30 aprel 2025 15:28
273

Azərbaycan həqiqətlərinin yayılmasında jurnalistlərin üzərinə böyük yük düşür - Hacıbəy Heydərli

Bu gün ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib. Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev hər zaman medianı cəmiyyətin inkişafında mühüm rol oynayan bir institut kimi dəyərləndirir və bu sahənin müasirləşməsinə, jurnalistlərin peşəkarlığının artırılmasına davamlı şəkildə siyasi və institusional dəstək göstərir: “Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam da ölkəmizdə söz və ifadə azadlığına, medianın inkişafına, jurnalistlərə verilən yüksək dəyərin növbəti təzahürüdür.”

Bu, Azərbaycan jurnalistlərinə verilən ən böyük qiymətdir

Mətbuat Şurası İdarə Heyətinin üzvü vurğuladı ki, Sərəncamın mətninə diqqət yetirəndə sanki 150 illik tarixi dövrə səfər edirik: “Sərəncam Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetindən başlanan milli mətbuat tarixinin dövlət səviyyəsində dəyərləndirilməsini ifadə edir. Bu, jurnalistikanın keçdiyi şərəfli yolun unudulmaması və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Bu Sərəncam, ümumilikdə, həm keçmişə ehtiram, həm bu günün dəyərləndirilməsi, həm də gələcəyə inamlı baxışın ifadəsidir. Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin fəaliyyətini hər zaman yüksək qiymətləndirib, dövlətimiz hər zaman media nümayəndələrinə diqqət göstərib. Prezident dəfələrlə çıxışlarında “jurnalistlər mənim dostumdur” cümləsini işlədib. Düşünürəm ki, bu, Azərbaycan jurnalistlərinə verilən ən böyük qiymətdir.”

Sosial mediada fəallıq, yeni texnologiyalardan istifadə, dezinformasiyalar və feyk nyuslara qarşı mübarizə...

H.Heydərli onu da qeyd etdi ki, bu Sərəncam media sahəsinə olan dövlət diqqətinin və siyasi iradənin göstəricisidir: “Bu, jurnalistlərin fəaliyyətinə mənəvi dəstək verməklə yanaşı, onların stimullaşdırılmasına, gələcəkdə daha da uğurlu layihələr ərsəyə gətirməsinə gətirib çıxaracaq.

Sərəncamında diqqət çəkən məqamlardan biri də jurnalistlərin qarşısında qoyulan məqsədlərlə bağlıdır

Xüsusən, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin yayılmasında jurnalistlərin üzərinə böyük yük düşür. Cənab Prezidentin müvafiq Sərəncamında diqqət çəkən məqamlardan biri də jurnalistlərin qarşısında qoyulan məqsədlərlə bağlıdır. Xüsusən sosial mediada fəallıq, süni intellektin verdiyi imkanlardan, yeni texnologiyalardan istifadə, dezinformasiyalar və feyk nyuslara qarşı mübarizə istiqamətində Azərbaycan jurnalistləri üçün növbəti mərhələdə yol xəritəsi rolunu oynamalıdır. Jurnalistlərimiz də öz fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdırlar. Çünki artıq dünyada qlobal proseslərin fonunda dezinformasiyalar və feyk nyuslar ön plana çıxır. Eyni zamanda, süni intellektin verdiyi imkanlar vasitəsilə bu kimi informasiyaların yayımı asanlaşır. Sərəncamın mətnində qeyd olunan məqamlar ondan ibarətdir ki, Azərbaycan jurnalistləri növbəti mərhələlərdə fəaliyyətlərini bu istiqamətdə qurub cəmiyyətə düzgün məlumatlar çatdırsınlar.  Sərəncamda qeyd edilən Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmaq, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması missiyası jurnalistlər üçün yol xəritəsi olmalıdır.”

Orxan Vahidoğlu, “İki sahil”