Dünya şöhrətli şəxsiyyət, tanınmış ictimai siyasi xadim, Ümummilli Lider, Azərbaycan dövlətinin və xalqının xilaskarı Heydər Əliyevin xatirəsi xalqımız üçün, sülhsevər bəşəriyyət üçün çox əzizdir. Heydər Əliyev Azərbaycan xalqının tarixinə həm sədaqətli vətəndaş, həm ictimai-siyasi xadim, həm də bu xalqın və dövlətin xilaskar kimi daxil olmuşdur. Onun hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, elmi, təhsili sürətlə inkişaf etmiş, geridə qalan bir respublika, az bir zamanda ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxmışdır. İstər sovet dövründə, istərsə də ikinci dəfə hakimiyyətə gəldiyi illərdə Heydər Əliyev Azərbaycanı dünyada tanıtdırmışdır. Azərbaycan xalqına böyük şöhrət, şan-şərəf bəxş etmişdir. Sözsüz ki, bu xidmətlər xalqımız tərəfindən daim xatırlanır və əsrlər boyu da xatırlanacaqdır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.
Deputat bildirdi ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəldiyi illəri göz önünə gətirsək, geridə qalan mənəvi cəhətdən böhran içərisində olan, iqtisadiyyatı tamamilə çökən bir respublika görərik. Ancaq az bir zamanda respublika aqrar regiondan sənaye regionuna çevrildi. O dövrdə respublikada 213 iri sənaye müəssisəsi tikilib, 800-dən çox məktəb istifadəyə verilib. Sənaye məhsulları istehsalı 2,7 dəfə artıb ki, bu da əvvəlki 50 ildəkindən artıqdır. O dövrdə 18,5 m² mənzil sahəsi istifadəyə verilib ki, bu da 2 milyon insanın mənzillə təmin olunmasıdır. Azərbaycanda çox iri sənaye müəssisələri istifadəyə verilib ki, bu sənaye müəssisələri bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, əsasını təşkil edir və o bünövrə üzərində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Dərin Özüllər Zavodu kimi çox vacib və əhəmiyyətli bir müəssisə istifadəyə verilib. Naxçıvanski adına hərbi məktəb yaradılıb və həmin məktəbin məzunları 44 günlük İkinci Qarabağ müharibəsində erməni faşizmi üzərində qələbədə çox böyük rol oynadılar.
Tahir Rzayev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi dövrdə Azərbaycanı parçalanmaqdan, qarşıdurmalardan,vətəndaş müharibəsindən xilas etdi. O, islahatçı bir rəhbər idi, çünki istər sovetlər dövründə, istərsə də sonrakı dövrlərdə Heydər Əliyevin həyata keçirdiyi islahatlar qərarların, qanunların qəbul olunmasına, torpaq islahatına gedilməsi göstərdi ki, nəinki yaşadığı dövrün problemlərini dərindən bilir, eləcə də onun baxışları yüzillikləri qarşılayır. O, əsrlərlə irəlini görən bir rəhbər idi. Ona görə də bu layihələri, proqramları həyata keçirirdi. Bu gün xalqımız çox böyük qürurla, böyük iftixarla öz rəhbərini yad edir, onun adını ucaldır və bu ad daimi bizim qəlbimizdə yaşayacaq. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev yaşayacaq, əziz xatirəsi yad ediləcək!
Səbinə Qorxmaz, "İki sahil"