Təhsil cəmiyyətin sosial, iqtisadi və mədəni xüsusiyyətlərindən təsirlənən və daim dəyişən bir prosesdir. Tədris isə bu prosesin əsas elementi olaraq öyrənənlərin inkişafını təmin etmək üçün müxtəlif metod və yanaşmalardan istifadə edir. Bu proses həm fərdin, həm də ümumilikdə cəmiyyətin tərəqqisinə xidmət edir. Təhsilin məqsədi təkcə bilik ötürmək deyil, həm də tənqidi düşünmə, qərarvermə və sosial bacarıqların inkişafına şərait yaratmaqdır.
Bilikyönümlülük cəmiyyətin inkişafına təsir edən əsas amillərdən biridir və müasir dövrdə, xüsusən informasiya əsrində strateji üstünlük qazandıran vacib bir prinsip sayılır. Təhsilin bilik üzərində qurulması və əsas dəyər kimi qəbul edilməsi bilik cəmiyyətinin formalaşmasına kömək edir və insanların analitik düşünmə bacarıqlarını inkişaf etdirir. Bununla belə, bilikyönümlülüyün təkcə nəzəri biliklərlə məhdudlaşmaması, eyni zamanda, praktiki bacarıqlarla tamamlanması vacibdir. Cəmiyyətin təhsilə verdiyi rəy və tələblər bu balansın formalaşmasında mühüm rol oynayır.
Dəyər hər hansı bir fəaliyyətin nə dərəcədə əhəmiyyətli və faydalı olduğunu ifadə edən anlayışdır. Qiymətləndirmənin obyektiv və subyektiv aspektləri olduğu kimi, dəyərləndirmə də eyni şəkildə obyektiv və subyektiv yanaşmaları özündə birləşdirir. Dəyərləndirmə həm fərdi, həm də ümumi qəbul olunmuş ola bilər. Qiymətləndirmə və ya dəyərləndirmə dediyimiz anlayış hər hansı bir prosesin müəyyən kriteriyalar əsasında dəyərini və ya keyfiyyətini ölçmək məqsədi daşıyan prosesdir. Bu anlayış müxtəlif sahələrdə tətbiq olunur və məqsədə uyğun olaraq fərqli metodologiyalardan istifadə edilir. Məsələn, akademik, risk, psixoloji, eləcə də layihə və fəaliyyətlərin qiymətləndirilməsi bu sahəyə aid nümunələrdir.
Biz təhsil sahəsində akademik qiymətləndirmədən bəhs edərək, təhsil alanın bilik və bacarıqlarının yoxlanılması və müəyyən meyarlar əsasında dəyərləndirilməsini vurğulaya bilərik. Məsələn, bu proses imtahanlar, layihələr və digər qiymətləndirmə üsulları vasitəsilə həyata keçirilir. Təhsil və qiymətləndirmə dedikdə, ilk növbədə, təhsil alanlar – şagirdlər, tələbələr və magistrlər nəzərdə tutulur. Akademik qiymətləndirmə təhsilin bütün səviyyələrini əhatə edir və əsas məqsədi təhsil alanın bilik, bacarıq və nailiyyətlərini ölçməkdir. Bu proses təkcə təhsil alanın öyrənmə nəticələrini müəyyənləşdirmək üçün deyil, həm də tədris prosesinin effektivliyini qiymətləndirmək üçün əhəmiyyətlidir.
Təhsil sahəsində qiymətləndirmə metodlarından biri kriteriyaya əsaslanan qiymətləndirmədir. Bu yanaşmada təhsil alanın göstəriciləri əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun dəyərləndirilir. Məsələn, ingilis dili dərsində esse yazılarkən düzgünlük, struktur və məzmun kimi meyarlar nəzərə alınır.
Digər bir qiymətləndirmə növü normativ qiymətləndirmədir. Bu yanaşma rəqabəti təşviq edərək təhsil alanlar üçün motivasiya mənbəyi rolunu oynaya bilər. Normativ qiymətləndirmədə tələbələrin nəticələri bir-biri ilə müqayisə edilir. Məsələn, sinifdə, məktəbdə və ya universitetdə ən yüksək göstəriciyə malik tələbə ilə digər tələbələrin nəticələrinin müqayisə edilməsi onların motivasiyasını artırmağa xidmət edə bilər.
Dəyərləndirmə bir mövzunun obyektiv və subyektiv şəkildə təhlil edilərək onun əhəmiyyətinin müəyyənləşdirilməsi prosesidir. Bu yanaşma müxtəlif məqsədləri daşıyır və müxtəlif sahələrdə tətbiq edilir. Qiymətləndirmədə olduğu kimi, dəyərləndirmə də müxtəlif sahələrdə mövcuddur. Təhsil sahəsində dəyərləndirmə təhsil alanın bilik və bacarıqlarını ölçmək üçün istifadə olunur. Müasir dövrdə təhsil sahəsində rəqəmsal kompetensiya əsaslı qiymətləndirmə geniş yayılmışdır. Bundan əlavə, tədris edənlər arasında şərh əsaslı dəyərləndirmə də geniş tətbiq olunur. Dəyərləndirmə metodlarına gəlincə, testlər və imtahanlar kəmiyyət dəyərləndirməsinə aid edilir. Keyfiyyət dəyərləndirməsinə isə layihələr, tapşırıqlar və təqdimatlar daxildir.
Məcmu dəyərləndirmə anlayışını təhlil etdikdə görürük ki, bu yanaşma təhsil alanın davamlı olaraq topladığı işlərə əsaslanır. Məqsədyönlü dəyərləndirmədə isə standartlara əsaslanaraq prosesin aparılması və təhsil alanın kompetensiyanı mənimsəməsi qiymətləndirilir.
Yerli və xarici təhililəri pedaqoji istiqamətdə ümumiləşdirərək, monitorinqin əsas göstəricilərini üç cəhətdən müəyyən edə bilərik:
1) fərdin fənlər üzrə təhsil nailiyyətləri;
2) təhsildən məmnunluq;
3) tədris prosesində iştirak dərəcəsi.
Qeyd olunan üç göstərici dövlət təhsil standartlarının tələblərinin yerinə yetirilməsini qiymətləndirir. Buradan belə nəticə çıxır ki, monitorinq müəyyən bir fənnin izlənilməsini təmin edən və təhsilin tələblərinin gözlənilən nəticələrə uyğunluğunu müəyyənləşdirmək məqsədilə xüsusi təşkil olunmuş prosedurdur.
Təhsil sektorunun təklif etdiyi həll yolları mövcud problemləri aradan qaldırmağa yönəlmişdir. Eyni zamanda, təhsil ictimai-siyasi şəraitdə baş verən dəyişikliklərlə əlaqədar olaraq daim yenilənir. Təhsil qabiliyyətinin sosial-tarixi məhdudiyyətlərinə əlavə olaraq, fərdi öyrənən səviyyəsində iki əsas məhdudiyyət mövcuddur: Universal plastikliyi məhdudlaşdıran faktorlar və öyrətim prosesinin obyektiv məhdudiyyətləri.
Nəticə olaraq həm dəyərləndirmə, həm də qiymətləndirmə eyni mahiyyət kəsb edir. Tədris zamanı dəyərləndirmə ilkin mərhələ olaraq başlayır və sonrakı mərhələdə qiymətləndirməyə keçir. Təhsil alan fərd, dəyər və güvən hissi ilə əhatə olunmuş bir mühitdə özünü dərk etməli, sonra isə bilik və bacarıqlarına qiymət verilən prosesdə iştirak edərək bacarıqlarının inkişaf istiqamətini izləməli və dəyərləndirməlidir. Dəyərləndirmə bütün sahələrdə fundamental bir anlayış olaraq fərdlərin və cəmiyyətin inkişafında mühüm rol oynayır.
Leyla Quliyeva,
DİN-in Polis Akademiyasının “Dil hazırlığı” kafedrasının mülki müəllimi