23 aprel 2025 00:13
183

Ballıca sevinci

Keçmiş məcburi köçkün: Arzu edirəm ki, keçmiş köçkünlərin hamısı bizim yaşadığımız sevinci yaşasınlar

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir. Aprelin 21-də bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə-141 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 21 ailə-83 nəfər köçürülüb. Həmin gün Xocalının Ballıca kəndinə köçənlərin arasında Birinci Qarabağ müharibəsi qazisi, keçmiş məcburi köçkün, 1965-ci il təvəllüdlü Vüqar Qiyas oğlu Əhmədovun da 9 nəfərdən ibarət ailəsi olub.

Vüqar Əhmədov köçlə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən bildirdi ki, indi özümü dünyanın ən xoşbəxt şəxsi sayıram: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun işğaldan azad etdiyi doğma yurduma-Qarabağa qovuşmuşam. Doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir. Halbuki, 33 il əvvəl torpaqlarımız işğal olunanda evimizi, yurdumuzu gözyaşı ilə tərk etmişdim. İndi elə sevincli, qürurlayam ki… Onu da bildirim ki, mən əslən Qarabağın qəhrəman kəndi, Qırxqız dağının ətəyində yerləşən Xocalı rayonunun Kosalar kəndindənəm”.

Söhbətinin bu məqamında bir qədər fasilə verən müsahibimiz vurğuladı ki, o zaman biz - Kosalar kəndinin sakinləri qocalı-cavanlı hamılıqla kəndin müdafiəsinə qalxmışdıq: “Camaat özünümüdafiə dəstələri yaratmışdı, işğal olunmuş Cəmilli, Meşəli və Kərkicahan istiqamətlərində müdafiə postları qurub növbə ilə keşik çəkirdik. Bütün çətinliklərə baxmayaraq ermənilərin hücumlarının qarşısını alaraq Kosalar müdafiə olunurdu. Hətta ermənilərin bir neçə irimiqyaslı hücumunun qarşısını aldıq. Düşmən böyük itki verdi. Bu itkilərə görə ermənilər Qarabağda üçgünlük matəm elan etdilər. Bütün bunlardan azğınlaşan ermənilər daha böyük qüvvələrlə hücuma keçdilər. Amma 1992-ci ilin mayın 8-də Şuşanın işğalından sonra biz döyüşə-döyüşə dağlara doğru geri çəkilməyə məcbur olduq. Onu da deyim ki, bizim kənd Qarabağda axırıncı işğal olunmuş yaşayış məntəqələrindən biri idi”.

Daha sonra məcburi köçkünlük həyatından söz açan V. Əhmədov bildird ki, bu müddət ərzində onun ailəsi Göyçayda, Oğuzda, Gəncədə, Qəbələdə, Bakıda yaşamağa məcbur olub: “33 il ərzində çox əziyyətlər görsəm də günlərin birində Qarabağa qayıtmaq ümidimi üzmədim. Elə məni yaşadan da bu ümid oldu. Çox şükür ki, bu günü gördüm. Mən həqiqətən belə bir günün şahidi olduğum üçün xoşbəxtəm. Bəli, mən indi bolluca Ballıca sevinci yaşayıram. Mənə, eləcə də digər məcburu köçkünlərə bu sevinci bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini bildirir və qazilərimizə cansağlığı arzulayır, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirəm. 44 günlük Vətən müharibəsində, eləcə də birgünlük lokal antiterror əməliyyatı zamanı qazandığımız şanlı qələbələr sayəsində şəhidlərimizin qisası alındı. Rəşadətli ordumuz alnımızda olan qara ləkəni təmizlədi. Həm də qayıdışımızla məcburi köçkün, qaçqın sözü üzərimizdən götürüldü”.

27 yaşında ikən Xocalını-Kosalar kəndini tərk etdiyini xatırladan Vüqar Əhmədov vurğuladı ki, Ballıca da ona doğmadır: “Vətən həsrəti ilə yaşamış insanlar üçün burada hər cür şərait yaradılıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşuq. Evlərimiz geniş və rahatdır, infrastruktur tam təmin olunub. Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib. Bir sözlə, burada hər şey yüksək səviyyədədir. Onu da əlavə edim ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri insanın ürəyini dağa döndərir. Doğrudur, Vətənimizin hər guşəsində Böyük Qayıdışın sevinci yaşanır, amma böyük Zəfərin yaratdığı reallıqları məhz bu məkanlarda daha çox hiss edirsən”.

 V. Əhmədov söhbətini bu sözlərlə bitirdi: “Arzu edirəm ki, keçmiş məcburi köçkünlərin hamısı öz yurd-yuvalarına dönsünlər, bizim yaşadığımız sevinci yaşasınlar”.

 2023-cü ilin sentyabrında azad olunmuş Ballıca kəndində də bu gün həyat qaynayır. Qeyd edək ki, Prezident İlham Əliyev bu il fevralın 19-da Ballıcada olarkən bu kəndin bərpasının artıq son mərhələdə olduğunu vurğulayıb. Dövlətimizin başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində hazırda Ballıcada 157 ailə (742 nəfər) məskunlaşıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”