11 may 2025 18:40
162

Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual müsabiqə keçirilib

Mayın 11-də Ankaranın Oran rayonunda yerləşən Şuşa Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual müsabiqə keçirilib.

“İki sahil” xəbər verir ki, səkkiz tələbə komandasının iştirak etdiyi müsabiqənin təşkilatçıları Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və “Buta” Gənclər Cəmiyyəti olub. Təşəbbüs Türkiyə Diaspora və Xaricdəki Həmvətənlər İdarəsi (YTB) və qardaş ölkənin Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib.

Müsabiqəni giriş sözü ilə açan TADİV-in rəhbəri professor Aygün Attar budəfəki tədbirin dahi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bir həftəlik proqrama yekun vurduğunu qeyd edərək komandalara uğurlar arzulayıb. O, Heydər Əliyevin bütün Türk dünyasının inkişafında xidmətləri olan qlobal əhəmiyyətli tarixi şəxsiyyət olduğunu vurğulayıb.

“Azərbaycan dövlətçiliyinin memarı doğma ölkəsinin hüdudlarından kənarda da layiqli hörmətə malikdir”, - deyən professor A.Attar gəncləri dahi dövlət xadiminin vəsiyyətlərinə əməl etməyə çağırıb.

“Buta” cəmiyyətinin rəhbəri Tural Qafarlı öz növbəsində məlumat verib ki, müsabiqədə Azərbaycan tələbə birliklərinin komandaları ilə yanaşı, Qazaxıstandan olan tələbələr, eləcə də müxtəlif türk dövlətlərinin universitetlərinin tələbələrindən ibarət “Turan” komandası iştirak edir.

Onun sözlərinə görə, müsabiqənin qaliblərinə Türkiyənin Gənclər və İdman Nazirliyinin xatirə medalları, həmçinin həvəsləndirici mükafatlar və kitablar təqdim olunacaq.

“Bizim məqsədimiz müxtəlif ölkələrdən olan gəncləri dahi Heydər Əliyevin irsi haqqında hərtərəfli məlumatlandırmaqdır”, - deyə Qafarlı bildirib.