01 mart 2025 03:02
86

Molla rejiminin türk dili qorxusu

İran hakimiyyəti bir ovuc erməniyə öz ana dilində təhsil almaq üçün hər cür şərait yaratdığı halda, on milyonlarla soydaşımızın analoji haqqını, digər təməl hüquqlarını tanımaq istəmir

Fars molla rejimi bütün gücü və resursları ilə İran adlı dövlətdə köklü türk faktorunu silməyə, türk milli kimliyini ləğv etməyə, yaxud assimilyasiya eləməyə çalışır. Çünki bunu özünün varlığına əsas təhdid sayır. Eyni səbəbdən İran hakimiyyəti bir ovuc erməniyə öz ana dilində təhsil almaq üçün hər cür şərait yaratdığı halda, on milyonlarla soydaşımızın analoji haqqını, digər təməl hüquqlarını tanımaq istəmir. Bu da növbəti sübut. Bugünlərdə İran parlamenti fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktəblərdə tədrisinə dair plana qarşı çıxış edib. Bildirilib ki, fevralın 26-da parlamentin açıq iclasında İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, məktəblərdə fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin tədrisi planı müzakirə edilib. Bununla da İran Konstitusiyasının 15-ci maddəsi pozulub. Qeyd edək ki, İranda əhalinin 60 faizi türkcə danışır. Buna baxmayaraq, İran fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktəblərdə tədrisinə qarşı çıxıb. Təbrizin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Munad İranda danışılan 84 yerli dilin 40-nın sıradan çıxdığına diqqət çəkərək, qeyri-fars dillərin qorunub saxlanılması üçün onların tədrisinin və inkişaf etdirilməsinin vacibliyini bildirib.

İran rejimi unudur ki, hər bir xalqın və fərdin öz ana dilindən istifadə hüququ BMT Nizamnaməsində, İnsan Hüquqları haqqında ümumi Bəyannamədə, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (1953-cü ildə qüvvəyə minmişdir), ATƏT-in Helsinki Yekun Aktında, habelə BMT Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapıb. Bütün bunların fonunda cənublu soydaşlarımızın haqlarını müdafiə etmək İranın daxili işinə qarışmaq deyil, beynəlxalq qanunlar əsasında onların təməl hüquqlarını tələb etmək mənasında şərh olunmalıdır.

İranda Azərbaycan dilində nəşr edilən jurnal və dərgilər də fars-molla rejimi tərəfindən ya bağlanır, ya da onlara ciddi təzyiqlər edilir. İran Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Assosiasiyasının yaydığı hesabatda bildirilirdi ki, bu ölkədə türk dilində nəşr edilən “Ulus”, “Nəsimi”, “Ölük”, “Oyanış”, “Səttarxan”, “Kimlik”, “Yoldaş”, “Aydın Gələcək”, “Qıpçaq”, “Yarpaq”, “Çənlibel”, “Yaşıl yol”, “Yurd”, “Səhər”, “Açıq söz”, “Sayan”, “Bulud”, “Hələc”, “İsəlay” kimi jurnallar hər hansı bir səbəb göstərilmədən rəsmi Tehran tərəfindən bağladılıb.

İstər Azərbaycan türkləri, istərsə də digər yerli xalqlardan olan nümayəndələri öz ana dillərində təhsil almaq hüququnu tələb edərkən onlar rejimə bağlı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq həbsə atılır. Öz ana dilində təhsil almaq hüququnu təbliğ edən ictimai xadimlər dəfələrlə rejimin təzyiqləri ilə üzləşiblər. Halbuki İranda yaşayan ermənilərin məktəblərdə erməni dili tədris olunur. Rəsmi mənbələrə görə, İranda 100 min, qeyri-rəsmi mənbələrə görə isə 500 min erməni yaşayır. ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru, milliyyətcə erməni olan Eliz Sanasarian erməniləri İranın ən yaxşı münasibət göstərilən milli azlıqlarından biri adlandırır. Təsadüfi deyil ki, İranda yaşayan bütün etnik və dini azlıqlar arasında, demək olar ki, yalnız ermənilərin öz məktəbləri var.

İranda erməni məktəblərinin sayına gəldikdə isə bu rəqəm 40-50 arasında dəyişir.

Sevinc Azadi, “İki sahil”