14 sentyabr 2017 15:13
993

“Azneft” İstehsalat Birliyinin sahələrinə baxış keçirilib

“Neft Daşları” NQÇİ-nin 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsində işlər yekunlaşıb

Payız-qış mövsümünə hazırlıqla bağlı “Azneft” İstehsalat Birliyinin sahələrinə baxış keçirilib.

AZƏRTAC “Azneft”ə istinadla xəbər verir ki, birliyin “Neft Daşları” neft-qaz çıxarma idarəsində (NQÇİ) və “Abşeronneft” NQÇİ-də səyyar müşavirə keçirilib. Müşavirələrin məqsədi buradakı bir sıra istehsalat və tikinti obyektlərinə baxış keçirilməsi, işlərin aparılma tempinin yoxlanılması və istifadə olunan texnologiyaların araşdırılması, eyni zamanda, payız-qış mövsümünə hazırlıqla bağlı olub.

“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyəti əvvəlcə “Neft Daşları”nda olub. İşçi heyəti “Neft Daşları” NQÇİ-nin 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsinə (İNYM) baxış keçirib. Bildirilib ki, müasir standartlara cavab verən və yeni texnologiyalarla təchiz olunmuş İriləşdirilmiş Neftyığma Məntəqəsində işlər yekunlaşıb. Həmçinin sözügedən obyektin istismarı ilə mərkəzləşdirilmiş qaydada lay sularının yığılması ilə ətraf mühitin mühafizəsi daha da təkmilləşəcək.

Sonra estakada, estakadayanı meydançaların cari vəziyyəti ilə yaxından tanış olunub. Görülən işlərlə bağlı bir sıra texniki tədbirlər müzakirə olunub, çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tədbirlərin görülməsi üçün lazımi tapşırıq və tövsiyələr verilib.

Səyyar müşavirə “Abşeronneft” NQÇİ-də davam etdirilib. Burada, əvvəlcə, Pirallahı adasında tikintisi başa çatmış yeni neft yığım parkında görülmüş işlər ilə yerindəcə tanış olunub. Yeni neft yığım parkının texnoloji cəhətdən, ekoloji baxımdan müasirliyi və yüksək standartlara cavab verməsi ilə fərqlənəcəyi vurğulanıb.

Qeyd edək ki, parkda 24 ədəd neft çəni quraşdırılıb. Həmçinin 2 mərtəbəli inzibati bina, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, ayrılıqda neft və lay suyu üçün nasosxana, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kilovoltluq yarımstansiya binasının tikintisi başa çatdırılıb. 24 çəndən 3 ədədi 3000, 6 ədədi 2000, 4 ədədi 1000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi isə 100 kubmetr maye tutumuna malikdir. Yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılıb. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları müasir standartlar səviyyəsinə çatdırılıb.

Hər iki səyyar müşavirənin ardından aidiyyəti mütəxəssislərin iştirakı ilə iclas keçirilib. Səyyar müşavirənin yekunları müzakirə edilib. Birliyin baş direktoru D.İskəndərov payız-qış mövsümünə keçidlə bağlı bütün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, təhlükəsizlik tədbirlərinin zəruriliyini vurğulayıb.

Payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığı, hazırlıqla bağlı birliyin bütün idarələrində təhlillər aparıldığı, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyü, hazırlıq vəziyyətinin təhlili və hazırlıq işlərinin gedişatı ilə bağlı hər hansı ciddi bir çatışmazlığın olmadığı bildirilib.

İclasların sonunda isə, D.İskəndərov sözügedən idarələrdəki çatışmazlıqlar barəsində məlumatları dinləyib və həmin problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib.