19 sentyabr 2017 22:28
5749

SOCAR prezidenti Rövnəq Abdullayev Neftçiləri təbrik edib

SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər Günü münasibətilə təbriki

Əziz neftçilər!

Sizi 20 Sentyabr - Neftçilər Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində dünyanın tanınmış neft şirkətləri ilə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Sazişin -  “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müasir tarixində yeni dövrün əsası qoyuldu. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyası ötən illər ərzində ölkəmizə böyük qələbələr qazandırmış, onun geosiyasi mövqelərini möhkəmləndirmiş, davamlı sosial-iqtisadi inkişafına güclü təkan vermiş, əhalinin maddi rifahının yüksəlməsində müstəsna rol oynamışdır. Bu müqavilənin misilsiz əhəmiyyətini nəzərə alan ulu öndər Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü təsis edilməsi haqqında Sərəncam imzalamışdır. O vaxtdan Ümummilli Liderimizin Azərbaycan neftçilərinin əməyinə verdiyi yüksək qiymətin təcəssümü kimi Neftçilər Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu da təsadüfi deyil. Azərbaycanın neft-qaz sənayesi əməkçiləri ilbəil böyük uğurlara imza atır, ölkəmizin iqtisadi qüdrətinin artması üçün var qüvvələri ilə çalışırlar. Neftçi əməyinin bəhrələrindən ölkəmizin bütün vətəndaşları yararlanırlar.

Həmişə olduğu kimi, bu il də peşə bayramını sonsuz iftixar hissi və böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Bir neçə gün əvvəl “AÇG” yataqlarının işlənməsi layihəsinin 2050-ci ilə qədər uzadılması haqqında yeni Saziş imzalandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin davamlı inkişafı üçün bu Sazişin mühüm əhəmiyyət daşıdığını vurğuladı. Respublikamız son illər beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olmuş, bu sahədə böyük nailiyyətlər qazanmışdır. “Şahdəniz” yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsi və “Cənub Qaz Dəhlizi” çərçivəsində görülmüş işlər, TANAP və TAP kəmərlərinin inşa olunması, həmçinin xaricdə və daxildə həyata keçirilən investisiya layihələri üzrə işlərin gedişi bir daha sübut edir ki, Azərbaycanın enerji strategiyası ölkənin karbohidrogen resurslarından bütün dünyada sülh, əmin-amanlıq və təhlükəsizlik məqsədləri üçün istifadə olunmasına yönəlmiş inkişaf və tərəqqi konsepsiyasıdır.

Azərbaycan neftçiləri və tərəfdaşlarımız bu gün ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini dərin ehtiramla yad edirlər. Onlar yaxşı bilirlər ki, son illərdə enerji strategiyamızın qazandığı misilsiz uğurlar Ulu Öndərin möhtəşəm siyasi kursunun zəfər təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, əzmkar və məqsədyönlü fəaliyyəti nəticəsində enerji strategiyamız dünyanın neft-qaz hasil edən ölkələri üçün örnək olmuşdur. Möhtərəm Prezidentimiz “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində demişdir: “1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.

Bu il biz Şirkətimizin yaradılmasının 25 illiyini qeyd edirik. Dünya enerji bazarında etibarlı neft, qaz və neft məhsulları ixracatçısı kimi özünü təsdiq etmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inkişaf yolu ilə inamla irəliləyir. Modern, innovativ, çevik, beynəlxalq səviyyəli sənaye kompleksinə çevrilmiş Şirkətimiz regional və qlobal əhəmiyyətli  neft və qaz layihələrində Azərbaycanı ləyaqətlə təmsil edir. SOCAR respublikamızın sosial-iqtisadi həyatında yaxından iştirak edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilər ölkənin iqtisadi yüksəlişi naminə dövlət və xalq qarşısında cavabdehlik hissini heç zaman unutmurlar.

Əziz neftçilər!

Azərbaycan qədim zamanlardan dünyada “Odlar diyarı” - neft və qaz ölkəsi kimi tanınır. Bakı daim dünya neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş etmiş, neftçilərimizin istehsalat prosesinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilmişdir. Sənaye üsulu ilə ilk neft Azərbaycanda hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda, Neft Daşlarında çıxarılmışdır. Bu gün də Azərbaycan neft və qaz ixracatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə enerji siyasətimizdə qazanılan uğurların aparıcı qüvvəsi neftçilərdir. Sizin fədakar əməyiniz daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hər il Neftçilər Günü ərəfəsində onlarla qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi kollektivimizi daha da ruhlandırır. Əminəm ki, çoxminli neftçi ailəsi bundan sonra da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün var qüvvələri ilə çalışacaqdır.

Əziz neftçilər!

Hər birimiz üçün əziz olan bu əlamətdar gündə sizi bir daha səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi bildirir, Vətənimiz Azərbaycanın daha işıqlı sabahı naminə yorulmaz fəaliyyətinizdə sizlərə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev, 
SOCAR-ın prezidenti