08 sentyabr 2017 14:29
400

ABŞ-ın xam neft ehtiyatları 4,6 milyon barrel artıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,6 milyon barrel (0,1 faiz) artaraq 462,4 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 4 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 5,4 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları son 9 həftə ard-arda azaldıqdan sonra yenidən artıb.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 0,3 milyon barrel azalaraq 678,6 milyon barrel təşkil edib. ABŞ-ın həftəlik benzin ehtiyatları isə 3,2 milyon barrel (1,4 faiz) 226,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 5 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,3 milyon barrel azalmışdı.

Ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə görə gündəlik orta hesabla 749 min barrel azalaraq 8,78 milyon barrelə geriləyib. Beləliklə, ABŞ xam neft hasilatı 3 həftəlik artımdan sonra ilk dəfə azalıb.

ABŞ-ın xam neft idxalı da əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 822 min barrel azalaraq 7,08 milyon barrelə düşüb. Xam neft ixracı isə gündəlik orta hesabla 749 min barrel azalaraq 153 min barrel olub.