Kamerun yeni qurulmuş ofşor zavodunda istehsal edilən mayeləşdirilmiş təbii qazın ixracına başlamağı planlaşdırır. Analitiklər bununla Afrikada daha əvvəllər iqtisadi cəhətdən əlverişli sayılmayan rezervlərin istifadəsinə başlanılacağını və hasilat xərclərinin aşağı düşəcəyini güman edirlər.
Mərkəzi Afrikada yerləşən Qvineya körfəzində də son vaxtlar yeni neft və qaz kəşfiyyatı əməliyyatları planlaşdırılır. Xüsusilə “Tullow Oil” şirkətinin Qanada böyük “Jubilee” qaz yatağını kəşf etməsindən sonra körfəzdə kəşfiyyat sahəsində bir canlanma müşahidə edilir.
Qərbi və Mərkəzi Afrikada kəşfiyyat işləri sürətləndikcə yeni texnologiyaya da maraq artır. Bəzi çətin istismar edilə bilən yataqlarda qaz kəşfiyyatı güclü texnologiya tələb edir.
“Golar LNG”yə məxsus xüsusi gəmi vasitəsilə növbəti həftələrdə Kamerunun Atlantik okeanı sahillərində sınaq işləri aparılacaq. Yaxınlıqdakı ofşor yataqlarda hasil edilən təbii qaz birbaşa ixrac edilməsi üçün elə yerindəcə mayeləşdiriləcək. Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti orada qazı Asiya, Avropa və Cənubi Amerikadan olan müştərilərə satmaq hüququna malikdir.
“Ofşor mayeləşdirmə qurğuları ərazidə işləyən şirkətləri infrastruktur qurulması ilə bağlı bəzi çətinliklərdən azad edir. Bu baxımdan ofşor hasilat daha asan hesab edilə bilər”,-deyə “Wood Mackenzie”nin Afrika üzrə analitiki Jan-Baptist Bouzard bildirib.
Nigeriya, Ekvatorial Qvineya və Anqolada Sahara səhrası ətrafında ixrac həcmi son illər ildə 20 milyon tonu ötüb. Bu ölkələrdən mayeləşdirilmiş təbii qaz əsasən Avropa və Asiyaya göndərilir. Lakin qeyd etmək lazımdır ki, orada quruda aparılan əməliyyatlar ofşor əməliyyatlardan fərqli olaraq, iri soyutma qurğuları, saxlama çənləri və eyni zamanda hektarlarla ərazi tələb edir. Bu isə hasilatçılar üçün əlavə böyük xərcdir.
Xatırladaq ki, regionun yerli enerji bazarında ucuz dizelə və benzinə tələbat üstünlük təşkil edir.
Hazırda Kamerun, Ekvatorial Qvineya və Konqo Respublikasında dörd ofşor zavodu tikilməkdədir. Ümumilikdə onların tikintisinə 6 milyard dollar civarında vəsait ayrılıb.
Seneqalda isə BP dərin sularda müəyyən texnologiyalar vasitəsilə yeni kəşf edilmiş qaz yatağını istismar etmək və qaz ixracına başlamaq niyyətindədir.
Planlaşdırılan ofşor layihələrin dördü üzrə ümumilikdə illik 7 milyon ton mayeləşdirilmiş təbii qaz hasil ediləcək.
Nubar Süleymanova, “İki sahil”