06 aprel 2025 18:43
148

Papuaşvili: Avropada bəziləri Rusiyaya qarşı eskalasiya və sanksiyalardan imtinaya görə Gürcüstandan inciyib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkəsi Rusiya ilə eskalasiyaya getməkdən və qarşılıqlı sanksiyalar tətbiq etməkdən imtina etdiyi üçün Avropada bəzi dairələr ölkəsinə qarşı narazılıq nümayiş etdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Ş.Papuaşvili Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Ş.Papuaşvilinin sözlərinə görə, Gürcüstan nümayəndə heyəti Belçikanın hər iki palatasının sədri ilə keçirilən görüşdə Avropa ilə münasibətlərdə yaranan gərginliklərin səbəblərini izah edib:

“Son illər bəzi Avropa siyasi dairələrinin Gürcüstandan gözləntiləri olub. Onlar istəyirdilər ki, Gürcüstan Rusiya-Ukrayna müharibəsi fonunda eskalasiyaya getsin, sərhədlərini və hava məkanını bağlasın, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin. Amma biz bu addımların ölkəmizin ziyanına olacağını bildiyimiz üçün imtina etdik. Nəticədə Avropada bəzi dairələr bizə qarşı küskün, narazı və ya qəzəblidirlər”.

O qeyd edib ki, Gürcüstanın mövqeyi Avropa tərəfinə ətraflı şəkildə izah olunub və artıq bu yanaşmanın mahiyyəti anlaşılır:

“Biz parlamentlərarası əməkdaşlığa önəm veririk. Amma Avropa Parlamentindən Gürcüstana sanksiyalarla bağlı tələb gələndə və bunun müqabilində heç bir təhlükəsizlik və iqtisadi təminat təqdim olunmur, bu, məsuliyyətsiz yanaşmadır”.

Papuaşvili həmçinin bəzi Avropa siyasətçilərinin Gürcüstandakı seçki prosesinə müdaxilə etdiklərini də qeyd edib:

“Biz xatırlayırıq ki, Baltikyanı ölkələrin bəzi nazirləri seçkiqabağı dövrdə aksiyalarda iştirak edirdilər. Bu məsələləri də diqqətə çatdırdıq”.

O vurğulayıb ki, Gürcüstan yalnız öz xalqına və milli maraqlarına güvənməlidir:

“Əvvəllər də görmüşük ki, müharibələrdən sonra beynəlxalq münasibətlər dəyişir və tərəfdaş kimi təqdim olunanlar müəyyən vaxtdan sonra fərqli mövqe tutur. Ona görə də yalnız öz gücümüzə arxalanmalıyıq”.

Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyəti Şalva Papuaşvilinin rəhbərliyi ilə IPU-nun Daşkənddə keçirilən 150-ci Assambleyasında iştirak edir.