Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında önəmli paya malik olan KOB evləri hazırda Bakı, Yevlax və Xaçmaz şəhərlərində fəaliyyət göstərir. Bu şəhərlərdə ümumilikdə 3 KOB evi və Xudat şəhərində “Xaçmaz KOB evi”nin xidmət mərkəzi yerləşir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər təqdim olunur.
Bu fikirləri “İki sahil”ə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Orxan Məmmədov bildirib ki, KOB evlərində sahibkar bir məkana gələrək lazım olan bütün xidmətlərdən yararlanır. Nəticədə sahibkarın hər hansı xidmət üçün sərf etdiyi vaxt və əməliyyat xərcləri azalır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır. KOB evlərinin digər üstünlükləri “G2B” və “B2B” xidmətlərinin bir məkanda göstərilməsi və xidmət keyfiyyətinin ölçüləbilən olmasıdır. KOB evlərində biznesin planlaşdırılması, biznesə başlamaq, biznesin qeydiyyatı və biznesin inkişafı üzrə sahibkarlara qeydiyyat, lisenziya, icazə və digər sənədlərin alınması, vergi, gömrük məsələləri, kommunal xidmətlərə qoşulmaq, biznes planın hazırlanmasına dəstək, güzəştli maliyyə vəsaitlərinə çıxış, bank, sığorta, notarius və digər xidmətlər göstərilir.
Onun sözlərinə görə KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarların sayında müsbət dinamika müşahidə edilir. Sahibkarlara KOB evlərində 2023-cü ildə 371 mindən çox, 2024-cü ildə isə 450 mindən artıq xidmət göstərilib. Bu, sahibkarların KOB evlərində xidmət almaqdan məmnun olduğunu, vahid məkanda xidmətlərin göstərilməsinə maraqlarını göstərir.
Orxan Vahidoğlu, “İki sahil”