Bu gün çox sevincli gündür. Çünki, doğma Cəbrayıla qayıdırıq. Belə gözəl günləri yaşadığım üçün özümü çox qürurlu hiss edirəm.
“İki sahil” xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Çərkəz Quliyev söyləyib. Sakin hər zaman Azərbaycan Prezidentinə və ordusuna inandığını bildirərək, minnətdarlığını ifadə edib.
"Dövlət başçımıza həmişə güvənmişik, düz də etmişik. Həmişə də onun yanında olacağıq. Başda Ali Baş Komandan olmaqla, Milli Ordumuzun hər bir üzvünə, hər bir zabit və əsgərinə bizə bu günləri yaşatdığı üçün öz minnətdarlığımı bildirirəm. Torpaqlarımız uğrunda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyirəm. Mən öz rəhbərliyimizlə, xalqımızla, ordumuzla, mübariz oğullarımızla fəxr edirəm", - deyə o, əlavə edib.
Qeyd edək ki, Prezident Ilham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 32 ailə 153 nəfər köçürülüb.