Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin yanvar ayının 20-də Davosda Çinin CGTN (China Global Televizion Network) telekanalına müsahibə vermiş, aparıcının suallarını cavablandırmışdır. Müsahibə zamanı dövlətimizin başçısı bildirmişdir ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Bu, bizim 30 il ərzində milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr kağız üzərində qaldı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Aparıcının “Çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?” sualına cavab olaraq cənab Prezident İlham Əliyev demişdir: “Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətən xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.”
Aparıcının “Mən görürəm, Sizin həmişə yeni məqsədləriniz var ?” sualını cavablandıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, bəli, çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmiryolu infrastrukturumuzun genişləndirilməsini müəyyənləşdiririk.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri