Xalq artisti Hacı İsmayılov: Mən ruhən Mustafa, cismən Hacı İsmayılovam
Hacı İsmayılov… O, “Ad günü”, “Həm ziyarət, həm ticarət” filmlərindəki Mustafa müəllim kimi də tanınır. Daha doğrusu, Mustafa müəllim artıq neçə ildir onun adının sinoniminə çevrilib. Milyonların yaddaşına bu adla həkk olunmuş Hacı müəllimə söhbət zamanı hərdən “Mustafa müəllim” deyərək müraciət etməyim də bundan qaynaqlanırdı. Beləliklə, müsahibimiz Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovdur.
- Hacı müəllim, sizi teatr aktyoru, həm də kino aktyoru kimi ilk dəfə kim üzə çıxarıb?
-Dördüncü sinifdə oxuyanda Xalq artisti, professor, milli kino sənətimizin inkişafında xidmətləri olan Tofiq İsmayılovun dram dərnəyinə üzv yazılmışdım. İlk dəfə səhnəyə elə bu dərnəkdə Novruz Gəncəlinin "Gənc ustalar" adlı birpərdəli pyesində çarpayıda uzanaraq tütək çalmaqla məşğul olan tənbəl Mahmud obrazı ilə çıxmışam (O vaxt belə dərnəklər uşaqların vətənpərvərlik ruhunda yetişməsində çox böyük rol oynayırdı). Tamaşa günü zal məni necə tutdusa özümü itirdim və mətntdəki sözlərin yerini qarışdırdım. Buna rəğmən özümü toparlaya bildim. Tamaşa başa çatan kimi bizi alqışladılar, mən də qürurlandım. Amma peşəkar aktyor kimi tanınmağımda görkəmli rejissor Rasim Ocaqovun danılmaz xidməti olub. Belə ki, o məni “Ad günü” filmindəki Mustafa müəllim roluna çəkdi. O film mənə böyük tamaşaçı rəğbəti qazandırdı. Məhz Mustafa müəllim əgər belə demək mümkünsə, mənim sənət aləmimin vizit kartı oldu. Onu da bildirim ki, sənət aləmində öz məktəbi olan bu görkəmli rejissorun 5 filmində rol almışam.
“O sevinci indi də yaşayıram”
- Özünüzü sənət aləmində bəxti gətirmiş sənətkar hesab edirsinizmi?
-Bəli, bəxti gətirən aktyoram. Elə aktyorlar var ki, ancaq teatrda çalışırlar. Onların kino, ya da televiziya fəaliyyətləri olmur. Mən isə teatrla yanaşı, filmlərə, televiziya tamaşalarına da çəkilmişəm. Dönüb geriyə baxdıqda çox sevinirəm ki, bu sahələrə də nüfuz edə bilmişəm. Bu mənada yaradıcılığımı 3 yerə - teatr, kino və televiziya fəaliyyətinə bölmək olar.
- 1980-ci ildə “Ad günü” filmindəki Mustafa obrazına görə siz Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüsünüz? Özü də onu sizə Ulu Öndər Heydər Əliyev təqdim edib. Bəlkə, o günü bir daha xatırlayaq.
- “Ad günü” filmi ilk dəfə o vaxtkı SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyasında nümayiş olunub. Bu da səbəbsiz olmayıb. Belə ki, həmin film sözügedən qurumun sifarişi əsasında çəkilib. Onu da deyim ki, “Ad günü” rus dilində çəkilmişdi. Biz onu sonradan dublyaj etmişik. Yeri gəlmişkən, Ulu Öndər həmin filmin ilk tamaşaçılarından olub. Hətta Ulu Öndər Mərkəzi Komitənin plenumlarının birində tədbir iştirakçılarına demişdi ki, mütləq “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Ad günü” filminə baxın. 1980-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ədəbiyyat və incəsənət üzrə respublika dövlət mükafatının təqdimat mərasimi idi. Həmin tədbirdə Ulu Öndər şəxsən özü mənə həmin mükafatı təqdim etdi. İndiki kimi yadımadadır. Mən səhnəyə çıxanda alqış sədaları qopdu. Bu zaman Ümummilli Lider belə dedi: “Görürsən səni necə alqışlayırlar? Bu sənin yaxşı aktyor olmağından irəli gəlir. Səni təbrik edir və uğurlar arzulayıram”. O an mənim həyatımda sevincli, unudulmaz və bir ömrə bərabər gün olub. O sevinci indi də yaşayıram. Doğrudur, ondan sonra Əməkdar artist, Xalq artisti adlarına və digər mükafatlara layiq görüldüm.
- Ulu Öndərlə bağlı daha hansı xatirələriniz var?
- Ümumiyyətlə, bu dahi şəxsiyyət hakimiyyətdə olduğu illərdə mədəniyyətimizin, incəsənətimizin də inkişafını diqqət mərkəzində saxlayıb. Hətta O, yeni tamaşaları izləməyə vaxt tapar, bu və ya digər tamaşanın yaradıcı kollektivi ilə də görüşər, fikir mübadiləsi aparardı. Məsələn, Ulu Öndər 1997-ci ildə Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya?” (rejissor Bəhram Osmanov) əsəri əsasında hazırlanmış tamaşanı izlədikdən sonra demişdi ki, məndə belə bir təsəvvür yarandı ki, bu fəlsəfi, psixoloji bir əsərdir, eyni zamanda elmi əsərdir: “Bu əsərdən doğan məna ondan ibarətdir ki, gərək hər bir insan nəçi olur-olsun, paklıq, mənəvi saflıq, mənəvi təmizlik uğrunda mübarizə aparsın. İnsana xas olan mənfi keyfiyyətlərdən insanları xilas etməyə çalışsın”. Həmin tamaşada mən epizodik rolların birini ifa edirdim. Ulu Öndər dedi ki, Mustafa müəllim rolunu oynayan aktyorun rolu epizodik olsa da, yaxşı oynadı. O həqiqətən yaxşı aktyordur. İndi də Ulu Öndərin yolunu Prezident İlham Əliyev davam etdirir. Özü də çox uğurla.
- Bəs “Yaşıl eynəkli adam”dakı Qafardan, “Ordan-burdan” tamaşasındakı Qoçu Gülbaladan və yaxud yaratdığınız digər obrazlardan sizə nələr qalıb?
-Şübhəsiz, tamaşacı rəğbəti, sevgisi…
- İştirakınızla çəkilmiş “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “Yol əhvalatı”, “Bəyin oğurlanması” və digər filmlərin eyni vaxtda nümayişi nəzərdə tutularsa hansına baxmağa üstünlük verərdiniz?
-Birmənalı şəkildə deyə bilərəm ki, “Ad günü”nə... Niyə? Çünki həmin film olduqca həyati, həm də səmimi, təbii, inandırıcı filmdir. Yəni, orada yalan heç nə yoxdur.
“Tear həyatımdır, kino isə məhəbbətimdir”
- Hacı müəllim, bəlkə bir qədər teat aləmindən danışaq?
- Mən teatr aktyoruyam. Elə arzum da bu olub. Mən bir müddət Sumqayıt Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışam. Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətimi davam etdirirəm. Ümumiyyətlə, mənim aləmimdə teatr möcüzədir. Amma teatrla kino arasında fərqlər də var. Mən deyərdim ki, kino bir qədər soyuq sənətdir, istiliyi azdır, amma teatr canlı sənət olduğu üçün onda istilik çoxdur. Çünki teatrda tamaşaçılarla üz-üzə, göz-gözəsən. Yəni, sən tamaşaçının nəfəsini, baxışını belə hiss edirsən. Kinoda isə bunlar yoxdur. Kino vizual sənətdir. Bir də görürsən ki, filmin axırını əvvəldə, əvvəlini axırda çəkilər. Ya da hansısa kadrı çəkmək üçün 2-3 gün vaxt sərf edirlər. Amma tearda belə deyil. Hə, kinonun bir üstün cəhət var ki, onun əhatə dairəsi, daha doğrusu, auditoriyası çox genişdir. Bütün bunları toparlayanda deyə bilərəm ki, tear mənim həyatımdır, kino isə məhəbbətimdir.
- Neçə ildir ki, teatr aləmindəsiniz. Nə əcəb indiyədək könlünüzə rejissorluq düşməyib?
- Dost-tanışlar da təxminən belə bir sualla hərdən mənə müraciət edirlər. Mənim aləmimdə rejissorluq çox böyük sənətdir. Rasim Ocaqovla birgə işləyəndə bunu əməlli-başlı dərk etdim. Başa düşdüm ki, aktyor bir rolun, rejissor isə bütün aktyorların dərdini çəkir, üstəlik rəssamın işini fikirləşir, musiqini, geyimi, işığı və başqa məsələləri həll edir. Rejissordan həm də savad, peşəkarlıq, dünyagörüşü, fantaziya tələb olunur. Hər kəs bunu bacarmır axı. Ona görə də bu sənəti seçənlər azlıq təşkil edirlər. Belə deyək, bizdə nə qədər aktyor var? Yüzlərlə... Amma rejissorların sayı aktyorların sayından qat-qat azdır. Hətta deyərdim ki, onların sayı barmaqla sayılası qədərdir. Nə gizlədim, mənim ən çox hörmət etdiyim sənət rejissorluqdur. Amma hərdən saytlarda baxıram, görürəm ki, cavan bir oğlandır, fotosunu qoyub yazıb ki, aktyor-rejissor. Belə olmaz. Axı sən rejissor kimi nə etmisən, hans filmi çəkmisən? Mənim aləmimdə, rejissorluğu oynamaq yox, rejissor olmaq lazımdır. Odur ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar.
- Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının repertuarındakı hansı tamaşalarda rollar ifa edirsiniz?
- 7 tamaşada... Hazırda teatrımızda Xalq yazıçısı Elçinin XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edən “Baş” romanı əsasında eyniadlı tamaşa hazırlanır. Bu tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Mənə bu tamaşada Münşi Məşədi Həsənağa obrazı həvalə olunub. Tamaşanın yaxın aylarda sənətsevərlərə təqdim edilməsi nəzərdə tutulub.
- Aktyorları komik, dram, faciəvi rolların mahir ifaçısı kimi təqdim etməyə çalışırlar. Bəs Hacı müəllimo onlardan hansına daxil etmək olar?
- Mənim ampluamı Rasim Ocaqov təyin edib. Mənim üçün əsas olan xarakterik rollardır. Rollarım bir qayda olaraq sadə, səmimi, inandırıcı rollardır.
- Hansısa rolda özünüzü oynamısınız?
- Mustafa rolunda... Hətta deyərdim ki, mən ruhən Mustafa, cismən Hacı İsmayılovam.
Ad çəkmək istəməzdim
- Son illər teatr aləminə gələnlər barədə nələr deyə bilərsiniz? Onlardan hansını bəyənirsiniz? Yeri gəlmişkən, görünən odur ki, onlar sizin nəsildən fərqli olaraq tamaşaçıları güldürməyə çalışırlar. Amma sizdə elə deyildi. Sizcə, bunun sirri nədədir?
- Nəsillərin bir-birini əvəz etməsi, yəni gənclərin bu sahəyə gəlmələri reallıqdır. Mənim fikrimcə, gənclərə imkan yaradılmalıdır. Unutmayaq ki, gələcək gənclərindir. Sevinirəm ki, hazırda bizdə istedadlı gənc aktyorlar var. Güman edirəm ki, onlar gələcəkdə tanınmış aktyorlar ola biləcəklər. Amma ad çəkmək istəməzdim. Yeri gəlmişkən, onu da deyim ki, son iki ildə, daha doğrusu, Adil Kərimlinin mədəniyyət naziri təyin olunmasından sonra teatr aləmimizdə bir canlanma müşahidə olunur. Bu məsələdə mən deyərdim ki, Azərbaycan Teatr Xadimləri İttifaqının da danılmaz xidmətləri vardır.
- Son illər seriallar geniş yayılıb. Seriallara dəvət alırsınızmı?
- Əvvəllər çəkilmişəm. “Bir ailəm var” serialında. Bu serialda Uğur rolunu oynamışam. Sonradan başqa bir seriala çəkilmişəm. Onun bir neçə seriyası nümayiş olunub. Amma nədənsə həmin serialın davamı çəkilmədi. Sonradan da dəvət aldım. Lakin həmin serialı çəkmək istəyənlərin peşəkar olmadıqlarını bulən kimi bu fikrimdən vaz keçdim. İndi isə seriallara çəkilməyə əsla həvəsim yoxdur. Heç buna vaxt da imkan vermir.
Tədbirlərimizi sayıq qurtarmaq olmur
- Ötən ilin yayından siz həm də Teatr Xadimləri İttifaqına rəhbərlik edirsiniz. Bəlkə, bir qədər də burada görülən işlərdən söz açasınız? Görəsən, Hacı İsmayılov ona yaxın Xalq artistinin rəhbərlik etdiyi bu ittifaqa hansı yeniliklər gətirmək niyyətindədir?
- Azərbaycan Teatr Xadimləri İttifaqının məqsədi ölkəmizdə teatr sənətinin inkişafına kömək göstərməkdir. Mən 8 il bu təşkilatın sədr müavini olmuşam. 2023-dən isə Azərbaycan Teatr Xadimləri İttifaqının sədriyəm. O ki qaldı görülən işlərə... Elə həmin ilin may ayında Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirdiyimiz “Qonaq teatr” layihəsi çərçivəsində 11 teatrı bu və ya digər tamaşaları ilə Bakıya dəvət etdik. İlk dəfə olaraq İttifaqın xətti ilə xarici, daha doğrusu, Antalya böyük şəhər bələdiyyə teatı və Trabzon Sənət teatrı qonağımız oldu. Paytaxt teatrlarının bölgələrə qastrol səfərlərini təşkil etdik. Ötən il Şəkidə IV teatr festivalı keçirildi. Bu il mart ayının 10-da, yəni Milli Teatr Günündə “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimini keçirdik. Bu tədbirin iştirakçıları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, həmçinin milli teatrın inkişafındakı xidmətlərinə görə sənətçilərə Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının mükafatları təqdim edilib. (Yeri gəlmişkən, ittifaqımızın “Qızılgül”mükatı, “Sənətkar” medalı, “Teatr xadimi” medalı, “Qızıl Dərviş” mükafatı, “Ümid” mükafatı, “Teatr fədaisi” medalı var. Sonuncu bu il təsis olunub). Tədbirdə dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze də iştirak ediblər. Gürcü qonaqlar Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" və "Teatr xadimi" medalları ilə mükafatlandırılıb. Biz bu gün də bu istiqamətdə işlərimizi davam etdirməklə yanaşı, xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağı genişləndiririk. Hətta biz bu il “Qonaq teatr” layihəsini “Teatr dünyası qonağımızdır” devizi altında həyata keçirəcəyik. Bu, həm də dünya teatr aləminə inteqrasiya deməkdir. Martın 7-də isə Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının "BAXIŞ-5" festivalı başa çatdı. Festivalın sonuncu günündə "Kişi və qadın" (Əli Əmirli) tamaşası oynanılıb. Ola bilsin ki, bu tamaşa yaxın aylarda Türkiyədə keçirilən festivalların birində, daha dəqiq desək, Trabzon teatr festivalında iştirak etsin.
Şübhəsiz, bu prosesdə türkdilli ölkələrə daha çox önəm veriləcək. Yeri gəlmişkən, bu il mart ayının 19-da Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov İttifaqımızın qonağı olub. Həmin səfər çərçivəsində Qırğız və Azərbaycan respublikalarının mədəni əlaqələrindən, iki ölkə arasında gələcək əməkdaşlıqdan bəhs edilib, bu istiqamətdə atılacaq addımlar müzakirə olunub. Eyni zamanda, müqtədir sənətkarlarımızı gənc nəsilə tanıtdırır, həmçinin bugünümüzün teatr xadimlərini diqqət mərkəzində saxlayırıq. Bütün bunlarla da Azərbaycan teatr sənətinin inkişafına öz töhfəmizi verməyə çalışırıq. Yeri gəlmişkən, biz artıq neçə ildir ki, noyabr ayının 8-də Zəfər Günü ilə bağlı bütün teatrların nümayəndələrinin iştiraki ilə bədii qiraət müsabiqəsi keçiririk. Bu il belə bir tədbir “Tarixi Zəfərimiz” adı altında təşkil ediləcək. Bu artıq həmin silsilədən olan beşinci tədbirimiz olacaq. Gördüyünüz kimi, tədbirlərimizi sayıq qurtarmaq da olmur.
- Son illərdə hansı hadisə yaddaşınıza əbədi həkk olunub?
- 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün ərazilərimiz işğaldan azad olundu və suverenliyimiz bərpa edildi. Bu tarixlər hər bir soydaşımızın, o cümlədən mənim yaddaşıma əbədi həkk olunub. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanır. Hazırda "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri gedir. Az qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektin bünövrəsi qoyulur, yeni bir ocaqda işıq yanır. Artıq işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunub. Şübhəsiz, işğaldan azad edilmiş məkanlarımızda teatrlarımız da fəaliyyətlərini bərpa edəcəklər.
Qvami Məhəbbətoğlu, “İki sahil”