09 may 2025 14:27
165

Səbinə Salmanova: Coğrafi məsafə xalqlar arasında dostluğun və əməkdaşlığın qarşısını ala bilməz

Azərbaycan ilə Vyetnam arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və maraqlara əsaslanır. Hər iki ölkə bu münasibətləri daha da dərinləşdirmək üçün siyasi dialoqu davam etdirmək, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Hesab edirəm ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, ölkələr arasında yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə uğurla inkişaf etməkdədir:

“Xüsusilə 2014 və 2015-ci illərdə baş tutan qarşılıqlı yüksək səviyyəli dövlət səfərləri əməkdaşlığın yeni mərhələyə keçidinə təkan verib, iqtisadi-ticari münasibətlərin genişlənməsi məqsədilə Hökumətlərarası Komissiya yaradılıb. Azərbaycan və Vyetnam neft, energetika, tikinti, informasiya-kommunikasiya, nəqliyyat, turizm, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıq edir. Azərbaycan Vyetnam ilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə strateji baxımdan xüsusi əhəmiyyət verir. Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycan ilə Vyetnam arasında xarici ticarət dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib ki, bu da ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi və qarşılıqlı ticarət potensialının reallaşdırılması baxımından mühüm göstəricidir. 2025-ci ilin mart ayına olan məlumatlara əsasən isə Vyetnam ilə xarici ticarət dövriyyəsi 35,5 milyon ABŞ dolları olub, bu rəqəm ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib. Bu göstəricilər ticarət münasibətlərində müəyyən stabilliyi və artım tendensiyasını nümayiş etdirir. Bununla yanaşı, son beş il ərzində Azərbaycan ilə Vyetnam arasında xarici ticarət dövriyyəsinin 20,5 faiz artması əməkdaşlığın davamlı xarakter daşıdığını və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşdırdığını göstərir”.

Deputat bildirib ki, Azərbaycanla Vyetnam arasında mədəni əlaqələr də müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr ölkələrarası əməkdaşlığın genişlənməsinə stimul yaradır. 2018-ci ildə Fond tərəfindən Ha Giang əyalətində inşa edilən ibtidai məktəb iki ölkənin münasibətlərində humanitar əməkdaşlıq nümunəsi olmaqla yanaşı, Azərbaycanın Vyetnam cəmiyyətində nüfuzunun artmasına töhfə verib. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ilin aprelində Vyetnama səfəri çərçivəsində həyata keçirilən layihələrə verdiyi dəstək və bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə dair ifadə etdiyi niyyət isə tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm bir addım kimi dəyərləndirilir. Vyetnamın təbii gözəllikləri və zəngin mədəni irsi böyük turistik potensiala malikdir. Bu dövlətin turizm sahəsində təcrübəsi Azərbaycan üçün yeni imkanlar yarada bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək”.

S.Salmanova onu da qeyd edib ki, Azərbaycan və Vyetnam, eyni zamanda, bir çox beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiya ilə Avropa arasında körpü rolu oynayan regional qurumlarda fəal əməkdaşlıq edirlər:  “Azərbaycanın 2019–2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrlik dövründə Vyetnam bu təşəbbüsləri yüksək qiymətləndirib və Azərbaycanın beynəlxalq təşəbbüslərinə dəstək göstərib. Hər iki ölkə beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu münasibətlər bir daha göstərir ki, coğrafi məsafə xalqlar arasında dostluğun və əməkdaşlığın qarşısını ala bilməz”.

Parlamentari ümumilikdə hesab edir ki, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir:  “Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi dövlətlər arasında qarşılıqlı etimad və anlaşmanı daha da möhkəmləndirib. Bu dinamikanın davamı olaraq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci il mayın 6-da ölkəmizə səfəri münasibətlərdə yeni mərhələ kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin də bildirdiyi kimi, cənab Lamın ölkəmizə səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq”.