15 sentyabr 2017 15:05
413

“Brent”in qiyməti son 5 ayın maksimumuna çatıb

“Brent” markalı xam neftin bir barrelinin qiyməti bazar ertəsindən indiyədək 4 faiz artıb. 55,98 dollar/barrelədək bahalaşan “Brent” nefti aprelin 17-dən bu vaxtadək ən yüksək qiymətə satılıb.

AZƏRTAC xəbər verir ki, “Layt” markalı neftin bir barrelinin qiyməti də həftənin əvvəlindən 6 faiz artaraq mayın 25-dən bu vaxtadək maksimum səviyyəyə çatıb.

Hazırda “Brent” nefti Londonun ICE birjasında 55,30 dollar/barreldən, “Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 49,75 dollar/barreldən alıcı axtarır.

Ekspertlərin fikrincə, qiymət artımına səbəb kimi qlobal neft tədarükünün avqustda azalmasını, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin istehsalını azaltmaqla bağlı öhdəliyə əməl etdikləri və saziş üzrə əməl etmə səviyyəsinin artdığını bildiriblər.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, qlobal neft təklifi avqustda əvvəlki aya görə gündəlik 720 min barrel azalaraq 97 milyon 700 min barrel olub. IEA, həmçinin, OPEC-in hasilatın azaldılması üzrə saziş üzrə öhdəliyə əməl etmə səviyyəsinin iyuldakı 75 faizdən avqustda 82 faizə yüksəldiyini açıqlayıb.