22 aprel 2025 01:57
98

Hayların təəssüfü və səmimiyyəti də saxtadır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda başlayan soyqırımı günlərində çəkilmiş nadir süjetlər bu gün böyük əhəmiyyət kəsb edir. Çünki o vaxt nəinki Xocalı, bütün Azərbaycan ağır blokada şəraitində saxlanırdı. Ona görə də vətənpərvər oğullarımızın imkan tapıb çəkdikləri nadir süjetlər indi təkzibedilməz faktlara çevrilib.

Bu günlərdə Bakıda keçirilən məlum növbəti məhkəmə prosesində Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində qaldırılan cinayət işləri üzrə açıq məhkəmədə Xocalı soyqırımı ilə bağlı tükürpədici kadrlar nümayiş etdirilib. Həmin bu insanabənzərlər işgəncə ilə öldürdükləri Xocalı sakinlərinin meyidlərinə elə  təəccüblə tamaşa ediblər ki, sanki bu vəhşi qətllərdən qətiyyən xəbərləri olmayıb. Silahsız azərbaycanlıların-qocaların, qadınların, uşaqların qarşısında pələngə dönmüş  erməni quldurları indi özlərini tülkülüyə vurublar. Özlərini elə aparırlar ki, guya heç nədən xəbərləri yoxdur. Məsələn, “prezident” Araik Arutyunyan həyasızcasına söyləyib ki, o heç kim idi, heç bir səlayiyyətə malik deyildi. Onların bəziləri isə məhkəmədə hətta guya təəssüfləndiklərini də ifadə ediblər. Bəziləri  hətta Azərbaycan xalqından üzr də istəyib.Təbii ki, bunların hamısı üzəvari, yalançı ifadələrdir. Ermənilər belə sivil, tərbiyəli, ədalətli toplum olsaydılar indi İrəvana və xarici ölkələrə köçmüş qətliam iştirakçıları da üzr istəyərdilər. Bunların isə “quyruqları qapı arasında” qaldığından özlərinə məxsus “ilan dillərini” işə salıblar ki, bəlkə cəza təyin olunanda nəzərə alınar. Həm də xatırladaq ki, müttəhimlər kürsüsündə oturanlar sadə icraçı deyillər. Onlar qırğının təşkilatçıları, plan tökənləri və başkəsənlərə əmr verənlərdir. Həmin kürsüdə azadlıqda qalan bir çox başqaları ilə bərabər bədnam Zori Balayan da oturmalı idi.

Hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. Kitabın 19-76-cı səhifələrində müəllif Xocalı soyqırımı haqqında belə yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Seyran Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Mən beləcə 1200 meyitin üstündən keçdim".

Görün qudurmuş haylar daha hansı qətlləri törədiblər.

Otuz üç il əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin "Üzünü qaldır, üzünü" deyərək lentə aldığı körpələrin görüntülərini təsqirləndirilən şəxslər də izləyiblər. Onların bəziləri videogörüntülərin onlara guya pis təsir etdiyini öz hərəkətləri ilə nümayişkəranə şəkildə göstəriblər. Bəzilərinin isə görüntülərə baxmağa üzü belə olmayıb. Əlbəttə, təqsirləndirilən şəxslərin bəzilərinin kədəri "timsahvari göz yaşlarından" başqa bir şey deyil. Digər tərəfdən isə onların xəcalət çəkməsi tamamilə normaldır. Çünki 33 il əvvəl törətdikləri əməllər insanlığa uyğun davranış deyil. Əksinə, bəşəri cinayətdir.

Həmin hadisələrdən uzun illər keçdikdən sonra tarixi faktların təqdim olunması və təqsirləndirilən şəxslərin səssiz – sakit, utanc hissi ilə həmin kadrları izləməsi təkcə Ermənistanın, o cümlədən oradakı revanşistlərin deyil, həm də ermənipərəst dairələrin konkret olaraq fakt qarşısında qalmasıdır. Beləliklə, bir daha sübut olundu ki, rəsmi Bakının uzun illər dünyaya tanıtmaq istədiyi məlumatlar tarixi reallıq, Ermənistanın Azərbaycanın nüfuzunu ləkələmək, şantaj etmək, tarixi saxtalaşdırmaq üçün ortaya atdığı dezinformasiyalar isə sadəcə sabun köpüyüdür.

Vəli İlyasov, “İki sahil”