06 sentyabr 2017 14:18
419

Dərinsulu yataqlarda kəşfiyyata başlanılacaq

Kuba cari ilin sonundan ofşor karbohidrogen kəşfiyyatına yenidən başlayacaq. Məlumatı ölkənin “Cupet” dövlət enerji şirkəti yayıb. Şirkət sözügedən ofşor bloklarda Çinin “BGP Marine” şirkətinin geofizikləri tərəfindən aparılan  ikiölçülü seysmik tədqiqatların tamamlandığını açıqlayıb.

Tədqiqatların nəticələri tezliklə bloklara maraq göstərən şirkətlərə təqdim ediləcək. “İlk dəfə apardığımız tədqiqatlar uğursuzluqla nəticələnsə də, sularımızda kifayət qədər böyük ehtiyatların olduğuna inanırıq”, - deyə “Cupet” rəsmilərindən biri bildirib.

Xatırladaq ki, hələ beş il əvvəl dünyanın bir neçə iri şirkətləri tərəfindən birgə dərinsulu qazma kampaniyası həyata keçirilsə də, sənaye əhəmiyyətli ehtiyatlar əldə edilməmişdi.

“İki sahil”in “worldoils.com” saytına istinadən yaydığı xəbərə görə, ABŞ-ın Geoloji Tədqiqatlar Bürosu Meksika körfəzinin Kubaya məxsus hissəsindəki ehtiyatları 9 milyard barrel neft ekvivalenti həcmində qiymətləndirir. Kuba isə bu göstəricinin 20 milyard barrel civarında olduğunu güman edir.