji təsir göstərir.

Elçin Zaman, “İki sahil”