Ağdaşda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ədəbi-bədii tədbir keçirilib. Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan "Səssiz xatirələr" adlı bədii-poetik kompozisiya rayon sakinlərinə təqdim edilib.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gecənin bədii hissəsində Ulu Öndərin zəngin və mənalı həyat yolunu, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın rifahı və müasir Azərbaycanın qurulmasında göstərdiyi misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş olunub. Filmdə Heydər Əliyevin xalqına bağlılığı, uzaqgörən siyasəti və quruculuq fəaliyyəti geniş işıqlandırılıb.
Daha sonra tədbir musiqili bədii hissə ilə davam etdirilib.