15 sentyabr 2017 22:00
745

Yeni tədris ilinin başlanması mərasimlə qeyd olunub

TTSİ-nin Qobustan Regional Təlim Mərkəzində yeni tədris ilinin başlanması mərasimlə qeyd olunub

Sentyabrın 15-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan regional təlim mərkəzində yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov İdarənin rolunu qeyd etmiş, bu il yüksək bal toplayaraq mərkəzə qəbul olunmuş şagirdləri təbrik etmiş, onların nəzəri və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli ruhlu layiqli kadrlar kimi yetişəcəklərinə əmin olduğunu söyləmişdir. Bildirilmişdir ki, şagirdlər gələcəkdə SOCAR ailəsinin üzvü olmaq üçün 10 aylıq müddətdən maksimum dərəcədə bəhrələnməlidirlər. 

TTSİ-nin Qobustan Regional Təlim Mərkəzinin direktoru Nəzakət Məmmədova Mərkəzin fəaliyyəti barədə məlumat vermiş, bildirmişdir ki, 2013-cü ildən fəaliyyətə başlayan mərkəz 48 sinif otağından, inzibati otaqlardan və labaratoriyalardan ibarətdir. Bu dərs ilində 104 nəfər gənc 10 ixtisas üzrə 10 ay müddətinə təlim prosesinə çəlb olunmuşlar. Şagirdlərdən 24 nəfəri ali, 10 nəfəri orta ixtisas, 4 nəfəri isə peşə təhsillidir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən göndərilən, uşaq evlərində böyümüş orta təhsilli 4 nəfər gənc də bu tədris ilində təlim mərkəzində təhsil alacaqlar. Tədris müddətində onlar gündəlik isti yemək və yataqxana ilə təmin olunacaqlar. 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə neft-qaz hasilatı üzrə operator ixtisasına qəbul olmuş Cəmilə Əliyeva yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, təhsildə əldə etdikləri nailiyyətlərlə ölkəmizin iqtisadiyyatına töhfə verməyə çalışacağını bildirmişdir. 

Tədbirdə çıxış edən Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, “Azneft” İB-nin baş direktorunun birinci müavini Balamirzə Ağarəhimov şagirdləri təbrik etmiş, peşəkar fəhlə kadrların hazırlanmasında göstərilən əməyə görə TTSİ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirmiş, gənclərə öz tövsiyələrini vermişlər.