06 sentyabr 2017 14:31
1107

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda mülki müdafiə təlim-məşqi keçirildi

Sentyabrın 5-də SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə (MM) qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Fövqəladə Hallar və Köçürmə komissiyaları, Mülki Müdafiə Qərargahı və mülki müdafiə üzvlərinin iştirakı ilə təlim-məşq keçirildi.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun müvafiq əmri ilə keçirilən təlim-məşqdə bildirildi ki, məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin müəssisənin rəhbər heyəti, Fövqəladə Hallar Komissiyası, Mülki Müdafiə Qərargahı və hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyəti tərəfindən mənimsənilməsi və yerinə yetirilməsi səviyyəsinin müəyyən edilməsi, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə mülki müdafiə qüvvələrinin hazırlığını yoxlamaq, müəssisənin idarəetmə orqanları rəhbərlərinin əldə olunmuş əməli vərdişlərini və hazırlığını təkmilləşdirməkdir.

İnstitutun direktor müavini, Mülki Müdafiə Qərargahının rəisi Mübariz Quliyev rəhbər heyətə fövqəladə hallar zamanı toplanış yeri, davranış və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə məlumat verdi.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun Məxfi-rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Ofelya Hüseynova Mülki Müdafiə Qərargahında yaradılan komandaların hazırlıq səviyyəsindən, bunun üçün lazım olan sənədlər və təlimatların hazırlanmasından söhbət açdı. Qeyd olundu ki, komandaların rəhbərləri ilə vaxtaşırı fövqəladə hallar zamanı davranış qaydaları barədə söhbətlər aparılır, onlara yeni məlumatlar verilir.

Mülki Müdafiə Qərargahının “Yanğından mühafizə dəstəsi”nin 2-ci manqasının komandiri Fəxrəddin Məmmədov, “Fərdi mühafizə dəstəsi”nin komandiri Hüseyn Aşırov, “Qəza xilasetmə komandası”nın komandiri Ramil Dadaşov çıxış edərək bildirdilər ki, komandaların həm məlumat xarakterli, həm də zəruri olan avadanlıqlarla davranış qaydaları haqqında məlumatlandırılması fasiləsiz olaraq həyata keçirilir. Bildirildi ki, hər bir komandanın üzvü fövqəladə hallar zamanı görəcəyi işlər barədə dolğun informasiyaya malikdir.

Tədbirin sonunda komanda rəhbərləri onlara ünvanlanan müxtəlif sualları cavablandırdılar.

Taleh Turqut, Cavid Əkbərov,
Vüsal Cahanov (Foto), 
“İki sahil”