18 mart 2025 10:41
123

Novruz bayramı milli birlik və həmrəyliyimizin rəmzinə çevrilib

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri Azərbaycan xalqının milli adət-ənənələrini, yüksək mənəvi-əxlaqi dəyərlərini, zəngin irsini özündə əks etdirərək milli yaddaşında və həyatında öz layiqli yerini tutmuşdur. Bu el bayramı keçmişlə müasirliyin simvoluna çevrilməklə xalqımızın öz tarixi-mədəni irsinə yüksək ehtiramını, dərin bağlılığını nümayiş etdirir.

Novruz bayramı bütün ictimai-siyasi dövr və mərhələlərdə milli birlik, humanizm və həmrəyliyimizin möhkəm rəmzinə çevrilmişdir. Bu əziz bayram günlərində düşüncə və baxışlarından asılı olmayaraq ictimaiyyətin bütün üzvləri xoş niyyət nümayiş etdirərək Norvuzun barışdırıcılıq və sülh məramına sığınır.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Novruzda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. “Bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Ümummilli Liderimiz ötən əsrdə sovet ideologiyasının qadağalarına baxmayaraq, Novruz bayramının milli xalq bayramı səviyyəsində keçirilməsi üçün böyük əmək sərf etmiş, bayramın milli dirçəlişimizdəki yerini və əhəmiyyətini nəzərə alaraq milli ideologiyamızın dərin sütunlarından biri kimi əbədiliyinin qorunub saxlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Ötən əsrin 70-ci illərində Novruz bayramı məhz Ulu Öndərin xeyir-duası ilə qeyd olunmağa başlandı, dövlət televiziyasında el şənliklərinə dair reportajlar yayımlandı. Eyni zamanda, Novruz bayramı həmin illərdə ədəbi-bədii əsərlərdə geniş tərənnüm tapdı, filmlərdə, incəsənət əsərlərində təbliği genişləndi. Novruz haqqında bəstəkarlarımız müxtəlif mahnılar yazdı, “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri çəkildi. Beləliklə, o çətin dövrdə Novruz Azərbaycan xalqının mili yaddaşında və şüurunda bağlılığını möhkəmləndirdi.

Xalqımızın milli özünüdərk hadisəsinin güclənməsində müstəsna rol oynayan Novruz bayramı müstəqilliyini bərpa edən suveren Azərbaycan dövlətinin ən sevimli bayramlarından biri kimi əsl ümumxalq ənənəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin birbaşa tapşırığı ilə Novruz dövlət səviyyəsində ən yüksək səviyyədə qeyd edilməyə başlandı. Ulu Öndərin özü hər il Novruz şənliklərinə qatılaraq bu əziz günlərdə xalqın arasında olar, bayram münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edib, sadə insanlarlarla səmimi söhbətlər edər, xalqımıza xeyir-dua verərdi. Bu, xalqımızın birlik və həmrəylinin daha da möhkəmlənməsində güclü siyasi-ideoloji təsir göstərirdi.

Heydər Əliyevin yaşatdığı və inkişaf etdirdiyi zəngin milli ənənəni davam etdirən Prezident İlham Əliyev Novruz bayramını xalqımızın milli ideyasını gücləndirən hadisə kimi mütəmadi diqqətdə saxlayır, hər bayramda xalqımızı təbrik edir, bayram ərəfəsində minlərlə ailəni sevindirir.

Novruz milli siyasi ideologiya kimi xalqımızın sıx birlik və həmrəyliyini möhkəmləndirməklə ən ali məqsədimiz olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında da rəmzi məna daşımışdır.

Xalqımız hər il Novruz bayramında, İlaxır çərşənbədə niyyət tutaraq Qarabağın azad edilməsini dua edirdi. Nəhayət o müqəddəs gün xalqımıza qismət oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Heydər Əliyevin 1996-cı il martın 21-də Qoşa Qala qapısı önündə Novruz şənliyində çıxışı zamanı dərin inamla söylədiyi  “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik” arzusu yerinə yetirildi.

Yenilməz Sərkərdənin rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızı erməni işğalından azad edərək bu torpaqlara da Novruz müjdəsini gətirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra cənab İlham Əliyev ailə üzvləri ilə birgə qələbəmizin ən ali zirvəsi olan Şuşada ilk Novruz tonqalını alovlandırdı, Cıdır düzündən xalqımızı təbrik edərək ən sevincli ürək sözlərini çatdırdı. Cənab Prezident növbəti Novruz bayramını 2022-ci ildə Suqovuşanda qeyd edərək ən xoş duyğularını xalqımızla bölüşdü. Dövlət başçısı 2023-cü il martın 18-də Talışda olaraq üçüncü dəfə Qarabağdan Novruz təbriklərini xalqımıza ünvanladı.

Prezident İlham Əliyevin azad ərazilərdə xoş ənənəyə çevrilən növbəti ‒ dördüncü təbrik ünvanı Xankəndi oldu, 2024-cü il martın 18-də Xankəndidə Novruz tonqalı alovlandı. Bu, Azərbaycan dövlətinin və xalqının öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra ən əziz və xoş günləri, qürurverici anları kimi yadda qaldı.

Novruz bayramı bolluq, bərəkət və xeyirxahlıq rəmzidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva Novruz bayramında xalqımıza ən xoş duyğularını çatdırır, aztəminatlı ailələrə və digər həssas kateqoriyadan olan ailələrə bayram sovqatları göndərilir.

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başlamış, aksiya Novruzun atributlarından olan Ana təbiətin oyanmasında, ətraf mühitin sağlamlaşdırılmasında mühüm rol oynayıb.

Novruz həm də dünyanın ən zəngin mədəni irsi, salnaməsidir. Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilib. 2009-cu il oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi adıçəkilən siyahıya salınıb. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Ramid Namazov,
​Milli Məclisin deputatı