07 sentyabr 2017 19:36
724

“Rosneft” ilə “Statoil” Sibirdə neft-qaz axtaracaq

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” Norveçin ən iri neft-qaz şirkəti olan “Statoil” ilə birgə Sibirdə neft-qaz axtaracaq.

AZƏRTAC xəbər verir ki, “Rosneft” “Statoil” şirkəti ilə Qərbi Sibirdəki “Şimali Komsomolskoye” yatağının birgə inkişafı üzrə müqavilə imzalayıb. Yatağın qalan neft və kondensat ehtiyatları 203 milyon ton, qaz ehtiyatları isə 179 milyard kubmetr təşkil edir.

“Sənədin imzalanması ilə “Rosneft” və “Statoil” şirkətlərinin uzunmüddətli əməkdaşlığında mühüm mərhələyə qədəm qoyulub. Pilot layihənin uğurla başa çatdırılması, texnoloji cəhətdən mürəkkəb layihələrin həyata keçirilməsində sənaye sahələri ilə əməkdaşlığın effektivliyini təsdiqləyir”, - deyə “Rosneft”in icraçı direktoru İqor Seçin bildirib.

“Statoil” razılaşmaya əsasən layihədə 33,33 faiz qazanmağı planlaşdırır.

“Rosneft” ilə “Statoil” “Şimali Komsomolskoye” yatağında birgə əməkdaşlığa dair müqaviləni Rusiyanın şərqindəki Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda imzalayıblar.