Maraq və məqsədlərin, arzu və istəklərin ciddi şəkildə toqquşduğu müasir dövrdə qlobal dünya problemlərinin həlli istiqamətində atılan bütün məqsədyönlü addımların mühüm əhəmiyyəti var. Bu baxımdan 2025-ci il 13 mart tarixində “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun işə başlaması çox təqdirəlayiq haldır. Artıq ənənə halını alan və beynəlxalq müstəvidə yüksək nüfuza malik olan Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzində duran mükəmməl beynəlxalq platformalardan biridir. Forumda müzakirə edilən məsələlərin mahiyyət və məzmunu, məqsəd və məramı kifayət qədər zəngin və genişdir.
Çağdaş dünyamız keçmişlə gələcək arasında cərəyan edən ciddi və kəskin mübarizələrin meydanıdır, sanki. Dünyanın şimalından cənubuna, şərqindən qərbinə qədər uzanan sonsuz niyyətlərin, əməl və hərəkətlərin hansı nəticələr verəcəyini düşünmək olduqca çətindir. Dünyanın “böyük”ləri böyüklük, “kiçik”ləri isə kiçiklik etmək imkanlarını ölçüb-biçməklə yeni dünya düzəni yaratmağa çalışırlar. Həqiqət isə göz qabağındadır – dünya ah-nalə, fəryad qoparır! Bu cəhətdən XII Qlobal Bakı Forumunun əhəmiyyəti çox böyükdür.
Dünyanın tanınmış ictimai-siyasi və dövlət xadimlərinin, elm və mədəniyyət sahəsində çalışan görkəmli alimlərin böyük maraqla iştirak etdikləri XII Qlobal Bakı Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitq həm ölkə, həm də dünya ictimaiyyətinin geniş marağına səbəb olmuşdur. Belə ki, cənab İlham Əliyev öz çıxışında ölkəmizin indiyədək qazandığı uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı söhbət açaraq, qeyd etdi ki, Azərbaycan Respublikası artıq beynəlxalq arenada kifayət qədər tanınan və dəyərləndirilən ölkələrdən biridir. Prezident İlham Əliyev Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin məqsəd və nəticələri barədə müfəssəl məlumat verdi. Azərbaycanın iştirakı ilə baş tutan bütün tədbirlərin, xüsusən də COP29 tədbirlərinin önəmini diqqətə çatdırdı. Bu tədbirlərin dünya ölkələrinin xeyrinə, onların hərtərəfli inkişafına bu və digər dərəcədə təsir etməsinə səbəb olduğunu vurğuladı. Cənab Prezident, eyni zamanda, Azərbaycan-Ermənistan, Azərbaycan-Avropa, Azərbaycan-ABŞ münasibətlərindən də söhbət açdı. Ölkəmizə qarşı olan qərəzli münasibətlərin acı nəticələri barədə öz fikir və düşüncələrini bölüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışı zamanı söylədiyi və toxunduğu bütün məsələr bu Forumun nə qədər mühüm əhəmiyyətə malik olduğuna əyani sübutdur. Bu məqamda möhtərəm Prezidentimizin Forumda söylədiyi bu fikirlər tam yerinə düşür: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Mən dünən İdarə Heyətinin üzvləri ilə görüşdüm. Bu gün söyləmək istərdim ki, biz Mərkəzin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq”.
Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini