13 may 2025 01:57
99

Müasir dövrün təhdidləri: Hədəf – həqiqətdir!

Ənənəvi münaqişə anlayışı artıq tarixə dönür. Müasir dövrün təhdidləri arasında informasiya təhlükəsizliyi, xüsusilə də orduda, hərbi xidmətdə informasiya təhlükəsizliyi önəmli yer tutur.

Ordunun uğurlu fəaliyyəti yalnız texniki təchizatdan və canlı qüvvənin hazırlıq səviyyəsindən deyil, həm də məxfi-xidməti məlumatların qorunmasından, informasiya sızmasının qarşısının alınmasından, düşmənin dezinformasiya və psixoloji təsirinə qarşı dayanıqlılıqdan asılıdır. Rəqəmsal texnologiyalar dövründə informasiya ildırım sürəti ilə yayılır və hər bir yalan, hər bir təxribat panikaya, narazılığa və ya şübhəyə səbəb ola, qəlblərə inamsızlıq toxumu səpə bilər. Düşmən sosial şəbəkələrdən, mesajlaşma platformalarından və hətta nüfuzlu mənbələrdən istifadə edərək yalan narrativlər yayır, reallığı təhrif edir və ictimai şüuru sarsıtmağa çalışır. Belə şəraitdə informasiya məkanının müdafiəsi ölkənin ərazi bütövlüyünün qorunması qədər vacibdir. Ordu dövlət təhlükəsizliyi institutudur və yalnız cəbhədə deyil, media məkanında da dəstəyə ehtiyacı var. Bu mübarizədə informasiya bölmələri, hərbi analitiklər, jurnalistlər, bloqçular önə çıxır — yalanla peşəkar, əsaslı və operativ şəkildə mübarizə aparmağı bacaran hər kəs. Bu gün cəmiyyətimizin Azərbaycan Ordusunun fəaliyyəti ilə bağlı məlumatlandırılması prosesinə media ilə münasibətlər müstəvisində baxsaq səmimiyyətlə deyə bilərik ki, Müdafiə Nazirliyi media vasitəsilə Azərbaycan xalqını bir növü ordumuz üzərində ictimai nəzarətçiyə çevirmişdir - xalq daima ictimailəşdirilən məlumatları diqqətlə izləyir, ordumuzun fəaliyyətinə qiymət və dəyər verir, dəstək olur. Müdafiə Nazirliyinin rəhbərliyi haqlı olaraq hesab edir ki, media üzərindən xalq-dövlət-ordu dialoqunun inkişafı cəmiyyətin sosial tələbatı və müasir dövrün tələbidir.

İctimai rəydə ordu ilə bağlı dezinformasiya vakuumunun yaranmaması, hərbi informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə xalq arasında media üzərindən dialoqun peşəkar prinsiplər əsasında icrası, informasiyanın əlçatan olması, davamlı təmin edilməsi böyük əhəmiyyət kəsb edir və düzgün qurulduqda çox böyük müsbət töhfələr vermək­dədir.

Ordu quruculuğu məsələsi də ictimai proses­lər­də böyük əhəmiyyət kəsb etdiyindən daima media müstəvisində diqqət mərkə­zində saxlanılır, izlənilir, təhlil edilir, bu da təbii prosesdir.

Bu günlərdə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən və dövlət-media dialoqunu formalaşdırılmasını hədəfləyən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum media və kom­muni­ka­siya fəaliyyətinin müasir formada təşkil edilməsinin müxtəlif sahələri barədə geniş fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi.

Ordu quruculuğunun ictimai proses olaraq daima media müstəvisində xüsusi diqqətdə saxlanılması və Müdafiə Nazirliyinin idarə rəisi Anar Eyvazovun da forumda iştirak etməsi hərbi mövzuda məlumatların öz əhəmiyyətini itirmədiyinin bariz göstəricisidir.

 

Bütün bunları nəzərə alaraq biz də məqalədə ordu və xalq dialoqunun medianın gündəmində olması ilə bağlı bəzi məqamlarla bağlı mülahizələri oxucuların diqqətinə çatdırmaq istərdik.

Heç kimə sirr deyil ki, ordu da xalqın, cəmiyyətimizin tərkib hissəsidir və təbii olaraq ölkədə, eləcə də dünyada baş verən bütün yeniliklər ordunun fəaliyyətinə də öz təsirini göstərir. Qlobal internet şəbəkəsi, rəqəmsal-onlayn media, internet televiziyalar, elektron media resursları, sosial şəbəkələr və media paylaşım sistemləri, neyroşəbəkə, süni intellekt, koqnitiv müharibələr kimi həyatımıza daxil olan innovasiyalar hərbi qurumların da fəaliyyətinə sirayət və müdaxilə etmək imkanına malik real amillərdir.

Müasir dövrün çağırışları və təhdidləri təbii olaraq istər ölkəmiz miqyasında, istərsə də yerli idarəetmə orqanlarında, o cümlədən Müdafiə Nazirliyində düzgün, effektiv kommunikasiya siyasətinin aparılmasını, çevikliyin, əlçatanlığın təmin olunmasını  və proseslərə operativ reaksiya verilməsini tələb edir. Yəni bu gün bizlər bu yeniliklərin gətirdiyi qayğılarla ayaqlaşmalı və fəaliyyətlərimizi bu yeniliklərin də qarşıya çıxardığı tapşırıq, vəzifə, həmçinin təhdidlərə uyğun qurmalıyıq. Bu gün biz istəsək də, istəməsək də ölkəmizdə və dünya mətbuatında Azərbaycan Ordusu ilə bağlı xəbərlər media üçün ən aktual mövzudur.

Texnikanın ilbəil inkişaf etməsi, informasiyanın və xəbərlərin bu qədər əlçatan olması, eləcə də məlumatların ötürülməsi, paylaşılması imkanlarının bu qədər geniş olması qurumlarda informasiya istehsalında və məlumatların ictimai­ləş­dirilməsi zamanı qurumlar arası kommunikasiya prosesində də çevikliyin və operativliyin təmin olunmasını tələb edir. Eyni zamanda bu operativlik informasiya təhlükəsizliyinin pozulmasına, hərbi və dövlət sirlərinin yayılmasına səbəb olmamalı, normativlər aşılmamalı, neqativ hallara şərait yaranmamalıdır. Bu işlər həyata keçirilirkən əsas diqqət qanunlara riayət edilməsinə, dövləti maraqların qorunmasına, hərbi və xidməti məlumatların sızdırılmasının qarşısının alınmasına yönəlməlidir. Bu sahədə də son bir neçə il ərzində Müdafiə Nazirliyində böyük işlər həyata keçirilmişdir.

Ölkə mediası ilə nazirlik arasında münasibətlərdə diqqət mərkəzində saxla­nı­lan, müzakirə, diskussiya mövzusu olan və ordumuzla bağlı görülən bəzi işlərə diqqət yönəltmək istəyirik. Yuxarıda qeyd etdiyimiz kimi, bu gün spesifik qurum olaraq Nazirliyi düşündürən ən əsas məsələ bu yeniliklərlə ayaqlaşmaqla yanaşı, hərbi və dövlət sirlərini qorumaq və informasiya təhlükəsizliyini təmin etməkdir. Mülkü şəxslər, eləcə də hərbi qulluqçular tərəfindən, sosial şəbəkələrdən, ünsiyyət tətbiqlərindən və digər internet media platformalarından istifadə edilməsi zamanı informasiya təhlükəsizliyinə riayət olunması ilə bağlı Müdafiə Nazirliyinin müvafiq strukturları tərəfindən internet resurslarında mütəmadi olaraq monitorinqlər və təhlillər aparılır.

Nəticədə məlum olur ki, hərbi qulluqçular, eləcə də mülki şəxslər tərəfindən ordumuzla bağlı yenə də müxtəlif foto və video paylaşımların edilməsi bu gün də baş verir. Xidmət, vəzifə, ailə, yaxın əlaqələrinə və hərbi sahəyə aid digər məlumatların müxtəlif sosial şəbəkələrdə paylaşılması və bununla da informasiya təhlükəsizliyinin pozulması, bəzən isə dövlət sirri təşkil edən məlumatların yayılması hallarına yol verilmə faktları son vaxtlar azalsa da, bu gün də mövcuddur.

Təbii olaraq sual ortaya çıxır ki, niyə görə hərbçilərlə yanaşı mülki şəxsləri də qeyd edirik? Çünki bəzi hallarda hərbi qulluqçunun ailə üzvlərinə, yaxınlarına, dostlarına göndərdiyi foto-video çəkilişlər törədə biləcəyi fəsadlar nəzərə alınmadan sosial şəbəkələr üzərindən paylaşılır. Bu zaman  hərbi və xidməti sirlərin yayılması ilə yanaşı, düşmən xüsusi xidmət orqanları tərəfindən hərbi qulluqçu haqqında geniş məlumatların əldə edilməsi, hərbçinin ordu mənsubluğunun müəyyən edilməsi və gizli əməkdaşlığa cəlb edilməsi uçun də münbit şərait yarana bilər. Belə paylaşımlar edərkən digər hər hansı bir məqsəd üçün də şantaj imkanı ehtimalını da nəzərə almalıyıq. Eyni zamanda həmin hərbi qulluqçuların internet şəbəkəsi vasitəsilə ünsiyyətdə olduğu insanlarla əlaqələrindən asılı olaraq, qeyd olunan məlumatlardan istifadə etməklə onlara qarşı digər nüfuzdansalıcı təzyiqlərin ediləcəyi halları da qaçılmazdır.

Media nümayəndələri tərəfindən də bəzən hərbi qulluqçu olan qohumu, yaxını, dostundan eşitdiyi hər hansı bir məlumatın, Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsi ilə bağlı da yetərincə faktlar mövcuddur. Hərbi mövzuda məlumatların rəsmi qaydada deyil, sosial media platformaları üzərindən yayılması faktları son nəticə olaraq ümumilikdə ordumuzun işgüzar imicinə böyük ziyan vurmuş olacağını daima nəzərə almalıyıq.

Müasir dövrümüzün üzləşdiyi daha bir narahatedici, problem doğuran məqam isə Ordumuzla, hərbi qulluqçularla bağlı təsdiqlənməmiş, dəqiq­ləş­diril­məmiş məlumatların paylaşılması-tirajlanmasıdır. Təəssüf doğuran odur ki, bunu təkcə ayrı-ayrı sosial şəbəkə istifadəçiləri deyil, hətta internet media portalları, saytlar da edir. Bəzi hallarda dövlətimizin, ordumuzun maraqları, informasiya təhlükəsizliyi, dövlət sirlərinin qorunması, əsgər ailələrinin narahatçılıqları nəzərə alınmır, əldə edilən dırnaq arası dəqiq məlumat sadəcə ucuz sensasiya naminə tirajlanır.

Hesab edirik ki, dezinformasiyalara, feyk məlumatlara, böhtan xarakterli xəbərlərlə mübarizədə də ən effektli vasitə ordu-media münasibətlərinin daima gücləndirilməsi, əlaqələrin sıxlaşması, birgə layihələrin mövzularının genişlənməsi, hərbi mövzuda məlumatların operativliyinin təmin edilməsi, istənilən feyk məlumata operativ reaksiyaların verilməsi də bu sahədə uğurlar qazanmağımıza töhfələr verəcəkdir. Müsbət amildir ki, qarşılıqlı fəaliyyət sayəsində bu istiqamətdə də artıq xeyli uğurlara nail olunmuşdur.

Nazirlik tərəfindən yuxarıda haqqında bəhs etdiyimiz məsələlərlə bağlı işlər planlı şəkildə həyata keçirilir. Təşkil edilən görüşlərdə Müdafiə Nazirliyi tərəfindən ümumi müddəaları əks etdirən təlimat məzmunlu məqamlar mütəmadi olaraq media subyektlərinə təqdim edilir. Hesab edirik ki, mətbuatın da dəstəyi ilə media müstəvisində də bu istiqamətdə maarif­ləndirici tədbirləri daha da genişləndirmək məqsədəuyğundur.

Ordumuza, eləcə də ölkəmizə qarşı aktiv kəşfiyyat-pozuculuq fəaliyyətinin rahat, manesiz, əlverişli şəraitdə aparılmasına bilməyərək və ya qəsdən, həmçinin ehtiyatsızlıq səbəbindən şərait yaradılmaması, gələcəkdə bu kimi hallara yol verilməməsi məqsədilə qanuna müvafiq addımlar atılır, qərarlar, əmr, sərəncamlar hazırlanır və şəxsi heyətə çatdırılır, mütəmadi olaraq maarifləndirici söhbətlər keçirilir. İnformasiya təhlükəsizliyi ilə bağlı mütəmadi olaraq hərbi hissələrdə geniş izahat və öyrədilmə işləri təşkil edilir, "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri hərbi qulluqçulara izah olunur.

Yuxarıda da qeyd etdiyimiz kimi, müasir dövr, yeni texnologiyalar, elektron informasiya resursları, sosial şəbəkələr, neyroşəbəkə, süni intellekt yeni-yeni imkanlar yaratmaqla yanaşı, yeni təhdidlər-tapşırıqlar da meydana çıxarır, yeni iş metodlarını diktə edir. Müasir dövrdə və haqqında danışdığımız yeni imkanlar və yeni tapşırıqlar şəraitində ən əhəmiyyətli vəzifələrdən biri ölkəmizdə müdafiə sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətə dəqiq, dolğun, operativ məlumatların çatdırılması, hərbi xidmətinin təbliğ və təşviqini mətbuat üzərindən gücləndirmək və bu zaman informasiya təhlükəsizliyinin pozulması hallarına yol verilməməsi, dövlət sirri təşkil edən məlumatların yayılmasının qarşısının alınmasıdır.

Dövlətimizin və ordumuzun mənafeyinə xidmət edəcək düzgün ictimai informasiya fonunun yaradılması üçün dövlət və cəmiyyət üçün aktual mövzuların işıqlandırılması zamanı yeni yanaşmaların tətbiq edilməsi, köhnə təbliğat üsullarından istifadə edilməməsi və məlumatların cəmiyyət üçün cəlbedici formada çatdırılması da artıq zamanın tələbidir. Müdafiə Nazirliyi ordu quruculuğunun təbliği, hərbi xidmətin təşviqi prosesində də daima yeni forma və metodların axtarışındadır, müasir üsulların tətbiqinə üstünlük verilməsi də təqdirəlayiqdir.

İnanırıq ki, media subyektləri, hərbi ekspertlər və bloqerlərlə işin aparılması, sosial medianın ictimaiyyətlə əlaqələrə təsiri, hərbi və dövlət sirlərinin yayılmasına, qərəzli yanaşmalara birgə mübarizənin aparılması, həmçinin mövcud boşluqların doldurulması və qarşıya çıxan problemlərin birgə fəaliyyət sayəsində aradan qaldırılması, ordu-media əlaqələrinin inkişafı sayəsində bütün sahələrdə olduğu kimi, bu sahədə də böyük uğurlar qazanacaq, yüksək nailiyyətlərə imza atacağıq.

Sonda bir daha qeyd etmək istərdik ki, ictimai proses olaraq ordu quruculuğu mövzusunun media müstəvisində xüsusi yerin olması həm qürurvericidir, həm də milli mediamızda vətənpərvərlik hisslərinin aşılaması, ordu mövzusuna həssas, vətəndaş mövqeyindən yanaşması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mətbuatın rolunun əhəmiyyətini göstərir.

İsa İsmayılov

ehtiyatda olan polkovnik-leytenant,

hərbi jurnalist

Nadiyə Qafarova

 tərcüməçi, publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü