16 aprel 2025 00:26
108

Ailədə düzgün tərbiyə mühiti necə qurulmalıdır?

Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu əvəzolunmazdır. Bəs sağlam, düzgün və sevgi dolu valideyn-uşaq münasibətini necə yaratmaq olar? Psixoloq, hipnoterapist Sürəyya Qulubəyova İki sahil.TV-yə müsahibəsində bu mövzuya aydınlıq gətirdi.

- Sürəyya xanım, uşaq dünyaya göz açdığı andan  onun şəxsiyyət kimi formalaşmasında valideynlərin çox əhəmiyyətli rolu vardır. Bəs sizcə, psixoloji baxımdan sağlam valideyn-uşaq münasibətinin əsas dayaqları nədən ibarətdir?

- Psixoloji baxımdan sağlam valideyn-uşaq münasibəti sevgi, anlayış, qarşılıqlı hörmət və davamlı ünsiyyət üzərində qurulur. Uşaq doğulduğu andan etibarən valideynlərinin münasibətini hiss edir. Bu münasibət onun şəxsiyyətinin, dünyaya baxışının və emosional inkişafının bünövrəsini formalaşdırır. Valideynin uşağa verdiyi sevgi təkcə fiziki qayğı ilə ölçülmür. Burada əsas məsələ uşağın emosional ehtiyaclarının ödənilməsidir. Uşaq bilməlidir ki, onu olduğu kimi qəbul edən, dinləyən və başa düşən valideynləri var. Əgər bir uşaq özünü ailədə güvənli hiss edirsə, öz fikrini sərbəst ifadə edə bilirsə və bu fikirlər dinlənilirsə, o zaman sağlam özünəinam formalaşır. Bununla yanaşı, sərhədlərin qoyulması da mühümdür. Valideyn nə qədər şəfqətli olsa da, uşağın davranışlarını yönləndirən, ona düzgün və yanlışın nə olduğunu göstərən möhkəm bir sistem də qurmalıdır. Ancaq bu sərhədlər sevgi və anlayışla tətbiq olunmalıdır. Tənqid, təzyiq və ya fiziki cəza kimi üsullar uşağın psixologiyasına zərər verir, özünü dəyərsiz hiss etməsinə səbəb olur. Əvəzində pozitiv yanaşma, səbrlə izah etmə və birgə qərar vermə uşağın məsuliyyət hissini və sosial bacarıqlarını inkişaf etdirir. Valideynin özü də emosional olaraq balanslı, özünü tanıyan və uşağı ilə vaxt keçirməyə həvəsli olmalıdır. Sağlam münasibət uşağın psixoloji sağlamlığını təmin etməklə yanaşı, gələcəkdə quracağı bütün münasibətlərə təsir edir. Valideynin uşaqla qurduğu münasibət, əslində onun bütün həyatına atılan bir izdir.

- Valideyn-uşaq münasibətində sevgi və sərhədlər necə tarazlaşdırılmalıdır?

- Valideyn-uşaq münasibətində sevgi və sərhədlərin tarazlaşdırılması uşağın sağlam psixoloji inkişafında çox əhəmiyyətli rol oynayır.  Sevgi uşağın emosional təhlükəsizlik hissini formalaşdırır, sərhədlər isə ona sosial davranış qaydalarını öyrədir. Çox zaman valideynlər “uşağımı çox sevirəm, ona görə də hər istədiyini edirəm” kimi yanaşma ilə ona sevgi göstərdiklərini düşünürlər. Halbuki bu, sevgi deyil, sərhədsizlikdir və uşağın özünü təhlükəsiz hiss etməsinə əks təsir göstərə bilər. Uşaq sərhəd görmədikdə nəzarətsiz bir dünyada olduğunu düşünür. Sağlam münasibət modeli belədir: Valideyn uşağa dəyərli olduğunu hiss etdirir, onu dinləyir, qucaq açır, duyğularını qəbul edir. Amma, eyni zamanda, ona hansı davranışların qəbulolunmaz olduğunu aydın və ardıcıl şəkildə bildirir. Məsələn, “Səni çox sevirəm, amma oyuncağı atmağın doğru deyil. Gəlin bu oyuncağı yerinə qoyaq və başqa bir şey oynayaq.” Burada həm sərhəd qoyulur, həm də uşaq sevgidən məhrum edilmədən istiqamətləndirilir. Bu balans həm uşağın özünü dəyərli hiss etməsinə, həm də məsuliyyətli şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Sevgi uşağın özünü sevməsinə, sərhədlər isə onun başqalarına hörmət etməsinə yol açır. Belə münasibət uşağı gələcək həyatına möhkəm emosional bünövrə ilə hazırlayır.

- Uşaqlarla sağlam emosional bağ necə qurulur?

- Uşaqlarla sağlam emosional bağın qurulması onların emosional, sosial və psixoloji inkişafının təməlini təşkil edir. Bu bağ “emosional təhlükəsizlik” adlandırdığımız anlayışa əsaslanır-yəni uşaq öz valideyninin yanında həm fiziki, həm də emosional olaraq güvəndə olduğunu hiss etməlidir. Əslində, uşaqda sağlam emosional bağ ilk andan -doğulduğu gündən formalaşmağa başlayır. Körpəyə toxunmaq, onu qucaqlamaq, ağladıqda dərhal cavab vermək, göz təması qurmaq onun beynində “mən dəyərliyəm, mən sevilirəm” mesajını kodlaşdırır. Bu hiss uşağın gələcək münasibətlərində etibarlı insan modeli qurmasına və özünə inamı formalaşdırmasına şərait yaradır.

- Bəs bu bağ necə möhkəmləndirilir?

- Uşağı dinləmək sadəcə sözlərini eşitmək deyil, onun duyğularını, ehtiyaclarını da anlamaqdır. “Sənin üçün bu çətindir, bilirəm” kimi ifadələr uşağa anlaşıldığını hiss etdirir. Bu, bağın möhkəmlənməsi üçün çox vacibdir. Valideyn uşağın duyğularını qəbul etməli, onu utandırmamalı və duyğularına dəyər verməlidir. “Ağlama, bu heç nə deyil” əvəzinə “Ağlamağın normaldır, sən indi qorxdun” demək onunla duyğusal körpü qurmaqdır. Uşaq yalnız sevgi görmək deyil, sabit davranışlar görmək istəyir. Valideynin bir gün sərbəst, bir gün sərt davranması emosional bağda qarışıqlıq yarada bilər. Uşaq bilməlidir ki, valideyni hər zaman onun yanındadır - sevinəndə də, ağlayanda da.

Valideyn uşaq üçün sadəcə qayğı göstərən deyil, emosional bələdçi olmalıdır. Bu bağ - anlayış, empatiya, dinləmə və qarşılıqlı hörmət üzərində qurulduqda, uşaq öz şəxsiyyətini sevgi və güvən içində inkişaf etdirə bilər.

- Tək ana və ya tək ata ilə böyüyən uşaqlarda psixoloji ehtiyaclar necə qarşılanmalıdır?

- Tək valideynlə böyüyən uşaqlarda psixoloji ehtiyacların qarşılanması çox vacibdir. Çünki belə uşaqlar emosional və sosial baxımdan bəzən çətinliklərlə üzləşə bilirlər. Tək valideynlə böyüyən uşaqlar əvvəlcə valideynlərinə qarşı daha çox emosional asılılıq göstərə bilirlər. Buna görə də onların ehtiyaclarını anlamaq və emosional dəstəyi təmin etmək çox əhəmiyyətlidir. Valideynin uşağa qarşı davamlı sevgi, diqqət və qayğı göstərməsi uşaqların psixoloji inkişafı üçün çox vacibdir. Uşaqların öz hisslərini ifadə etmələri üçün uyğun bir mühit yaratmaq və onların duyğusal vəziyyətlərini anlamağa çalışmaq da vacibdir. Tək valideynli ailədə böyüyən uşağın sağlam inkişafı üçün digər müsbət rol modellərinin olması da böyük əhəmiyyət daşıyır. Tək valideynli ailələrdəki uşaqlar üçün müsbət bir cəmiyyət dəstəyi çox faydalı ola bilər. Sosial münasibətlərin gücləndirilməsi uşağın özünə inamını artırmağa kömək edir. Eyni zamanda, bu uşaqlar üçün hər iki valideynin də tərəfdaşlığında olan bir dəstək şəbəkəsinin olması onların həyatını daha balanslı hala gətirir. Uşağa qarşı yaradılan müsbət atmosfer və anlayışlı münasibət onun inkişafında böyük rol oynayır.

- Fərqli temperamentə sahib - sakit və hiperaktiv uşaqlarla necə uyğun davranış strategiyası qurmaq olar?

- Sakit və hiperaktiv uşaqlarla uyğun davranış strategiyası qurmaq üçün valideyn ilk növbədə hər bir uşağın fərdi xüsusiyyətlərini dərk etməli və onları olduğu kimi qəbul etməyə hazır olmalıdır. Psixoloji baxımdan uşağın temperament tipi onun davranışlarına, emosional reaksiyalarına və sosial münasibətlərinə birbaşa təsir edir. Bu səbəbdən valideyn tərbiyədə vahid yanaşma əvəzinə hər uşağa öz xarakterinə uyğun  yanaşma tətbiq etməlidir. Sakit uşaq adətən daha təmkinli, düşüncəli və müşahidəçi olur. Onların yeni insanlara və situasiyalara adaptasiya olmaları  vaxt ala bilər. Bu səbəbdən sakit uşaqla münasibətdə tələsik nəticə gözləmək əvəzinə onun ritminə uyğun şəkildə yaxınlaşmaq, duyğularını ifadə etməsinə fürsət yaratmaq lazımdır. Hiperaktiv uşaq isə enerjili, hərəkətli və bəzən diqqəti tez yayınan biri ola bilər. Bu cür uşaqlar çox zaman nəzarətsiz və sözə baxmayan kimi qiymətləndirilsə də, əslində onların davranışları temperamentlərindən və neyropsixoloji inkişaflarından qaynaqlanır. Hiperaktiv uşağa qarşı sərt nəzarət və tez-tez tənqid əvəzinə onun enerjisini düzgün istiqamətə yönəltmək, maraqlı və qısa fəaliyyətlərlə məşğul etmək, hərəkətə imkan verən öyrənmə və oyun mühitləri yaratmaq daha faydalı olar. Onlar nə qədər impulsiv olsalar da qaydalara uyğun davranmağı öyrənə bilərlər - yetər ki, onlara aydın sərhədlər qoyulsun və bu sərhədlər ardıcıl şəkildə tətbiq olunsun. Ümumilikdə, istər sakit, istərsə də hiperaktiv uşaqla münasibətdə əsas olan uşağın daxili dünyasını anlamaq, onu şəxsiyyət kimi qəbul etmək və onunla qarşılıqlı hörmətə əsaslanan bir bağ qurmaqdır. Valideyn uşağın fərqliliyini üstünlük kimi görməyi bacardıqda,  uşaq həm özünü daha güvənli və dəyərli hiss edir, həm də bu münasibət sağlam psixoloji inkişaf üçün zəmin yaradır.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”