İdarə kollektivinin səmərəli fəaliyyəti nəticəsində hasilatın həcmi artıb. NQÇİ-dən əldə etdiyimiz məlumata görə, 2015-ci ildə neft-qaz hasilatı üzrə plan-tapşırıqlar artıqlaması ilə yerinə yetirilib. Plan üzrə 303400 ton neft hasilatı nəzərdə tutulduğu halda, faktiki 323221 ton neft hasil olunub. Plan 106,5 faiz yerinə yetirilib. Neft təhvili planına isə 106,6 faiz əməl olunub. Belə ki, 299450 ton neft təhvili nəzərdə tutulduğu halda, faktiki olaraq 319283,5 ton neft təhvil verilib.
Bununla yanaşı, yanvar-dekabr aylarında qaz hasilatı planı 102,5 faiz yerinə yetirilib. Plan üzrə 44 milyon 200 min kubmetr qazın hasil olunması nəzərdə tutulduğu halda, faktiki olaraq bu rəqəm 45 milyon 285 min kubmetrə bərabər olub. NQÇİ-də, həmçinin plan üzrə 27 milyon 800 min kubmetr qaz təhvili nəzərdə tutulduğu halda, faktiki 28 milyon 979,5 min kubmetr qaz təhvil verilib. Plan 104,2 faiz yerinə yetirilib.
Bununla yanaşı, digər texniki-iqtisadi göstəricilər də yüksək olub. Ötən dövr ərzində 700 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 1077 quyuda texniki tədbir aparılıb. Nəticədə 3500 tona qarşı, 5599 ton neft hasil olunub. Həmçinin 90 quyuda geoloji tədbir nəzərdə tutulduğu halda, 106 quyuda geoloji tədbir görülüb. Nəticədə 12500 tona qarşı, 15289 ton əlavə neft çıxarılıb. Həmçinin 231 quyuda əsaslı, 2966 quyuda yeraltı təmir işi görülüb.
Hesabat dövründə qazmadan istismara 38 quyu daxil edilib, nəticədə bu quyulardan 35943 ton neft hasil olunub. Fəaliyyətsiz quyu fondundan 24 quyu əvəzinə, 31 quyu təmir edilərək istismara daxil edilib, nəticədə 14582 ton neft çıxarılıb. Qeyd edək ki, NQÇİ üzrə ümumi istismar quyu fondu 556-ya bərabərdir. Onlardan 488-i fəaliyyətdə olan quyu fonduna, 60-ı isə fəaliyyətsiz fonda daxildir. 8 quyu isə mənimsəmədədir.
İl ərzində əmək şəraitinin yaxşılaşdırılması, əl əməyinin yüngülləşdirilməsi, istehsalat proseslərinin mexanikləşdirilməsi məqsədilə aidiyyəti şöbələr və baş mütəxəssislərlə birgə nomenklatur tədbirlər planı hazırlanıb. Planda istehsalat binalarında yanğın siqnalizasiya sisteminin quraşdırılması, elektrik təhlükələrinin qarşısını almaq üçün xəbərdaredici vasitələr-plakatlarla təmin olunması, hidrotexniki qurğularda qəzalı döşəmə hissələrin təmiri, istehsalat və köməkçi binaların iş yerlərində normal istilik rejiminin təmini, xilasedici qayıqların və salların quraşdırılması, 4 saylı QKS-da boru xətlərinin üzərindən keçidlərin hazırlanması, şimal estakadasının 691-11 və 11-4 saylı EYM-lar arası əvəzedici estakadanın tikintisində piyada keçidlərinin hazırlanması, 1 saylı NQÇS-in bütün sahələrində açıq havada işlərin aparılması zamanı günəş şüalarından və yağıntılardan qorunmaq üçün örtüklərin quraşdırılması, QƏYTS-nin mexaniki sahəsində açıq havada işlərin aparılması zamanı günəş şüalarından və yağıntılardan qorunmaq üçün örtüklərin quraşdırılması və s. işlərin görülməsi nəzərdə tutulub.
Hesabat dövrü ərzində idarənin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası və Əməyin mühafizəsi şöbəsi tərəfindən bütün struktur bölmələrdə əmək şəraitinin vəziyyəti yoxlanılıb, aşkar edilən bəzi çatışmazlıqlar aradan qaldırılıb. Sahələr arasında qarşılıqlı yoxlamanın yekunları müvafiq olaraq rəsmiləşdirilir, qarşılıqlı yoxlamanın nəticələri barədə yoxlayan sahə rəhbərləri tərəfindən təqdimat hazırlanır və digər tərəfin, idarənin MTİ-nin iştirakı ilə təqdim olunur. Aşkar olunan nöqsanlar birgə müzakirə olunur, aradan qaldırılması üçün müvafiq tədbirlər nəzərdən keçirilir.
Ötən il işçilərin təhlükəsizliyinin təmin edilməsi, onlara təhlükəsiz iş üsullarının öyrədilməsi, biliyinin artırılması, işçilər arasında maarifləndirməni gücləndirmək məqsədilə struktur bölmə rəhbərlərinin, baş mütəxəssislərin iştirakı ilə slayd formasında təqdimatlar keçirilib. Belə prezentasiyalar odsöndürücülərdən istifadə edilməsi, işlərin təhlükəsiz icrası prosedurları, riskin qiymətləndirilməsi, təxliyə raportu, insident raportu, ilk yardımın göstərilməsi, elektrik təhlükəsizliyi və s. müxtəlif mövzular üzrə hesabat dövrü ərzində 32 prezentasiya keçirilib. Bundan əlavə hesabat dövründə istehsalat sahələrində işçilər arasında “Yanğın zamanı ilkin yanğınsöndürmə vasitələrindən istifadə və davranış qaydaları”, “Xəsarət alana ilk tibbi yardımın göstərilməsi və belə hallarda davranış qaydaları”, “Fontana qarşı təlim”, “İşçilərin təxliyəsi” mövzuları üzrə 183 təlim-məşq keçirilib. Hesabat dövrü ərzində idarə üzrə peşə xəstəliyi və bədbəxt hadisə qeydə alınmayıb.
Qeyd edək ki, NQÇİ-də işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib.
Nail Rəhimzadə, “İki sahil”