04 fevral 2025 22:21
81

Garo Paylan erməni siyasi təfəkkürünü nümayiş etdirir

Məkrli dairələrin marionetkası olan bu avantüristün  son açıqlamalarında  açıq-aşkar şəkildə “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var”  deməsi ümumi bir planı göstərir: Vaxt qazanmaq, silah toplamaq, güc yığmaq və müharibəyə hazırlaşmaq

Əsrlər, illər keçsə də, başı daşdan-daşa dəysə də erməni xisləti dəyişmir ki, dəyişmir. Özünü beynəlxalq ictimaiyyətə “sülh göyərçini” kimi sırımağa çalışan, Azərbaycanla sülh danışıqlarını imitasiya edərək müxtəlif bəhanələrlə prosesi ləngidən Ermənistanın hərbi-siyasi rəhbərliyinin vaxt qazanmaq, silahlanmaq, güc yığaraq müharibəyə hazırlaşmaq istiqamətində atdığı addımlar bunun bariz göstəricisidir. Fransa və digər neoimperialist Qərb dövlətlərinin yedəyində sürünən rəsmi İrəvanın revanşist, riyakar, ikiüzlü siyasəti nəticəsində dörd ilə yaxındır ki, sülh danışıqları nəticə vermir.

Gerçəklik odur ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getməsinə baxmayaraq, Hayastan sürətlə silahlanır və Qərbdəki havadarlarının təhriki ilə müharibəyə hazırlaşır. Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratik Partiyasından (HDP) olan erməniəsilli keçmiş millət vəkili Garo Paylanın son açıqlamalarında Ermənistanın bir tərəfdən Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, digər tərəfdən isə Fransa və ABŞ-dan silah aldığını bildirməsi bu məsələyə bir daha diqqət yetirməyi tələb edir.

Bəzi məkrli qüvvələrin marionetkası olan G.Paylan “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-ın köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq” deməklə  ümumilikdə erməni siyasi təfəkkürünü nümayiş etdirir. Əslində G.Paylan Ermənistan hakimiyyətinin fikirlərini ifadə edib desək, heç də yanılmarıq. Onun sözləri ümumi bir planı göstərir: Vaxt qazanmaq, silah toplamaq, güc yığmaq və müharibəyə hazırlaşmaq. Yeri gəlmişkən,  bir daha xatırlatmaq istərdik ki, 2024-cü ildə Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından olan revanşist bir deputat da  eynilə belə fikirlər səsləndirmişdi.

Bir məsələni də xüsusilə qeyd emək lazımdır ki, G.Paylan bundan əvvəl də Parisdə erməni lobbisinin illik toplantısında iştirak etmiş, burada erməni diasporunun nüfuzlu şəxsləri ilə görüşərək onlardan təlimat almışdır. Qardaş Türkiyə Cümhuriyyətinin kütləvi informasiya vasitələrində Garo Paylanın Azərbaycan əleyhinə bəyanatları sərt şəkildə tənqid edilib. Məsələn, “Yeni Akit” qəzeti “Hələ bu adam Türkiyənin çörəyini də yeyir” sərlövhəli məqaləsində onun Ermənistanın “3-5 il ərzində” Azərbaycana qarşı yeni təcavüzə hazırlaşması ilə bağlı sözlərinə diqqət çəkib. Nəşr Qaro Paylanın Ermənistanın baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb. Eləcə də onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla  keçmiş deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığına da diqqət çəkib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar G.Paylanın keçmişdəki açıqlamalarına diqqət çəkərək  bildirib ki, Türkiyənin “erməni soyqırımı”nı tanıması üçün uzun illər mübarizə aparan bu şəxs indi də Azərbaycanı hədəf alır. A.Attar G.Paylanın Azərbaycan əleyhinə açıqlamalarının yalan və məntiqsiz olduğunu bildirib: “Yəni, Ermənistan silahlanacaq, Azərbaycan da oturub özünə dost olmayan ölkənin güclənməsi üçün gözləyəcək? Elə bilirsiniz ki, Ermənistanın normallaşma adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan oyunlarının fərqində deyilik? Azərbaycan milləti və dövləti sizin niyyətinizi bilir. Allah düşmənin də mərd olanını qismət eləsin. Azərbaycan qarşısındakı düşmənin mərd olmadığını bilsə də, həm hərb meydanında, həm də diplomatik müstəvidə mərdcəsinə davranıb. Bu ritorika özü ilə Qarabağ Zəfərini gətirib. Dediyim odur ki, özünə gəl, Garo Paylan!”

Dörd ilə yaxındır ki, Azərbaycanla sülh müqaviləsi əvəzinə Cənubi Qafqazda davamlı sülhə, sabitliyə, qarşılıqlı əməkdaşlığa ağır zərbə vuran Qərbdəki havadarlarının, xüsusilə  Bayden administrasiyasına arxalanan N.Paşinyanın indi yeganə ümidi  Fransa Prezidenti Emmanuel Makrondır. Hazırda mənasız bir tədbirdə iştirak etmək üçün ABŞ-a səfər edən N.Paşinyanın Prezident D.Trampla görüşü və ya hansısa ciddi müzakirələr aparması planlaşdırılmır. O da məlumdur ki, Ermənistanın baş naziri okenaın o tayından Fransaya səfər edəcək və Azərbaycana qarşı məkrli planları yenidən Makronla müzakirə edəcək.

Şübhəsiz, bütün bunlar, Ermənistana tez-tez səfərlər edən G.Paylanın son günlərdəki açıqlamaları, eləcə də N.Paşinyanın E.Makronla növbəti məsləhətləşmələri,  məkrli havadarlarından yardımlar alması, sülh danışıqlarında destruktivlik nümayiş etdirməsi,  rəsmi İrəvanın sürətlə silahlanması Cənubi Qafqazda gərginliyi daha da artıracaq, regionu xaos girdabına sürükləyəcək.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, region üçün təhdid mənbəyinə çevrilən Ermənistanın silahlanması yeni gərginliyə səbəb olacaq. Ona görə də  Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silhahlar geri qaytarılmalıdır: “Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

İstər regionda maraqları olan güclərin əlində alətə çevrilən Ermənistan, istərsə də  Cənubi Qafqazda  sülh prosesinə əngəl olan, hər vəchlə rəsmi İrəvanı müharibəyə təhrik edən bəzi Qərb ölkələri bilməlidirlər ki, regionda davamlı sülhə, sabitliyə, inkişafa nail olmaq istiqamətində ciddi addımlar atan Azərbaycan bölgədə şər qüvvələrin çirkin niyyətlərinin reallaşmasına imkan verməyəcək.

Zahid Rza, “İki sahil”