Ötən il tibb müəssisələrimizdə 36 mindən çox ürək-damar əməliyyatları icra olunun. Bu rəqəm, sözün əsl mənasında, həyatların xilas edilməsi deməkdir.
“İki sahil” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta İdarə Heyəti sədrinin müavini Nigar Bayramova "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresdə deyib.
O bildirib ki, bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir. On minlərlə vətəndaş bu xidmətdən istifadə edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi nəticəsində aorto-koronar şuntlama, ürək qapaqlarının dəyişdirilməsi və müalicəsi, anadangəlmə ürək-damar qüsurlarının müalicəsi kimi yüksək dəyərə malik cərrahi tibbi xidmətlər vətəndaşlar üçün əhəmiyyətli dərəcədə əlçatan olub. Vətəndaşlarımız maliyyə çətinliyi yaşamadan müayinə və müalicə olunaraq sağlamlıqlarına qovuşurlar. Bu, təkcə sistemin uğuru deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Bu nailiyyətlərin arxasında ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, infrastrukturun təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi üzrə görülən işlər dayanır. Bütün bu nailiyyətlər ölkə rəhbərliyinin səhiyyə sisteminə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin artırılması, qəbul edilmiş dövlət proqramlarının icrası, icbari tibbi sığortanın bütün ölkədə tətbiqi bu siyasətin real nəticəsidir.