Azərbaycan və Çinin strateji tərəfdaşlığı bir-birinə hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulub. Tarixi köklərə söykənən bu prinsiplər ötən il 2024-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə rəsmi strateji müstəviyə qədəm qoyub.
Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində sözügedən Birgə Bəyannaməni şərh edərək deyib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduqlarını təsdiq ediblər. Daha sonra dövlət başçısı Astanadakı görüşü və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannaməni tarixi hadisə adlandırır və bunu Azərbaycan-Çin münasibətlərində yeni səhifə kimi qiymətləndirir.
Azərbaycan liderinin bu müsahibəsi ümumilikdə iki ölkə arasındakı əlaqələrin inkişafını, strateji tərəfdaşlığın əhəmiyyətini və gələcək perspektivlərini ətraflı şəkildə əks etdirir. Odur ki, müsahibədən çıxan nəticələrə nəzər salmaqda fayda var.
Hər şeydən öncə, bu müsahibədə ölkələrarası strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Dövlət başçısı 2024-cü ildə Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artması, ikitərəfli əməkdaşlığın genişlənməsi və müxtəlif sahələrdəki mübadilələrə dair fikirlərini bölüşüb. Məlum olub ki, ötən il Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub və ticarət dövriyyəsi 20,7% artaraq 3,744 milyard dollar təşkil edib.
“Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb”, - dövlət başçısı qeyd edib.
Əlbəttə ki, bu artım, iki ölkə arasında daha da dərinləşən iqtisadi əməkdaşlığın göstəricisidir.
Azərbaycan “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi...
Bununla belə, iki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Bu məsələyə xüsusi diqqət çəkən İlham Əliyev mövcud potensialın nədən ibarət olmasına aydınlıq gətirib. Belə ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək mühüm mexanizm kimi təqdim olunub. Həmçinin, Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərin uğur qazanmasının rəhni kimi vurğulanıb.
Müsahibədə “Kəmər və yol” təşəbbüsünün iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd edilib. Bu təşəbbüs çərçivəsində Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirməkdədir. Bu, yük daşımalarının artmasına və iqtisadi əlaqələrin genişlənməsinə imkan tanıyır.
Təsadüfi deyil ki, bu gün Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Azərbaycan bu istiqamətdə ciddi praktik layihələr həyata keçirməkdədir. Elə dövlət başçısı da müsahibəsində əminliklə deyib ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir: “2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.
Azərbaycanda son 20 ildə 21 min kilometr avtomobil yolları salınıb
Nəticə etibarı ilə rəsmi Bakı “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə edərək ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.
Müsahibəsində bununla bağlı Prezident İlham Əliyev son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salındığını və təmir olunduğunu qeyd edib. Eləcə də 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.
“Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır”, - Azərbaycan Prezidenti bildirib.
Bütün bunların nəticəsidir ki, Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub. Bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Qlobal Cənub - daha ədalətli və təhlükəsiz dünya nizamı
Müsahibədə, Qlobal Cənub-un yüksəlişi və onun qlobal idarəetməyə təsiri də müzakirə edilib. Prezident Qlobal Cənubun tərkibində olan ölkələrin BMT-yə üzv dövlətlərin üçdə ikisini təşkil etdiyini vurğulayaraq, bu ölkələrin daha ədalətli və təhlükəsiz dünya nizamının qurulmasında iştirakının vacibliyini qeyd edib. Bundan başqa, Azərbaycan və Çin arasındakı əlaqələrin inkişafı, ŞƏT-in rolu və Qlobal Cənubun əhəmiyyətini ətraflı şəkildə əks etdirilib. Prezident İlham Əliyevin fikirləri iki ölkə arasında əməkdaşlığın genişlənməsinin və beynəlxalq məsələlərdə birgə fəaliyyətin vacibliyini vurğulayır: “Qlobal Cənubun bir hissəsi kimi, həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.
Sözügedən müsahibədə, eyni zamanda, iki ölkə arasında humanitar mübadilələrin də inkişaf etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Çin dilinin öyrənilməsi proqramları və turizm sahəsindəki artım, iki xalq arasında mədəni əlaqələrin güclənməsinə xidmət edir. Ötən il Azərbaycana gələn çinli turistlərin sayının iki dəfə artması, bu sahədəki müsbət tendensiyaların göstəricisidir.
Prezident İlham Əliyev, iki ölkə arasında əməkdaşlığın genişlənməsinin, həm iqtisadi, həm də mədəni sahələrdə müsbət nəticələr verəcəyini vurğulayıb. Bu, Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır və strateji tərəfdaşlığın daha da dərinləşməsinə imkan tanıyır.
Prezidentin Çinə dövlət səfəri strateji tərəfdaşlığı daha da dərinləşdirəcək
Beləliklə, bu müsahibədən belə nəticə çıxır ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. Ölkələrimiz qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində əməkdaşlığın sabit inkişafını təmin edir. Həmçinin, Azərbaycan və Çin sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış edir və s.
Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar. Sözsüz ki, bu səfər Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək və iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişlənməsinə, qarşılıqlı maraqların daha da artırılmasına xidmət edəcək.
Səbinə Salmanova
Milli Məclisin deputatı