18 mart 2025 10:42
203

Qlobal dəyişikliklər yeni başlayıb

Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu xatırladaraq ətrafda baş verən böhranlardan regionun qorunmasının vacibliyini vurğuladı. Hazırda nisbətən sakit dövr olsa da, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalıdır. Ölkə başçısı bildirdi ki, regionla əlaqədar geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqət regional problemlər və regional fürsətlər üzərində cəmləşdirilməlidir. 
Azərbaycan milli maraqlar məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Prezident İlham Əliyevin yanaşması ondan ibarətdir ki, qlobal nizamı olduqca düzgün qiymətləndirir.
“Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev qeyd etdi ki, hər bir ölkə öz taleyinin sahibi olduğunu anlamalıdır. Azərbaycan öz resurslarına güvənərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Prezident İlham Əliyev müsahibəsində realist olmağa üstünlük verdiyini qeyd edərək növbəti aylar, hətta illərdə sabitliyə nail olunacağını düşünmədiyini bildirdi. 
Ölkə başçısı vurğuladı ki, Rusiya-Ukrayna müharibəsi dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.
“Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsinin olmadığını diqqətə çatdırdı. Ölkə başçısı bildirdi ki, sakitlik və itkilərin olmaması bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Təkcə Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə qlobal dəyişikliklərin yenicə başladığını bildirdi və bunun Vaşinqtonda baş verən hadisələrdən ibarət olduğuna diqqət çəkdi. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı  baş verənlərin və bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğuna diqqət çəkdi.  Ölkə başçısı bunun qlobal geosiyasi dəyişikliyin mənbəyi olduğunu qeyd etdi.  

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri