01 aprel 2025 20:39
188

Pakistan Prezidentinin vəziyyəti pisləşib, təcili xəstəxanaya çatdırılıb

Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.