BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edib ki, Qərbi və Mərkəzi Afrikada münaqişə, köçkünlük, iqtisadi çətinliklər və təkrarlanan ekstremal hava şəraitinin regionu böyük böhrana doğru sürükləməsi fonunda milyonlarla insan rekord səviyyədə aclıq riski ilə üzləşib.
“İki sahil” BMT-nin məlumatına istinadla xəbər verir ki, aparılan son təhlillərə görə, 36 milyondan çox insan əsas qida ehtiyaclarını ödəmək üçün mübarizə aparır, iyun-avqust aylarında gözlənilən quraqlıq mövsümündə isə bu rəqəmin 52 milyondan çox olacağı proqnozlaşdırılır. Buraya fövqəladə vəziyyətlə üzləşən təxminən üç milyon insan və Malidə fəlakətli aclıq riski altında olan 2,600 nəfər də daxildir.
Qida ehtiyacı tarixin ən yüksək həddinə olsa da, resurslar məhduddur və milyonlarla insanın həyatı təhlükə altındadır. Proqramın Qərbi və Mərkəzi Afrika üzrə regional direktoru Marqot van der Velden bildirib: “Təcili maliyyələşdirmə olmadan, WFP həm ərzaq yardımı göstərdiyi insanların sayını, həm də paylanan qida rasionunun ölçüsünü kiçilməyə məcbur olacaq. Bu, çox çətin və qorxulu vəziyyətdir”.
WFP-nin baş tədqiqat məsləhətçisi Ollo Sibin sözlərinə görə, 2019-cu ildə əhalinin yalnız dörd faizi bugünkü 30 faizlə müqayisədə qida təhlükəsizliyindən məhrum olub. "Ümid edirik ki, səsimiz eşidiləcək, çünki Afrikanın Sahil bölgəsindəki qida təhlükəsizliyi vəziyyəti son dərəcə çətin və dəhşətli olaraq qalır", -deyə o vurğulayıb. Məsləhətçi bu yaxınlarda görünməmiş quraqlıqla mübarizə aparan Qananın şimalındakı icmalar kimi təsirə məruz qalan bəzi ərazilərə səfər edib. Sib bildirib: “Onlar iki-üç dəfə təkrar əkin aparmağa məcbur olublar və hər bir uğursuz səpin onlar üçün əlavə maliyyə yüküdür, çünki həmin yerlərdə gübrə və toxumların qiyməti həddən artıq baha idi”.
Qiymətləndirmə qrupu, həmçinin bölgədə insanların fəlakətli qida təhlükəsizliyi şərtləri ilə üzləşdiyi yeganə yer olan Malinin şimalına səfər edib. Əhali ilə ünsiyyət zamanı məlum olub ki, buradakı insanlar narahatdır, çünki ərzağın qiyməti 5 illik orta göstərici ilə müqayisədə 50 faiz bahalaşıb. Eyni zamanda, kəndlilər mallarını satmaq üçün bazarlara çıxa bilmirlər.
WFP bildirib ki, Qərbi və Mərkəzi Afrikada aclığın dərinləşməsinə səbəb olan amillər arasında amansız münaqişələr də var. Döyüşlər Çad, Kamerun, Mavritaniya və Nigerdə iki milyondan çox qaçqın və sığınacaq axtaran şəxs də daxil olmaqla 10 milyondan çox ən həssas təbəqəyə məxsus insanı didərgin salıb. Əsasən Nigeriya və Kamerunda səkkiz milyona yaxın əlavə məcburi köçkün olub.
Bu arada, ərzaq və yanacaq qiymətlərinin artması ilə kəskinləşən ərzaq inflyasiyası aclıq səviyyəsini yeni zirvələrə çatdırır. Eyni zamanda, təkrarlanan ekstremal hava ailələrin özlərini qidalandırmaq qabiliyyətini pozur.
Məlumatda qeyd olunub: “WFP Qərbi Afrikada və Sahildə həyati əhəmiyyətli yardıma cavab verməyə və genişləndirməyə hazırdır. Amma BMT-nin agentliyi oktyabrın sonunadək həyat-xilasetmə əməliyyatlarını dəstəkləmək üçün 710 milyon dollar vəsait axtarır. Məqsəd bu il kritik yardımla demək olar ki, 12 milyon insanın köməyinə çatmaqdır. İndiyə qədər komandalar qaçqınlar, məcburi köçkünlər, qida çatışmazlığından əziyyət çəkən beş yaşından kiçik uşaqlar, hamilə və ya süd verən qadınlar və qızlar da daxil olmaqla üç milyon ən həssas qrupa yardım edib”.
2018-ci ildən BMT-nin agentliyi 3400-dən çox kənddə dörd milyondan çox insanı dəstəkləmək üçün 300.000 hektardan çox ərazini reabilitasiya edən proqram vasitəsilə aclığın əsas səbəblərini həll etmək məqsədilə regional hökumətlərlə iş aparır.