17 fevral 2025 09:07
241

İmzalanan sənədlər Somali və Azərbaycan arasında dərin əlaqələrin əsasını qoyub

İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir

Təhsil hər bir ölkənin inkişafında əsas sütunlardan biridir. O, yalnız bilik və bacarıq qazandırmaqla kifayətlənmir, həm də xalqlar arasında mədəni və siyasi körpülər yaradır. Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmud ilə görüşü və bu çərçivədə təhsilin xüsusi vurğulanması, məhz bu anlayışın təzahürüdür.

Azərbaycan təhsil sahəsində beynəlxalq əməkdaşlığa daim açıq olub və qlobal bilik mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə Somali ilə təhsil sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Çünki biz öz təcrübəmizi paylaşdıqca və qarşılıqlı bilik mübadiləsi apardıqca, dünyaya açıq və innovativ bir cəmiyyət formalaşdırırıq.

Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Çünki təhsil təkcə fərdləri yetişdirmir, həm də dövlətlərin gələcək strategiyalarını formalaşdırır. Bugünkü əməkdaşlıq gələcəkdə Somali və Azərbaycan arasında daha dərin əlaqələrin əsasını qoya bilər. Ola bilsin ki, yaxın illərdə azərbaycanlı müəllimlər Somalidə dərs keçəcək, somalili tələbələr Azərbaycan universitetlərində təhsil alacaq və bu qarşılıqlı proses yeni dostluqların və əməkdaşlıqların təməlini qoyacaq.

Biz hər zaman təhsilə sərmayə qoymağın ən gəlirli yatırım olduğunu bilmişik. Bu baxımdan, Azərbaycan-Somali münasibətlərində təhsilin prioritet məsələlərdən biri kimi qeyd olunması sevindiricidir. Çünki bilik yalnız fərdləri deyil, bütöv cəmiyyətləri işıqlandırır. Azərbaycan öz təhsil modelini paylaşaraq və qarşılıqlı öyrənməyə açıq olmaqla, bu işığın daha geniş coğrafiyalara yayılmasına töhfə verməkdədir.

E. Ağayeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü