17 fevral 2025 10:01
458

Azərbaycan sabitlik məkanı, qlobal çağırışların ünvanıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “China Global Television Network” telekanalına müsahibə verərkən, aparıcının çoxqütblü dünyada Azərbaycanın yeri ilə bağlı sualını cavablandıraraq ölkəmizin hədəflərini, eyni zamanda, Azərbaycanın iqtisadi gücünü dəqiq şərh edərək görüləcək işlərin anonsunu verib. Prezident həm respublikamız, həm də beynəlxalq gündəm üçün həlledici olan bir çox mövzulara toxunub. İlham Əliyev bildirdi ki: “Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.”

Ötən ilin noyabrında paytaxtımızda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası isə Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına və ölkəmizin müasir dünyanın qlobal çağırışlarının ön sıralarında mövqeyinin güclənməsinə səbəb oldu. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəklənməsi də ölkəmizə olan inamın nəticəsi idi. Əslində, 200-ə yaxın ölkəni bir araya gətirən belə bir mötəbər iqlim tədbirinə ev sahibliyi etmək böyük çağırış olmaqla yanaşı, həm də məsuliyyət tələb edirdi. Dövlətimizin başçısı Çin televiziyasına müsahibəsi zamanı bu vacib məqama toxunaraq qeyd edib ki, COP29-a ev sahibliyi etməkdə məqsəd, ilk növbədə, Azərbaycan Respublikasının dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Azərbaycan üçün yüksək nailiyyət sayılan COP29, həm də son illər ölkəmizin şaxələndirilmiş xarici siyasətini bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin 120 dövləti birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etməsi onu göstərir ki, Azərbaycanın dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasəti beynəlxalq arenada dəstəklənir.

Prezident İlham Əliyevin Çin televiziyasına müsahibəsində toxunduğu maraqlı məqamlardan biri də “yaşıl” enerji əməkdaşlığı ilə bağlıdır. Ölkəmiz son illər dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçılarından birinə çevrilib. Hazırda bir sıra tanınmış beynəlxalq şirkətlər və nüfuzlu maliyyə qurumları “yaşıl” texnologiyaya və “yaşıl” enerjiyə sərmayə yönəldirlər. Zəngin bərpaolunan enerji ehtiyatlarına malik olan Azərbaycan da investorlar üçün yaxşı investisiya mühiti yaradıb. Artıq “yaşıl” enerji sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlər ölkəmizlə bu sahədə fəal əməkdaşlıq edirlər. Bunun da nəticəsində ölkəmizdə bərpaolunan enerji istehsalı getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycanda “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saata çatıb. Bununla belə, ölkəmizin bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Prezident İlham Əliyev Çin televizisiyasına müsahibəsində bu məqama toxunaraq deyib: “Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır.”

Son illər ölkəmizlə iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olan Çin dövləti “yaşıl” texnologiya sahəsində dünya liderinə çevrilib. Məhz bunun nəticəsidir ki, əksər şirkətlər bərpaolunan enerji layihələrinin reallaşdırılmasında Çin texnologiyasından istifadəyə üstünlük verirlər. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizdə inşa etdiyi “Qaradağ” Günəş Elektrik Stansiyasında quraşdırılmış əsas qurğu və avadanlıqların demək olar ki, hamısı Çinin dünyaca məşhur şirkətlərinin istehsalıdır. Burada quraşdırılmış 570 min 720 ədəd günəş paneli də məhz bu ölkədən alınıb. Təsadüfi deyil ki, dövlətimizin başçısı müsahibəsində hazırda Azərbaycanın işçi heyətlərinin enerjinin tədarükü imkanları üzərində işlədiklərini vurğulayaraq deyib ki, artıq ən yaxşı batareyaların Çində istehsal olunduğu müəyyən edilib.

İlham Əliyevin müxtəlif beynəlxalq və regional təşkilatlarda irəli sürdüyü təkliflər və etdiyi təşəbbüslər də onu göstərir ki, Azərbaycan rəhbərliyi yaranmış vəziyyətə dünyanın böyük güclərinin müdaxilə etməsini vacib sayır. O cümlədən, Prezident İlham Əliyev bir neçə dəfə vurğulamışdır ki, indi dünya hüquqla deyil, güc tətbiqi ilə idarə edilməyə çalışılır. Dövlətlər hüquqa deyil, güc işlətməyə üstünlük verirlər və vəziyyətin ümumi mənzərəsi belədir: “Kim güclüdürsə, o da haqlıdır!”

Nərgiz Hüseynova,
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri,
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru