06 mart 2025 16:52
121

Siyasi partiyalar arasında dialoq ölkəmizdə demokratiyanın inkişafına töhfədir - Ədalət Vəliyev

Ölkədə siyasi partiyalarla dialoq və əməkdaşlıq vacibdir.

Bu sözləri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

O, Azərbaycanın inkişafında və demokratik təfəkkürün möhkəmlənməsində siyasi partiyalarla səmimi və konstruktiv münasibətlərin əhəmiyyətini qeyd edib. Ə. Vəliyev, həmçinin Azərbaycanın siyasi həyatında partiya demokratiyasının inkişafının önəmli olduğunu və dövlətin bu istiqamətdə müvafiq addımlar atdığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi mühitin daha da liberallaşdırılması və müxtəlif partiyalar arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilir. 

Ədalət Vəliyev, siyasi partiyalar arasında müzakirələrin və dialoqun cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə etməsi üçün vacib olduğunu vurğulayaraq, bu prosesin Azərbaycan demokratiyasının inkişafına töhfə verəcəyini qeyd edib. O, həmçinin, partiyalar arasında dialoqun müsbət nəticələrə gətirəcəyinə əmin olduğunu bildirib və siyasi partiyaların öz fikirlərini sərbəst ifadə etmələrinin əhəmiyyətini qeyd edib. 

PA rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışaraq bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.

Şəmsiyyə Əliqızı, “İki sahıl”