Bu gün Azərbaycan qlobal əhəmiyyətli mühüm layihələrə imza atır. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət, Azərbaycanın müasir dövrdə belə qlobal və tarixi layihələri icra etməsi ölkəmizin gəlirlərinin artmasına, xalqın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.
Həqiqətən də bu gün dünyanın enerji təhlükəsizliyinin reallaşdırılmasında Azərbaycanın liderliyi ilə həyata keçirilən layihələr mühüm önəm daşıyır. Bu baxımdan respublikamızda son illərdə kəşf olunan yataqlar sırasında böyük potensiala malik “Şahdəniz” xüsusi yer tutur. “Şahdəniz” təkcə Xəzər regionunda deyil, eyni zamanda, bütün dünyada kəşf olunan ən zəngin qaz-kondensat mənbələrindən biridir. Hesablamalara əsasən, “Şahdəniz”in 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat ehtiyatları var. “Cənub Qaz Dəhlizi”nin əsas ehtiyat mənbəyi də məhz bu yataqdır.
“Biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik” deyən dövlətimizin başçısı İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında Azərbaycanın dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrildiyini bildirib.
“Şahdəniz-2” layihəsi “Cənub Qaz Dəhlizi”nin vacib seqmentidir. Dəhlizin sonrakı hissələrini CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans Anadolu Qaz Boru Kəməri) və TAP (Trans Adriatik Qaz Boru Kəməri) təşkil edir. Hazırda “Şahdəniz-2” müqavilə sahəsində nəzərdə tutulan işlər qrafikə uyğun şəkildə reallaşdırılır. Belə ki, quraşdırılacaq iki platformadan birincisinin üst modullarının dənizə yola salınması Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində aparılan genişmiqyaslı işlər sırasında xüsusi önəm daşıyır.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrasında hazırda 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Gələcəkdə layihəyə 3 Balkan ölkəsinin qoşulacağı da gözlənilir. Azərbaycan bu layihənin təşəbbüsçüsü və aparıcı qüvvəsidir. Belə ki, tərəfdaşlarla birlikdə reallaşdırılan layihə bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək, eləcə də Azərbaycanın enerji ixracı yollarını şaxələndirəcək.
Qeyd edək ki, “Şahdəniz-2” layihəsi üzrə işlərin 96 faizdən çox hissəsi tamamlanıb. Fəaliyyət dövründə Azərbaycanda 24 min yeni iş yeri açılıb. “Şahdəniz Mərhələ-2” üzrə işlənilmə planına bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu ilə qazılan ən az 26 sualtı quyu, suyun 500 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda boru kəmərləri və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. “Şahdəniz Mərhələ-2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Buna görə ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni ildə 10 milyard kubmetr qaz Avropa alıcılarına çatdırılacaq.
Bu günlərdə Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. Mərasimdə iştirak edən Prezident İlham Əliyevə məlumat verilib ki, “Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Qeyd edək ki, Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə “Şahdəniz Mərhələ-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.
“Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, “Şahdəniz” qaz yatağının işlənilməsi bizim üçün strateji layihədir: “Şadam ki, bu istiqamətdə də işlər yaxşı gedir. İndi mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb. Bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil. ...”Şahdəniz”ə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək. ...Əmin olduğumu bildirmək istəyirəm ki, “Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində öz qiymətli rolunu oynayacaq, ölkəmizin güclənməsinə töhfəsini verəcək.”
Orxan Vahidoğlu, “İki sahil”