18 mart 2025 10:43
149

Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və qətiyyətli mövqeyi  həyata keçirdiyi düşünülmüş siyasəti ilə bir daha təsdiqlənir

Ölkə rəhbərinin "Euronews" televiziyasına müsahibəsi bir daha göstərdi ki, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə uğurlu daxili və xarici siyasət həyata keçirilir. Dövlət başçısının vurğuladığı məsələlər, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və qətiyyətli mövqeyini, milli maraqlarını qorumaq üçün həyata keçirdiyi düşünülmüş siyasəti bir daha təsdiqləyir. Milli maraqlar məsələsində heç kəsə, heç bir dövlətə güzəştə getməyən dövlət başçısının bu gün qürurunun  arxasında bu gün var olan, yenidən qurulan, azad, abad Azərbaycan dayanır. Ölkə rəhbəri  İlham Əliyev dünyada baş verən proseslərə öz təcrübəsindən, nüfuz və sərştəsindən, bütün çətinlikləri dəf edərək çatdığı həqiqətlərdən çıxış edərək fikir bildirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsində qlobal münaqişələrin artmasının dünya sabitliyinə mənfi təsir etdiyini vurğuladı və hər bir ölkənin öz taleyini idarə etməsinin vacibliyini qeyd etdi. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginliklər, dövlətlərin öz milli maraqlarını qorumağa çalışdıqları və xarici yardımlara arxalanmadıqları bir dövrün əlamətləridir. Prezident, bu cür hadisələrdən alınması gərəkən dərsləri açıqlayaraq, dövlətlərin öz güclərinə və daxili resurslarına daha çox güvənmələrinin əhəmiyyətini vurğuladı.

Məhz cənab İlham Əliyev müsahibəsində   öz ölkəsinin təcrübəsinə əsaslanaraq, heç bir əlavə köməyə, yardıma bel bağlamayaraq irəli getməyin, qalib olmağın, uğur qazanmağın yollarını göstərir .  Azərbaycanın bundan sonrakı inkişafında da şəxsi potensiala və daxili resurslara güvənərək irəliləyəcəyini önə çəkir. “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”. Eyni zamanda Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Cənubi Qafqaz uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Lakin Azərbaycan post-münaqişə dövründə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi önəm verir. Dövlət başçısının vurğuladığı kimi, növbəti hərbi qarşıdurmanın qarşısını almaq üçün davamlı sülh sazişi imzalanmalıdır. Bu baxımdan, Azərbaycanın strateji yanaşması özünü doğruldur. Qarabağ məsələsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir. Ölkəmiz müharibədən sonra bərpa və quruculuq işlərinə yönəlmiş, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələrinə start vermişdir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan milli maraqlarını təmin etmək üçün heç bir xarici təsisata və ya dövlətə güvənmədən, öz resurslarına əsaslanaraq siyasət yürüdür. Ölkə başçısının müsahibəsi hər zamankı kimi milli maraqların üzərində qurulmaqla, həmçinin dünyada baş verən münaqişə və ziddiyyətlərə vurğusu ilə də seçilir. Prezident İlham Əliyev şəxsi təcrübə və qənaətlərinə əsaslanaraq, analiz və təhlillərini sərgiləyir. Azərbaycan-ABŞ münasibətlərinin dinc məcraya düşməsini bildirir, Rusiya-Ukrayna arasında davam edən müharibə ilə bağlı qənaətlərini bölüşür və Azərbaycan-Ermənistan arasında hələ də həllini gözləyən sülh müqaviləsini yenidən aktuallandırır. Prezident haqlı olaraq bildirir ki, sülh müqaviləsi imzalanmayınca müharibə bitmiş sayılmır. Qlobal kollektiv yanaşma olaraq hadisələrdən nəyi öyrənərək irəliləmək olar fikrinə gəlincə cənab Prezident bildirib ki, “Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya h eç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”.

XII Qlobal Forum Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ideyaların toqquşmasına rəvac verən platforma olaraq dəyərləndirilir. İlk növbədə, foruma qatılan 50-də artıq sabiq dövlət və hökümət başçılarının siyasi potensialına, təcrübə və biliklərinə inamla yanaşmaq, bu təcrübələrdən xoş məramlar istiqamətindən yararlanmaq meylini meydana qoyur. İkinci mühüm məqam, fikir plüralizminin önə çəkilməsidir. İlham Əliyevin panellər arasında gedən qızğın müzakirələrin ümumi işin xeyrinə olacağını vurğulaması bu baxımdan səbəbsiz deyil. Çünki böyük ideyalar adətən fikir müxtəlifliyi və müzakirələrin mövcud olduğu şəraitdə hasilə gəlir.Bütün yönləri ilə birlikdə XII Qlobal Forum Azərbaycan dövlətinin müsbət imicinin güclənməsinə xidmət edən platforma olaraq xalqlar arasındakı nizama və sülhə xidmət edir.

Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycanın daxili və xarici siyasətinin uğurlu olması Prezident İlham Əliyevin uzaqgörən və prinsipial liderliyinin nəticəsidir. Dövlət başçısının qətiyyətli mövqeyi və həyata keçirdiyi islahatlar Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, ölkəmizi regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır

Ayaz Cəbrayılov,
YAP Kürdəmir rayon təşkilatının sədri