Azərbaycan və Hindistan xalqları arasında münasibətlər dərin tarixi köklərə bağlıdır və müxtəlif dövrlərdə davamlı olaraq inkişaf edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Hindistan ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanıyıb.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Hindistanın 76-cı Respublika Günü münasibətilə Bakıda təşkil edilən qəbulda söyləyib.
O bildirib ki, son illər əməkdaşlığımız üçün yaxşı imkanlar ortaya çıxıb. Hazırda ölkələrimiz arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq dinamik inkişaf edir. Bu dinamikanı artırmaq və şaxələndirmək üçün Azərbaycan regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında maraqlıdır. Bu mənada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından səmərəli istifadə yalnız bizim birgə səylərimizlə mümkündür. Eyni zamanda, Orta Dəhliz ölkələr üçün etibarlı və təhlükəsiz imkan təqdim edir.
“Birbaşa hava əlaqəsinin bərpa edilməsi nəticəsində qarşılıqlı turist səfərlərinin sayında ciddi sıçrayış baş verib. Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb. Hazırda Hindistan ölkəmizə gələn turistlərin sayına görə 3-cü yerdədir. Son illər Hindistan film sənayesinin ölkəmizin füsunkar və tarixi yerlərinə marağı artıb. Bu, iki ölkə arasında mədəni mübadilənin, mədəniyyətlərarası dialoqun inkişafına, nəticədə xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək”,- deyə F.Rzayev vurğulayıb.