Fransanın 60 il əvvəl törətdiyi "Kruiz uşaqları" faciəsinə ("Children of Creuse" case) hələ də hüquqi qiymət verilməyib.
“İki sahil” xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müşaviri Aytən Qəhrəman Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, həmin vaxt 2 150 uşaq ata-anasından zorla alınaraq kilometrlərlə uzağa deportasiya ediliblər: "Fransa hakimiyyəti o vaxt demoqrafik tarazlıq yaratmaq istəyirdi. Ona görə də uşaqlar Fransanın məskunlaşma çox olan hissələrində ailələrindən alınırdı. Onlar yoxsulluqla mübarizə aparan ailələrə söz veriblər ki, övladları Fransada daha yaxşı təhsil alacaq və ildə bir dəfə ailələrini ziyarət etmək şansları olacaq. Amma reallıqda bu uşaqların əksəriyyəti bütün qohumluq bağlarını itirib və onlar bir daha doğma adalarına ayaq basmayıblar".
A.Qəhrəman bildirib ki, ailəsindən alınan uşaqlar fransalı ailələrə övladlığa verilmə adı ilə ferma və kəndlərdə fəhlə kimi işlədiliblər: "Həmin uşaqlara qarşı zorakılıq hallarının çox olduğu bildirilir. Biz insan hüquqlarının və xüsusən də uşaqların haqlarının pozulmasından danışarkən bu problemin həllində beynəlxalq təşkilatların rolunu və yerini mütləq nəzərə almalıyıq".